Ermənistan-Azərbaycan sərhədində gərginlik. Ölənlər və yaralananlar var
İyulun 28-ə keçən gecədən Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir, lokal döyüşlər haqda məlumatlar verilir. Ölənlər və yaralananlar var. Ermənistanın Müdafiə Nazirliyi elan edib ki, Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliyi Ermənistan, Azərbaycan və Rusiya müdafiə nazirlərinin iyulun 28-ə təyin edilmiş görüşü ilə əlaqələndirir.
- “Biz öz ərazimizdəyik” – Əliyev Ermənistanla sərhəd və Dağlıq Qarabağın statusu haqda
- Kremldə görüş: Putin və Əliyev nə haqda danışıb?
Yerevandan informasiya
İyulun 28-də səhər Ermənistanın Müdafiə Nazirliyindən Azərbaycanla sərhəddə təxminən 03:40 radələrində lokal döyüşlərin başladığı haqda bildirilib.
“Azərbaycan SQ-nin hissələri növbəti dəfə təxribata əl atıb və Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində atəşkəsi pozub”, – Müdafiə Nazirliyinin ilk məlumatında deyilir.
Ermənistanın Müdafiə Nazirliyi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə qoyub.
Ermənistanın Müdafiə Nazirliyinin saat 9:20-ə olan məlumatına əsasən, Geqarkunik istiqamətində (Sotk – Verin Şorja) Ermənistanın mövqelərinə hücum edən Azərbaycan SQ-nin hissələri geri oturdulub, Ermənistan-Azərbaycan sərhədinin qalan hissələrində vəziyyət stabildir və tamamilə Ermənistan SQ-nin nəzarətindədir.
Bildirilir ki, Ermənistanın hərbçilərindən üç nəfər həlak olub və dörd nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyindən bildirilir ki, Azərbaycantərəfi Moskvada keçiriləcək danışıqlar ərəfəsində öz mövqelərini yaxşılaşdırmaq üçün hərbi təxribata başlayıb. İyulun 28-də Ermənistan, Rusiya və Azərbaycanın müdafiə nazirlərinin üçtərəfli görüşü planlaşdırılıb.
Ermənistanın XİN-i də bəyanatla çıxış edib:
“Qeyd etmək lazımdır ki, Azərbaycanın silahlı qüvvələrinin qanunsuz olaraq Ermənistan Respublikasının suveren ərazilərində qaldığı, Azərbaycan rəhbərliyinin isə bu cüt əməlləri Ermənistana qarşı ərazi və tarixi iddialar irəli sürməklə əsaslandırdığı şəraitdə Azərbaycan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.
Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməsinə cavab olaraq Ermənistan Respublikası beynəlxalq hüquqa müvafiq olaraq bütün hərbi-siyasi alətlərdən istifadə edir. Azərbaycan tərəfinin regionda sülhə və təhlükəsizliyə qarşı yönəlmiş hərbi əməliyyatlarını qətiyyətlə qınayırıq. Vəziyyətin bundan sonra daha da gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın vasitəçiliyi ilə 10:00-dan atəşkəs haqda razılıq əldə edildiyi haqda informasiyanı təsdiqləyib və bildirib ki, razılaşmaya əsasən əməl olunur.
Amma Ermənistanın ombudsmeni Arman Tatoyan bildirib ki, 10:30-a olan məlumata əsasən Geqarkunik vilayətinin 6 kəndinin həm kiçik, həm də böyük çatlı silahlarla atəşə tutulması davam edib. Sotk, Kut, Azat, Norabak, Nerkin Şorja, Verin Şorja kəndlərinin sakinləri ombudsmen ofisinə müraciət ediblər və onların istiqamətində hədəf atəşi haqda məlumat veriblər.
Ombudsmen beynəlxalq aləmi Müdafiə Nazirliyinin Azərbaycan SQ-nin hücumlarının siyasi xarakter daşıdığı haqda rəsmi məlumatına xüsusi diqqət yetirməyə çağırıb:
“Atışmanı Azərbaycan siyahlı qüvvələri təhrik edir. Atışma həm yaşayış məntəqələrinin bilavasitə yaxınlığında, həm də onlar istiqamətində aparılır”.
Ermənistanın Müdafiə Nazirliyində Ermənistanda akkreditasiyadan keçmiş diplomatik missiyaların hərbi attaşeləri ilə görüş keçirilib. Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi Levon Ayvazyan sərhəddəki vəziyyəti onlara təqdim edib.
