Ermənistan daha ucuz qiymətə İran qazı alacaq – erməni ekspertlər belə ehtimal edir
Foto: Vladimir İvanov, REUTERS
Ermənistana İran qazını daha ucuz qiymətə idxal etmək imkanı yaranıb. Ermənistanın Milli Məclisi rəsmən bildirib ki, Ermənistan və İran arasında İran qazının alınması ətrafında müəyyən razılaşmalar əldə edilib. Qiymətlərlə bağlı rəsmi məlumat verilmir.
Hazırda Ermənistana satılan İran qazının 1000 kubmetri sərhəddə 180 dollara başa gəlir. Yəni İran qazı Rusiya qazından 30 dollar bahadır. Eyni zamanda İran qazının keyfiyyəti Rusiya qazına nisbətən aşağıdır. Məhz buna görə ekspertlər ehtimal edirlər ki, danışıqlar zamanı məhz bu məsələyə vurğu edilib.
“Aydındır ki, bütün danışıqlar prosesi qazın qiymətinin aşağı salınması ətrafında keçməli idi. İqtisadi planda İran qazının hazırkı qiyməti Ermənistan üçün, bizim qaz-nəqliyyat sistemi üçün o qədər də məqsədyönlü deyil, buna görə də ümid edirəm ki, danışıqların gedişatında İran qazının ucuzlaşdırılması ilə bağlı siyasi qərar qəbul edilib”, – enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Vahe Davtyan bildirir.
Ermənistan alternativdən məhrumdur
Bu yaxınlarda Ermənistana çatdırılan Rusiya qazının qiymətinin 2018-ci ilin sonuna qədər dəyişməyəcəyi haqda bəyanat səslənib. Ermənistan sərhədində Rusiya qazının hər 1000 kubmetri 150 dollara başa gəlir. Halbuki Ermənistan vətəndaşları qaza demək olar ki, iki dəfə artıq pul ödəyirlər. Bu, Rusiya qazını Ermənistana çatdıran Rusiyanın “Qazprom” dövlət şirkətinə məxsus “Qazprom Ermənistan”ın qərarıdır.
Başqa sözlə desək, Rusiya qazı özünə məxsus şirkətə 150 dollara satır, bu şirkət isə həmin qazı Ermənistan vətəndaşlarına daha baha qiymətə paylayır.
Ekspertlər qeyd edirlər ki, İran qazı ilə eyni şey baş verə bilər, çünki İran qazı Ermənistana Rusiya boruları ilə çatdırılır. İran qazının Ermənistana nəql edildiyi infrastruktur “Qazprom”a məxsusdur. Müvafiq olaraq, İran qazının qiymətini Rusiyanın “Qazprom” şirkəti, yəni Rusiya təyin edəcək və ya Rusiyanın razılığı ilə təyin ediləcək.
“İran qazının idxalını real diversifikasiya, alternativ kimi dəyərləndirmək olmaz. Vacib olan qazın mənbəyi, haradan gəlməsi, hansı ölkədən idxal edilməsi deyil. Qazın nəql olunduğu infrastruktur önəmlidir. İran alternativi ola bilməz, çünki İran qazı “Qazprom”un infrastrukturu ilə nəql olunur. Və bizim İrandan Ermənistana qaz idxalı ilə bağlı qəbul etdiyimiz istənilən qərar eyni zamanda Rusiyanın razılığı ilə qəbul edilir”, – Vahe Davtyan bildirir.