Əli Kərimlinin saxlanılması: hökümətin müxalifəti sıradan çıxarmaq planı
Əli Kərimlinin saxlanılması
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən qəfil axtarış aparılıb və o, saxlanılıb. Hökümət mediası bu hadisəni “Ramiz Mehdiyev işi” ilə əlaqələndirir.
Eyni istintaq çərçivəsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axrtarış aparılıb. Onun oğlu Turan İbrahim sosial şəbəkə hesabında yazıb ki:
“13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər”.
AXCP funksionerləri Faiq Əmirli və Ruslan Əmirli (Ə.Kərimlinin köməkçisi) də eyni gün saxlanılanlar arasındadır. AXCP Sabunçu şöbəsinin sədri Fariz Əlizadə isə artıq noyabrın 28-dən itkin düşmüşdü və partiya onun da həbs edildiyini güman edir.
Hakimiyyətə yaxın media orqanları Ə.Kərimlinin evindəki axtarışın keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar olduğunu iddia edirlər.
R.Mehdiyev oktyabr ayında dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və cinayət gəlirlərinin leqallaşdırılması ittihamları ilə həbsqətimkan tədbiri olaraq 4 aylıq ev dustaqlığına məhkum edilmişdi. Hökumət rəsmilərindən biri “Reuters” agentliyinə Əli Kərimlinin məhz Mehdiyevin maliyyələşdirməsi ilə şübhəli bilinərək hədəfə alındığını bildirib.
Lakin rəsmi qurumlar hələ də Ə.Kərimliyə qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü barədə açıq məlumat verməyiblər.
Partiyadan bildirilib ki, DTX əməkdaşları evə daxil olarkən qapını qonşu qadın adı ilə döyüblər. Ə.Kərimli qapını açanda içəri girib, daha sonra onun “masasının siyirməsinə Ramiz Mehdiyevin adından mətbuatda yayılan məktubu qoyublar və axtarış zamanı guya bu məktubu oradan tapıblar”.
Yəni, Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı iddia edilən və daha öncə mediada sızdırılmış məktubun “redaktəsiz nüsxəsi” guya Kərimlinin evindən tapılıb.
“Əslində mediada yayılmış məktubu Əli Kərimlinin siyirməsinə məxfi sənəd kimi qoyub, sonra da guya axtarış nəticəsində onu aşkarlamaq, işin nə qədər qurama və əsassız olduğunu göstərir”, – deyə partiya bəyan edib.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Hakimiyyətin öz addımı əsaslandırması və arqumentləri
Hökumət dairələri çalışır ki, Kərimlinin saxlanmasını siyasi rəqibi susdurmaq kimi yox, hüquqi-əməliyyat tədbiri kimi göstərsin. Azərbaycan hakimiyyət orqanları uzun illərdir beynəlxalq tənqidlərə qarşı arqument olaraq ölkədə fundamental azadlıqların qorunduğunu və heç kəsin tənqidi mövqeyinə görə təqib olunmadığını bildirirlər.
Misal üçün, hökumət nümayəndələri tez-tez vurğulayır ki, Azərbaycanda “heç kim siyasi fəaliyyətinə görə təqib edilmir, bütün həbslər törədilmiş konkret hüquqpozmalara əsaslanır”. Rəsmi təbliğatda Əli Kərimlinin də bu prinsipin istisnası olmadığı, onun barəsində tədbirin də sırf cinayət işinin tələblərinə uyğun görüldüyü deyilir.
Lakin hakimiyyətin arqumentlərinin inandırıcılığı sual altındadır. Birincisi, Mehdiyev işinin özünün şəffaflığı zəifdir. 87 yaşlı keçmiş məmurun çevriliş cəhdi ittihamı cəmiyyətdə şübhə ilə qarşılanır. İkincisi, Ə.Kərimli ilə Mehdiyev arasındakı mümkün “maliyyə əlaqələri” barədə iddialar da müstəqil təsdiqini tapmayıb. Əksinə, AXCP təmsilçiləri Mehdiyevlə “heç bir əlaqələrinin olmadığını” əvvəlcədən bəyan ediblər.
Üçüncüsü, axtarış zamanı “tapıldığı” deyilən məktubun məhz hökumətyönlü mediada öncədən yayılmış olması və partiyanın bunu saxta sübut kimi ifşa etməsi də rəsmi versiyanı zəiflədir. Bu faktlar hökumətin arqumentlərinin qərəzsiz hüquqi əsasdan çox, siyasi məqsəd daşıdığı qənaətini gücləndirir.
Müşahidəçilərin fikrincə, Azərbaycan hakimiyyəti onsuz da uzun müddətdir ki, ölkədə müxalif mövqeləri “dövlət təhlükəsizliyinə təhdid” kimi qələmə verməyə meyllidir. 2020-ci ildə Prezident İlham Əliyev pandemiya dövründə açıq şəkildə “daxildəki milli xəyanətkarlardan” bəhs edirdi və yeni dalğa repressiyalara eyham vururdu.
İndi “Mehdiyev işi” kimi daxili çəkişməni bəhanə gətirərək, ən tanınmış müxalif liderin neytrallaşdırılması bu xəttin davamıdır. Hakimiyyətin arqumentlərini təhlil etdikdə görünür ki, gerçək əsl hədəf dövlət çevrilişi təhlükəsinin qarşısının alınması yox, ölkədaxili siyasi müxalifətin son qalıqlarının da zərərsizləşdirilməsidir.
