Ermənistan Milli Təhlükəsizlik Xidməti Yerevan meriyasında axtarış aparıb və maxinasiyaları üzə çıxarıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti Yerevan meriyasında axtarış aparıb, maxinasiya və meriya işçiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını üzə çıxarıb.
İki vətəndaş MTX-ə şikayət edib və bildirib ki, əmlakın qeydiyyatı və inşaata icazə verilməsi üçün meriyada qanunla nəzərdə tutulmuş rüsumdan başqa onlardan “Yerevan” fonduna böyük məbləğdə vəsait köçürməyi tələb ediblər.
“Materialların hazırlanması prosesində aydın olub ki, yuxarıda qeyd olunan vəsaitlərin əlbəəl verilən bir hissəsi fondun hesabına köçürülməyib və mənimsənilib”, – MTX-nın yaydığı məlumatda deyilir.
Nəticədə MTX iki maddə ilə – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti mövqeyindən istifadə edərək dələduzluq törətmək – cinayət işi qaldırıb.