Epşteyn faylları: Cefri Epşteyn Bakıya səfər edib?
Epşteyn fayllarında Azərbaycan
Son günlər Amerikada məşhur maliyyəçi və cinayətkar Cefri Epşteynin (Jeffrey Epstein) işi ilə bağlı yayımlanan milyonlarla səhifəlik sənədlərdə Azərbaycan adının keçdiyi iddiaları ölkə gündəminə çevrilib. Hətta Epşteynin vaxtilə Bakıya səfər etmiş olması barədə iddialar dolaşır.
Bəs “Epşteyn faylları” adlandırılan bu nəhəng arxiv materialları doğrudanmı Epşteyn-Azərbaycan əlaqəsini təsdiqləyir? Yoxsa yayılan iddialar sənədlərlə əsaslandırılmır?
Epşteyn kimdir və “Epşteyn faylları” nədir?
Cefri Epşteyn bir neçə il əvvəl yetkinlik yaşına çatmayan qızların cinsi istismarı və insan alveri ittihamları ilə həbs olunmuş, 2019-cu ildə həbsxanada intihar etmiş amerikalı maliyyəçi idi. Lakin Epşteyn sadəcə bir cinayətkar deyildi – o, onilliklər boyu formalaşdırdığı geniş əlaqələr şəbəkəsinə malik idi. Tanışları arasında siyasətçilərdən tutmuş kral ailəsi üzvlərinə, milyarderlərə və məşhurlara qədər çox sayda nüfuzlu şəxs vardı. Bu səbəblə Epşteyn işi cəmiyyətin elit təbəqələrində ciddi sarsıntı yaratmışdı.
Epşteyn faylları dedikdə, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn və onun cinayət işi ilə bağlı istintaq materiallarını ictimaiyyətə açıqlaması nəzərdə tutulur. 2025-ci ilin noyabrında ABŞ Konqresi xüsusi qanun qəbul edərək Ədliyyə Nazirliyini Epşteynlə bağlı bütün sənədləri dərc etməyə məcbur edib. Nəticədə, 2026-cı il yanvarın 30-da Nazirlik Epstein Files Transparency Act – Epşteyn fayllarının şəffaflığı aktı çərçivəsində 3,5 milyon səhifə, 2 min video və 180 min foto daxil olmaqla nəhəng bir arxiv yayımladı.
Bu fayllar Epşteynin Florida və Nyu-York məhkəmə işlərindən, onun müəmmalı ölümünü araşdıran hesabatlardan, keçmiş köməkçisi G.Maksvelin məhkəməsindən toplandığı üçün çoxşaxəlidir. Yəni burada Epşteynin illər ərzində qurduğu beynəlxalq əlaqələr şəbəkəsi, şəxsi yazışmaları, səfər planları, şahid ifadələri və istintaq sənədləri yer alır.
Rəsmilər vurğulayır ki, bu materiallar bir ittiham aktı deyil və orada adı keçən hər kəsin cinayət törətdiyi mənasına gəlmir. Sadəcə, Epşteynin əlaqədə olduğu şəxslər və mövzular barədə məlumat verir.
Azərbaycan və Bakı barədə iddialar – sənədlər nə göstərir?
Yeni açıqlanan milyonlarla səhifə arasında Azərbaycanla bağlı bir neçə maraqlı qeyd ortaya çıxıb.
Epşteynin müxtəlif illərdə yazdığı imeyllərin bəzilərində birbaşa Azərbaycan və Bakıdan bəhs edilir. Bu da Epşteynin vaxtilə Bakıda olub, rəsmi şəxslərlə görüşdüyünə dair iddialara səbəb olub.
2011-ci ilin avqustu: Bakıya səfər planı?
Sənədlərdə 30 avqust 2011-ci il tarixli bir imeyldə Epşteyn Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan bin Sulayemə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?”.
Həmin yazışmadan görünür ki, Epşteyn dostu ilə birgə Bakiya getmək ehtimalını müzakirə edib, hətta Bakı uçuşlarının mövcudluğunu soruşub. Lakin sonrakı sənədlərdə Epşteynin həmin həftəsonu Bakıya həqiqətən səfər etdiyini təsdiqləyən heç bir aviareys qeydi və rəsmi məlumat yoxdur.
Epşteyn böyük ehtimalla o dövrdə Bakıya gəlməyib.
2011-ci ilin sentyabrı: “Azərbaycanlı dost”un toyu
Yuxarıdakı imeyldə adı çəkilən “Azərbaycanlı dost”un kimliyi də maraq doğurur. Aparılan araşdırma bu məktubdakı söhbətin 2011-ci il sentyabrın 9-da Bakıda keçiriləcək bir toy mərasimi barədə olduğunu ortaya çıxarır. Həmin gün Bakıda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun toyu keçirilib və ölkə elitası orada iştirak edib.
Sultan bin Sulayem Epşteynə yazır ki, “o (dost) indi oğlunun toyuna hazırlaşır, mən sentyabrın 9-da gedəcəyəm, sonra 12-də bir neçə gün onu ziyarət edəcəyəm”. Yəni bin Sulayem həmin toyda iştirak üçün Bakıya gəlir.
Epşteyn isə, görünür, getmir, çünki əgər getsəydi, bunu göstərən hər hansı qeyd fayllarda əksini tapardı (tapmayıb).
2015-ci ilin sentyabrı: “Prezident mənim çox yaxşı dostumdur”
Epşteyn və Sultan bin Sulayem arasında digər diqqətçəkən yazışma 19 sentyabr 2015-ci ilə aiddir.
Dubay biznesmeni bin Sulayem Bakıda səfərdə olduğunu bildirərək Epşteynə şəhərin fotolarını göndərir və Bakı barədə heyranlığını belə ifadə edir:
“Bakı çox gözəl şəhərdir, Parisdən daha gözəldir, inan mənə. Əgər nə vaxtsa ora getmək istəsən, mən də sənə qoşulacağam. Prezident mənim çox yaxşı dostumdur – o, çox ağıllıdır, mənə Şeyx Məhəmmədi xatırladır”.
Bu sözlərlə bin Sulayem Azərbaycan Prezidenti İlham Əliyevin onun yaxın dostu olduğunu Epşteynə çatdırır və istənilən vaxt Bakiya birgə səfər təşkil edə biləcəyini təklif edir.
Epşteyn də həmin məktuba cavabında “Oktyabrın 29-u Dubaya gələ bilərəm, ordan gedərik?” – deyə yazır.
Yenə də qeyd edək ki, Epşteynin sonradan Azərbaycana gəldiyini sübut edən məlumat yoxdur; sadəcə Bakı onun beynəlxalq əlaqələrində “potensial səfər məkanı” kimi nəzərdən keçirilib.
Sultan bin Sulayem və Əliyev əlaqəsi
Buradakı Sultan Əhməd bin Sulayem təsadüfi şəxs deyil. O, Dubayın nəhəng logistika şirkəti DP Vörldün rəhbəri olub, ərəb şeyx ailəsinə yaxın bir fiqurdur.
Bin Sulayem həqiqətən də Prezident İlham Əliyevlə dostluq münasibətlərinə malikdir və son illərdə dəfələrlə görüşüblər. Məsələn, bu il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident Əliyev Sultan bin Sulayemlə yenidən görüşüb, birgə layihələri müzakirə edib.
Yəni Epşteynə yazılan imeyldə “çox yaxşı dostum” kimi təqdim olunan şəxs, doğrudan da, Azərbaycan prezidentidir.
2014-cü il: “Merante-Baku” məktubu və Konqres səfəri
Epşteyn fayllarında Azərbaycanın adı keçən digər maraqlı detal ABŞ Konqres üzvlərinin Bakıya planlaşdırılan səfəri ilə bağlıdır.
