"Ermənistan ordusu ən müasir texnika ilə silahlanmanı davam etdirəcək" – müdafiə naziri
Ermənistan müdafiə nazirinin çıxışı
“Ermənistan ordusu ən müasir texnika ilə silahlanmanı davam etdirəcək”, – deyə müdafiə naziri Suren Papikyan bildirib. O, silah alışı ilə bağlı detalları açıqlamayıb. Nazir yalnız tədarükün əvvəlcədən hazırlanmış beşillik plan və Baş Qərargahın təklifləri əsasında həyata keçirildiyini qeyd edib.
“Eyni zamanda, ən müasir texnika, o cümlədən NATO standartlarına uyğun müasir silahlar əldə etməyimiz mövcud silahlardan imtina etdiyimiz anlamına gəlmir. Arsenalda qalan silahlar da dəyər daşıyır, buna görə onların modernləşdirilməsi də vacibdir”, – deyə Papikyan bildirib.
2025-ci ilin yekunlarına dair mətbuat konfransında müdafiə naziri ötən ili “həddindən artıq effektiv” kimi qiymətləndirib. Onun sözlərinə görə, müdafiə sahəsində əhəmiyyətli nailiyyətlər qeydə alınıb. Xərclər 664 milyard dram (1,7 milyard dollar) təşkil edib. Müqayisə üçün Suren Papikyan xatırladıb ki, 2018-ci ildə, yəni “məxməri inqilab”dan və hazırkı hökumətin hakimiyyətə gəlməsindən əvvəl müdafiə xərcləri 245 milyard dram (644,7 milyon dollar) olub ki, bu da təxminən üç dəfə azdır.
Müdafiə nazirinin mətbuat konfransının əsas tezisləri.
- Mövqe: “Yerevan Bakı və Ankaranın virtual reallığına qoşulmamalıdır”
- Ermənistan və Azərbaycan nəyi müzakirə ediblər: Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənədlər dərc olunub
- Azərbaycanla Ermənistan sərhədində üç yeni sərhəd zastavası: onlar niyə yaradılıb
“Biz heç bir ölkə ilə silahlanma yarışına girməyəcəyik”
Suren Papikyan bildirib ki, Ermənistan müdafiə potensialının inkişafından, ən müasir silah və hərbi texnikanın alınmasından, ordunun modernləşdirilməsindən imtina etməyəcək.
Eyni zamanda o vurğulayıb ki, hökumət silahlanma yarışından imtina mövqeyinə sadiqdir:
“Biz heç bir ölkə ilə, o cümlədən Azərbaycanla silahlanma yarışına girmək niyyətində deyilik”.
“Azərbaycan qoşunları Ermənistanın suveren ərazisini tərk edəcək”
Jurnalistlər nazirə Azərbaycan hərbi bölmələrinin ölkənin suveren ərazisindən nə vaxt və hansı şəkildə çıxarılacağı ilə bağlı sual ünvanlayıblar. Papikyan cavabında bildirib ki, çıxarılma Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinin davamı nəticəsində baş verəcək.
“Bu, hökumətin mövqeyidir. Və bu qərar regionumuzda uzunmüddətli sülhü təmin edəcək”, – deyə nazir bildirib.
“Silahlı Qüvvələrdə ölüm halları 40 faiz azalıb”
Papikyanın sözlərinə görə, 2024-cü illə müqayisədə silahlı qüvvələrdə ölüm statistikası 40 faiz azalıb. Xüsusilə, 2025-ci ildə 30 ölüm halı qeydə alınıb. Onlardan 24-ü xidmətlə bağlı olmayan hallar, yəni yol-nəqliyyat hadisələri və xəstəliklər nəticəsində baş verib. Yalnız 6 ölüm xidmətdə olarkən qeydə alınıb.
“Ölüm hallarından biri ildırım vurması, digəri elektrik cərəyanı vurması nəticəsində baş verib. İki intihar və ya intihara sürükləmə faktı olub. Daha iki halda isə şəxslərin müəyyən sağlamlıq problemləri var idi. Üstəlik, bu rəqəmlər yalnız çağırışçılara aid deyil, müxtəlif yaş qruplarından olan hərbi qulluqçuları da əhatə edir”, – deyə o dəqiqləşdirib.
Müdafiə naziri diqqətə çatdırıb ki, ötən il nizamnamə münasibətlərinin pozulması nəticəsində baş verən heç bir qətl halı qeydə alınmayıb. Halbuki, “2024-cü ildə bu cür hallar çox idi”. O bildirib ki, silahlı qüvvələrdə intizamın yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
“İcbari hərbi xidmət müddətinin azaldılması əsas qərardır”
2026-cı il yanvarın 1-dən sonra orduya çağırılan gənclər əvvəlki iki il əvəzinə 1,5 il xidmət edəcəklər. Müxalifət bunu iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyətin atdığı seçkiöncəsi addım kimi qiymətləndirir. Hakim komanda isə bu mövqeyi qəti şəkildə təkzib edir.
“Müddətli hərbi xidmətin 1,5 ilə endirilməsi respublika tarixində əsas və dönüş nöqtələrindən biridir”, -deyə Papikyan vurğulayıb.
Müdafiə naziri əmin edir ki, xidmət müddətinin azaldılması ordunun say tərkibinin azalması demək deyil. O izah edib ki, paralel olaraq müqavilə əsasında xidmət edən hərbçilərin sayı artırılacaq. Bu addım Ermənistan ordusunu peşəkar orduya çevirəcək. Qərar 2021–2026-cı illəri əhatə edən hökumət proqramında nəzərdə tutulmuşdu və müdafiə sahəsində aparılan islahatlar nəticəsində mümkün olub.
“Müdafiə Nazirliyində oğulları başqa ölkənin vətəndaşı olan əməkdaşları işdən azad etdim”
Məcburi hərbi xidmətdən yayınma halları ilə bağlı danışan Suren Papikyan xatırladıb ki, Müdafiə Nazirliyi bu halların qarşısının alınması üçün tədbirlər görür. Bu məqsədlə qanunvericilik təşəbbüsləri də hazırlanır. Xüsusilə, çağırışçıların xidmətdən azad edilməsinə əsas verən xəstəliklərin siyahısı mütəmadi olaraq yenidən nəzərdən keçirilir.
Nazirin sözlərinə görə, valideynlərin övladlarını hərbi xidmətdən azad etmək üçün onlara başqa ölkənin vətəndaşlığını təmin etməsi halları hələ də geniş yayılıb.
Papikyan rəhbərlik etdiyi qurumda oğulları başqa ölkənin vətəndaşı olan əməkdaşları işdən azad etdiyini bildirib.
“Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, xəstəlik səbəbindən xidmətdən azad edilən uşaqları olan əməkdaşlarla eyni addımı ata bilmərəm. Lakin şübhə məni rahat buraxmır və onlara qarşı daha diqqətli olmağa vadar edir”, – deyə o qeyd edib.
Ermənistan müdafiə nazirinin çıxışı