O bildirib ki, Qarabağda hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr üçtərəfli bəyanat imzalanandan sonra bu, Azərbaycanın ən böyük təxribatıdır. O vurğulayıb ki, atışmalar yaxınlıqdakı yaşayış məntəqələrinin dinc sakinləri üçün bilavasitə təhlükə yaradır.
Ermənistan tərəfinin mövqeyi birmənalıdır: Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazilərindən çıxarılmalıdır.
Söhbət hələ mayın 12-də yaranmış vəziyyətdən gedir. Azərbaycan hərbçiləri sərhədi keçib və iki – Sünik və Geqarkunik vilayətləri istiqamətində bir neçə kilometr Ermənistanın suveren ərazisinin dərinliklərinə irəliləyiblər. Ermənistan tərəfinin bu ərazilləri tərk etmək tələbinə baxmayaraq, Azərbaycan SQ hissələri burada möhkəmlənib və öz mövqelərini qurublar. Danışıqlar xüsusi nəticələr verməyib.
Həmin zamandan Ermənistan-Azərbaycan sərhədlərinin müxtəlif hissələrində vaxtaşırı toqquşmalar baş verir. Bu müddət ərzində atışmalar nəticəsində iki erməni hərbçi həlak olub, dəfələrlə yaralıların olduğu haqda məlumat verilib.
Bakıdan informasiya
“İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.
Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz – Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
Tezliklə Azərbaycanın Müdafiə Nazirliyi növbəti bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.
Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır”.
Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayıb.
“Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.
Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”, – Azərbaycanın xarici siyasət qurumunun bəyanatında qeyd olunub.
“Azərbaycan öz ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır. Bizim ərazi bütövlüyümüz əleyhinə atılan istənilən addıma qətiyyətlə cavab veriləcək!” – Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva isə Twitter hesabında yazıb.
Azərbaycanın müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərlinin fikrincə, dövlət sərhədində yaşanan təxribatların arxasında Nikol Paşinyan dayanırsa, bununla o, Ermənistan cəmiyyətində KTMT və Rusiyanın ciddi müttəfiq kimi yetərsizliyini göstərməyə çalışır:
“…Bizə dəstək olmurlarsa, nədən o təşkilatda olmalıyıq?! Çünki, sərhəddə irimiqyaslı döyüşlər olsa da, “ODKB” müdaxilə etməyəcək, bu mümkün deyil indiki şəraitdə. Nəticədə ordumuzun istənilən uğurlu əməliyyatı Ermənistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.
Yox, əgər sərhəddə provokasiyaların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır – Ermənistan ərazisində istənilən böyük hərbi məğlubiyyət seçki ilə Paşinyana qalib gələ bilməyən Rusiyaya şans verəcək ki, Köçəryan və adamlarını küçədən hakimiyyətə gətirsin”, – siyasətçi əlavə edib.
Cəfərlinin fikrincə, Paşinyanın seçkiləri üstünlüklə udması və bundan sonra AB ilə, Fransa ilə daha sıx yaxınlaşması “Kremldə qıcıq yaradır, bunu aydın sezmək olar”.
“Yaxşı biz nə etməliyik? Görünən odur ki, hər iki ssenaridə Azərbaycanın hərbi üstünlüyünü artırmaq üçün şans var – amma biz daha ağıllı oynamalıylq, eyforiyaya qapılmamalı, populistik addımlardan çəkinməli, Kremlin heç bir oynuna gəlməməliyik.
Bizə indi sülh lazımdır, dayanıqlı sülh, sərhədlərin tanınması, əlaqələrin açılması prioritet olmalıdır. Biz Zəngəzura, Göyçəyə, İrəvana tank-topla qayıtmaq kimi populist yanaşmanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik. Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur.
Bölgəmizdə gərginlikdən bəslənən bir ac “canavar” var – daha doğrusu, “canavar” deyil, “ayıdır”, yəni, “ayının” min oyunu gərginliyi bəsləmək üçündür, bunu bilək, buna uyğun davranaq.
Azərbaycan “de-yure” və “de-fakto” ittifaqları gücləndirir, bu çox yaxşıdır, amma eyforiya da var, bu çox pisdir. Əgər Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyasi gərginliklə əldə etsə və Köçəryan kimi canini hakimiyyətə gətirə bilsə, o zaman onun möhkəmlənməsi və nüfuzunun artması üçün bizim ərazidə də, sərhəddə də daha çox provokasiya edib bizə zərbələr endirməyə cəhd edəcəklər”, – Cəfərli əlavə edib.