Ermənistan-Azərbaycan sərhədində dəyişiklik yoxdur. Nələr gözlənilir?
Ermənistanda iki həftəyə yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə gərginlik davam edir. Söhbət sərhədin Geqarkunik və Sünik vilayətləri ərazisindəki iki hissəsindən gedir. Mayın 12-də Azərbaycan SQ öz mövqelərini bir neçə kilometr Ermənistan ərazilərinin dərinliklərinə doğru irəliyə çəkib və Ermənistan tərəfinin tələbinə baxmayaraq geri çəkmir.
Ermənistan sülh danışıqları yolu ilə Azərbaycan SQ-nin suveren dövlətin ərazisini tərk etməsinə nail olmaq istəyir. Hələlik danışıqlar xüsusi bir dəyişikliyə gətirib çıxarmayıb, sadəcə Ermənistan ərazisində olan hərbçilərin sayı azalıb.
Ermənistanın kömək üçün müraciət etdiyi müttəfiqləri Rusiya və KTMT hərbi bloku hələlik vəziyyətin nizamlanması üçün praktiki addım atmayıb.
Bu arada Rusiya tərəfi Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb olunması ehtimalı haqda bəyan edib. Ermənistan artıq Rusiyanın liderliyi ilə fəaliyyət göstərən bu hərbi blokun üzvüdür. Və ölkə ənənəvi olaraq bu beynəlxalq təşkilatda Azərbaycanla birgə üzvlüyünə mənfi münasibət göstərir. Amma hələlik Ermənistan hakimiyyəti bu bəyanata heç cür reaksiya verməyib.
- Ermənistan yeni gizli sənəd imzalamağa hazırlaşır: bu haqda nə məlumdur?
- Seçimsiz seçki: Ermənistan niyə artıq keçilmiş yolu təkrarlayır?
Mayın 17-dən Ermənistan tərəfi KTMT hərbi bloku ilə ona hərbi yardım göstərilməsi haqda danışıqlara başlayıb. Burada məsələ hələ də müzakirə olunur. Mayın 19-da KTMT hərbi blokunda “vəziyyətin inkişafını narahatlıqla izlədikləri” haqda informasiya yayılıb.
Rusiyaya birbaşa müraciət də vəziyyətin dəyişməsinə gətirib çıxarmadı. Xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, əgər hər iki tərəf xahiş edərsə, Rusiya Azərbaycan və Ermənistan sərhəddə gərginliyin nizamlanmasına kömək edəcək. Ermənistan politoloqları bu bəyanatı Rusiyanın strateji müttəfiqi olan Ermənistanın kömək ricasının rəddi kimi dəyərləndiriblər.
Bu arada elə həmin Rudenko yeni səs-küylü bəyanatla çıxış edərək bildirib ki, “KTMT-nin qapıları hamı üçün, o cümlədən də Azərbaycan üçün açıq olmalıdır”. Bu bəyanat Rusiya XİN rəhbəri təşkilat üzvlərinin sayının artması perspektivini necə qiymətləndirdiyi haqda suala cavab olaraq səslənib.
Andrey Rudenkonun sözlərinə görə, Azərbaycanın daxil olmasını ancaq təşkilat nizamnaməsinin müəyyən maddələri məhdudlaşdıra bilər. Həmin maddələrə əsasən KTMT üzvlüyü üçün üzvlər arasında diplomatik münasibətlərin olması lazımdır:
“Azərbaycan və Ermənistan arasında hələlik belə münasibətlər yoxdur. Münasibətlər nə zaman qurulacaq – biz ümid edirik ki, tez, ya gec bu baş verəcək, o zaman bu məsələ də bu və ya digər formada praktiki müstəviyə çıxa bilər – Rusiya XİN rəhbərinin müavini deyib.
Hələlik aydın deyil ki, Ermənistan vəziyyətin nizamlanması üçün Qərb ölkələrinə və BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcək, ya yox. Amma mayın 24-də xarici işlər naziri əvəzi Ara Ayvazyan sərhədyanı vəziyyəti ATƏT-in Minsk Qrupu üzvləri ölkələrinin Ermənistandakı səfirləri ilə müzakirə edib. Onlarla görüşdə XİN rəhbəri Ermənistanın məsələni siyasi-diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib.