"Əliyev ABŞ-da keçirilən görüşdən sonra 'dəhliz'dən danışır və Ermənistan cəmiyyətini 'xəstə' adlandırır" - Yerevandan şərh
Azərbaycan-Ermənistan sülh sazişi
Avqustun 8-də Vaşinqtonda keçirilən Tramp-Paşinyan-Əliyev görüşündən sonra Azərbaycan prezidenti əldə olunmuş razılaşmaları öz ictimai çıxışlarında dəfələrlə pozub. Bu nəticəyə Ermənistanın “Fakt Yoxlama Platforması”nın (fip.am) ekspertləri gəliblər. Onların müşahidələrinə görə, ötən ay ərzində ABŞ-da üç lider tərəfindən imzalanmış bəyannamənin və paraflanmış sülh sazişinin müddəaları pozulub.
Araşdırmaçı jurnalistlərin iddiasına görə, Azərbaycan hələ də Ermənistanla ön şərtlər dili ilə danışır və konstitusiyanın dəyişdirilməsini tələb edir. Regional kommunikasiya xətlərinin açılmasına gəlincə, Bakı hələ də “Zəngəzur dəhlizi” terminindən istifadə edir.
Söhbət Azərbaycanın Naxçıvan anklavı ilə Ermənistan ərazisindən keçməklə əlaqələnməsindən gedir. Bakı eksteryal dəhliz tələb edirdi. Yerevan isə öz ərazisinə nəzarəti itirmək istəmirdi. Nəticədə ABŞ-da “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun yaradılması barədə razılıq əldə olundu. Bu marşrut eksteryal olmayacaq. Bu biznesin idarəçiliyi Amerika şirkətinə veriləcək.
Bundan başqa, İlham Əliyev çıxışlarında “nifrət nitqi” adlandırılan ifadələrdən istifadə etməyə davam edir.
“Bu cəmiyyət [Ermənistan cəmiyyəti] xəstədir və mən bunu açıq deyirəm”, — deyə İlham Əliyev avqustun 25-də Kəlbəcərə köçmüş azərbaycanlılarla görüşdə bildirib.
Halbuki, Vaşinqtonda paraflanmış sülh sazişində “dözümsüzlük, irqi nifrət və ayrı-seçkilik təzahürlərindən imtina” müddəası da yer alır.
- “ABŞ həm Ermənistana, həm də Azərbaycana bel bağlayıb”: Yerevandan rəy
- “Türkiyə Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmağa çalışır”: Yerevandan şərhlər
- “Üçüncü tərəfin nəzarəti olmayacaq” — Ermənistanın xarici işlər naziri “Trampın marşrutu” proqramı barədə
- “Sülh müqaviləsi Bakının “Qərbi Azərbaycan” tezisindən imtinasını nəzərdə tutur”: Yerevandan rəy
Azərbaycan açılacaq yolu hələ də “Zəngəzur dəhlizi” adlandırır
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək”, — deyə Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində bildirib.
Azərbaycan prezidenti Ermənistanın suveren ərazisində kommunikasiya xətlərinin açılmasından danışarkən “dəhliz” terminindən istifadə edib.
Fip.am-ın qiymətləndirməsinə görə, İlham Əliyev bununla həm tərəflərin “bir-birinə qarşı ərazi iddialarının olmadığı” barədə sülh sazişinin maddəsini, həm də Vaşinqton bəyannaməsinin müddəalarını pozub.
“Bölgədə və onun hüdudlarından kənarda sülh, sabitlik və rifaha töhfə vermək məqsədilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında iki ölkə arasında kommunikasiya xətlərinin açılmasının vacibliyini təsdiqlədik”, — deyə bəyannamədə qeyd olunub.
Əliyevin Paşinyan və Tramp ilə birlikdə imzaladığı sənəddə “dəhliz” anlayışı yer almır.
Azərbaycan prezidentinin ŞƏT sammitində “dəhliz” terminindən istifadəsinə Ermənistanın baş naziri də reaksiya verib. Nikol Paşinyan xatırladıb ki, Vaşinqton bəyannaməsində müəyyən terminologiya razılaşdırılmışdı:
“Azərbaycan prezidentinin istifadə etdiyi leksika Vaşinqtonda razılaşdırdığımız məntiqdə qəbul edilmir. Üstəlik, həmin razılaşmalar çərçivəsində Ermənistan və ABŞ kommunikasiya sahəsində “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” adlı investisiya proqramını həyata keçirirlər.”
Ermənistanın baş naziri vurğulayıb ki, “bu dəqiqləşdirilmiş, razılaşdırılmış terminologiyadan istifadə konstruktiv mühitin formalaşmasına və sonrakı işlərin həyata keçirilməsinə xidmət edəcək.”
Bakı konstitusiyanın dəyişdirilməsini tələb edərək Ermənistanın daxili işlərinə qarışır
Paraflanmış sülh sazişinə əsasən, tərəflər bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməlidirlər.
Konstitusiyanın dəyişdirilməsini Yerevan özünün daxili işi hesab edir. Bununla belə, Azərbaycandan iddia olunur ki, orada ərazi tələbləri mövcuddur. Prezidentin özü isə sənədin imzalanmamasının yeganə səbəbinin bu ön şərtin yerinə yetirilməməsi olduğunu bildirir.
“Bizim anladığımıza qədərilə, onlar düzəliş edəcəklər. Və həmin konstitusiya düzəlişi həyata keçirilən kimi, Azərbaycana qarşı ərazi iddiaları çıxarılan kimi sülh sazişi imzalanacaq”, — deyə Əliyev Al Arabiya-ya müsahibəsində bildirib.
Bakı üçün narahatlıq doğuran məqam Ermənistan konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın olmasıdır. Bəyannamədə 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarı qeyd olunur. Sənəd “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” adlanır.
“Fakt Yoxlama Platforması” qeyd edir ki, Azərbaycan prezidentinin açıqlamaları yalnız sülh sazişinin “bir-birinin daxili işlərinə qarışmamaq” barədə 4-cü maddəsinə deyil, həm də digər iki maddəyə ziddir.
Xüsusilə, paraflanmış sənədin 2-ci maddəsinə görə, “tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyirlər və gələcəkdə də belə iddialar irəli sürməyəcəklər.”
Həmin sazişin 12-ci maddəsinə əsasən, “tərəflərdən heç biri razılaşmanı icra etməmək üçün özünün daxili qanunvericiliyinə istinad edə bilməz.”
“Əslində, saziş bu kimi narahatlıqları aradan qaldırır, lakin Əliyev hələ də bu ön şərti [konstitusiyaya dəyişiklik edilməsini] irəli sürür”, — deyə Fip.am yazır.
Azərbaycan-Ermənistan sülh sazişi