Ermənistan hökuməti şəffaflıq prinsipindən imtina edir və iclasların qapalı keçirilməsini istəyir
Ermənistan hökuməti bu gün “Hökumətin strukturu və fəaliyyəti haqda” qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, hökumət iclaslarının hazırkı açıq formatı qapalı ilə əvəzlənəcək. Bu isə o deməkdir ki, media bu iclasları işıqlandıra bilməyəcək.
Ədliyyə naziri David Harutünyan sənədi təqdim edərkən, bildirib ki, hökumət başçısı kabinetin işinin ictimaiyyətə açıq olmasını təmin etməlidir.
Ekspertlər isə hesab edirlər ki, iclasların qapalı qapı arxasında keçiriləcəyi halda hökumətin fəaliyyətinin açıqlığını və şəffaflığını təmin etmək mümkün deyil.
Üstəlik layihəyə əsasən, hökumət nümayəndələri – nazirlər baş nazirin icazəsi olmadan hökumətin müzakirə etdiyi məsələlər haqda məlumatı açıqlaya bilməyəcəklər.
“Bilmirəm, hökumət cəmiyyət və mətbuatdan nəyi gizlətmək istəyir. Məgər jurnalistlərin iclaslarda iştirak etməsi, qəbul olunmuş qərarları cəmiyyətə çatdırması pisdir? Əgər demokratik ölkə olduğumuzu deyiriksə və bu, konstitusiyada təsbit edilibsə, o zaman hökumətin işini cəmiyyətə təqdim etmək lazımdır.
Nazirlərə öz nöqteyi-nəzərini ifadə etməyi qadağan etmək nə deməkdir? Bu çox pisdir. Bu, plüralizmin olmadığı, fərqli düşüncə sahiblərinin ölkədən sürgün edildiyi SSRİ dövründə kommunist partiyasının işini xatırladır”, – iqtisadçı Vahan Xaçatryan hesab edir.
Qanun layihəsində qeyd olunub ki, baş nazirin qərarı ilə iclaslar açıq formatda da keçirilə bilər. Amma bu, vəziyyəti yumşaltmayıb, media nümayəndələri də narazılığını bildirib.
“Aravot” qəzetinin internet versiyasının redaktoru Anna İsraelyan qeyd edib ki, hazırkı baş nazir ictimaiyyətə açıqlıq tərəfdarı deyil, ümumiyyətlə hakimiyyət nümayəndələrindən heç kim ifrat ictimailiyin tərəfdarı deyil, nazirlər isə jurnalistlərin suallarından qaçır, “hökumət evinin arxa qapısından aradan çıxırlar”.
Polittexnoloq Armen Badalyan bildirib ki, şəffaflığa yeni yanaşma tezliklə baş verəcək baş nazir dəyişikliyi ilə bağlıdır. O xatırladıb ki, konstitusiya dəyişikliklərindən sonra Ermənistan parlament idarə üsuluna keçir və dövlətin başında prezident yox, baş nazir duracaq. Badalyan əmindir ki, məhz hazırkı prezident Serj Sarqsyan prezident səlahiyyəti müddəti bitəndən sonra baş nazir olacaq, o isə jurnalistlərlə ictimai ünsiyyəti sevmir.
“Hökumətin iclasları Serj Sarqsyanın rəhbərliyi altında keçiriləndə o, yadda qalan ifadələr işlədəcək. Serj Sarqsyanın istənilən ictimai, planlaşdırılmamış müsahibəsi, istənilən şərhi zamanı belə olur. Buna yol verməmək üçün iclasları qapalı keçirmək qərara alınıb”, – Armen Badalyan hesab edir.
Hökumətin təsdiqlədiyi qanun layihəsi baxılması üçün parlamentə təqdim olunacaq. Milli Məclis tərəfindən də qəbul edilərsə, Ermənistan tam şəkildə parlament idarə üsuluna keçəndən sonra qüvvəyə minəcək.