21 may – 4 iyun 2014 tarixlərinə bir qrup Konqres nümayəndəsinin Azərbaycana gəlişi planlaşdırılırıb. Lakin yalnız bir konqresmen razılaşır, digərləri imtina edir. Sənədlərə görə, Epşteynin qardaşı Mark Epşteyn bu barədə “Merante-Baku-Important” başlıqlı bir imeyl alıb və onu C.Epşteynə yönləndirib.
Məktubda deyilir ki, Azərbaycanlı sponsorlar konqresmenlərin imtinasından narazıdır və yerlərinə media, maliyyə, bankçılıq, təhsil sahəsindən tanınmış şəxslərin dəvət olunmasını təklif edirlər. Səfərin bütün xərclərinin birinci sinif səviyyəsində ödəniləcəyi vurğulanır.
Həmin qeydlər Azərbaycanın lobbi fəaliyyətinə xərclədiyi pullar və səy göstərdiyi “imic səfərləri” barədə təsəvvür yaradır. Doğrudan da, sonradan məlum olub ki, bu səfər SOCAR-ın dəstəyi ilə “AzPod” adlı şirkət vasitəsilə təşkil olunub və nümayəndə heyəti Bakıda Milli Məclisin üzvləri, o cümlədən o vaxtkı xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Sənədlərdə Epşteynin bu səfərin təşkilində birbaşa rolu olduğu açıq göstərilmir və ehtimal olunur ki, Mark Epşteyn sadəcə özü tanıdığı adamları cəlb etmək üçün qardaşına da məlumat verib.
Azərbaycan mediasında “Epşteyn faylları”
Epşteyn sənədlərində Azərbaycanla bağlı qeydlər üzə çıxan kimi, ölkə mediası bunu müxtəlif cür işıqlandırıb.
Dövlətə yaxın media Epşteyn qalmaqalının Azərbaycana dair hissəsini ya minimuma endiriblər, ya da ümumiyyətlə toxunmayıblar. Bunun əvəzinə, Epşteyn fayllarından çıxan sensasiya yönlü, lakin ölkədaxili siyasətə dəxli olmayan məlumatlara fokuslanıblar.
Məsələn, bir çox xəbər saytları və televiziyalar “Epşteyn Kəbə örtüyünün parçalarını ələ keçirib villasına göndərib” kimi xəbərlər verib. Həqiqətən də sənədlərdən məlum olur ki, 2017-ci ildə Epşteyn Məkkədəki Kəbənin müqəddəs örtüyü – Kisvədən üç fraqmenti Səudiyyə və BƏƏ-dəki tanışları vasitəsilə əldə edib, onları incəsənət əsəri kimi rəsmiləşdirib ABŞ Vircin adalarındakı öz iqamətgahına yollatdırıb.
Bundan başqa, hökümətə yaxın media Epşteyn fayllarından Rusiya ilə bağlı hissələri də önə çıxarıblar.
Bəzi saytlar yazıb ki, fayllarda “Putinin adı 1056 dəfə, Rusiyanın adı 9629 dəfə keçir” və “Epşteyni qadınlarla təmin edən kanallardan biri Rusiya olub” (bu kimi məlumatlar da fayllarda mövcud olan istintaq versiyalarından biridir).
Eyni zamanda, hökumət mediası “Epşteyn faylları Tramp və respublikaçılar arasında gərginlik yaradıb” kimi daha çox ABŞ-daxili siyasi qalmaqal müstəvisində xəbərlər verib. Yəni diqqəti Azərbaycandan yayındırıb, mövzunu “böyük dövlətlərin davası” kimi qələmə veriblər.
Ümumiyyətlə, bu düşərgəyə aid media qurumları Prezident Əliyevin adının dolayısıyla hallandığı Sultan bin Sulayem məktublarına, yaxud Məmmədyarov epizoduna yer verməyiblər. Əvəzində, Epşteyn məsələsini “Qərb elitlərinin çürümüşlüyü” narrativi ilə təqdim edən analitik yazılar dərc olunub.
Epşteyn fayllarında Azərbaycan