Hətta hökümətyönlü “APA” yazıb ki, “Ramiz Mehdiyev işi ilə əlaqədar AXCP tamamilə zərərsizləşdirilə bilər”. Yəni partiya tamamilə bağlana bilər.
Bu, aşağıdakı kimi əsaslandırılır:
- Rusiyanın Ukrayna ilə müharibəsi bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı şübhəsi.
- Bu məqsədlə Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarından çıxış etməyən AXCP-nin öndə gedəcəyi ehtimalı.
Yazılır ki, bu səbəblə “AXCP-nin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır”.
Müxalifətin və AXCP-nin reaksiyası
Əli Kərimlinin həbsi müxalifət düşərgəsində narazılıq və etirazla qarşılanıb. AXCP noyabrın 29-u axşam saatlarında rəsmi bəyanat yayaraq “Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir” deyə bildirib.
“Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır”.
Partiya liderinin beynəlxalq media orqanlarına verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət almasının “İlham Əliyev rejimini narahat etdiyi” qeyd olunur. AXCP hesab edir ki, “siyasi fəaliyyətin ölkədə demək olar ki, tamamilə qadağan olunduğu, vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bir şəraitdə bu əməliyyat siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addımdır”.
Yəni müxalif partiya hakimiyyətin əsas məqsədinin ölkədə qalan “son müstəqil siyasi qüvvəni məhv etmək” olduğunu bəyan edir.
Ümumilikdə, müxalifət bu həbsi uzun illər davam edən avtoritar siyasətin kulminasiyası kimi qiymətləndirir. Onların fikrincə, Kərimlinin şəxsi ətrafında qurulan “dövlət çevrilişi” ittihamı inandırıcı deyil və sadəcə hakimiyyətin öz rəqiblərini bir-bir sıradan çıxarma strategiyasının tərkib hissəsidir.
Əvvəlki illərdə Əli Kərimliyə qarşı davamlı təzyiqlər
Əli Kərimli son iyirmi ildə Azərbaycanda ən çox təzyiqə məruz qalmış siyasi fiqurlardan biridir. Onun hazırda həbs olunması, əslində uzun müddətdir davam edən sistemli repressiya kampaniyasının növbəti epizodudur.
Kərimli 2000-ci illərin ortalarından etibarən demək olar ki, daim hakimiyyətin hədəfində olub. 2006-cı ildən bəri onun xaricə çıxışına qadağa qoyulub. Pasportu həmin il müddəti bitəndən sonra bəhanələrlə yenilənməyib, ona xarici səfərlər imkanı verilməyib.
Rəsmilər müxtəlif hüquqi bəhanələr gətirsələr də, Human Rights Watch bunu “əsassız maneə” adlandırıb. Nəticədə, Kərimlinin 15 ildən artıq idi ki, ölkədən çıxışına qadağa var idi.
AXCP sədri dəfələrlə polis zorakılığına, həbs-qətimkan tədbirlərinə və inzibati cəzalara məruz qalıb. Xüsusilə, 2019-cu ilin oktyabrında Bakıda keçirilən dinc etiraz aksiyasında Əli Kərimli və tərəfdarları sərt polis müdaxiləsi ilə üzləşiblər. Həmin mitinq zamanı Kərimli saxlanılıb və polis idarəsində başı, üzü və boyun nahiyəsində qançırlar alacaq dərəcədə döyülüb.
Human Rights Watch yazır ki, həmin aksiyadan sonra “ən azı 35 AXCP funksioneri 10 gündən 60 günədək inzibati həbs cəzası alıb, dinc etirazçılar polis tərəfindən döyülüb”. Kərimli və digərləri həmin zorakılığı ifşa etsələr də, rəsmilər bu iddiaları rədd edib.
Kərimlinin informasiya blokadasına alınması
Bundan əvvəl də, 2015-2016-cı illərdə Kərimli hakimiyyət orqanlarının daimi nəzarətində olub. Onun telefonları dinlənilib, evinin qarşısında polis postları qurulub, siyasi tədbirlərə qatılmaq imkanları məhdudlaşdırılıb. 2020-ci ildə bu təzyiqlər daha ifrat hala çatıb. Aprelin ortalarından etibarən Əli Kərimlinin evinin həm stasionar, həm mobil interneti tamamilə kəsilib.
O dövrdə AXCP bəyan edib ki, liderləri informasiya blokadasına alınıb. “Freedom House”un hesabatı da təsdiq edir ki, “2020-ci ilin aprelində Əli Kərimli və ailəsinin internet əlaqəsi uzunmüddətli və məqsədyönlü şəkildə kəsilib”. Hakimiyyət bunu texniki problemlərlə izah etməyə çalışıblar. Hətta bəzi millət vəkilləri istehzayla “Kərimli özünə yeni SIM kart alsın” kimi ifadələr işlədiblər. Bu kommunikasiya blokadası Kərimlinin onlayn platformalarda səsinin boğulmasına yönəlmişdi və saxlanıldığı günə qədər davam edirdi.
Son hadisəyə qədər Əli Kərimliyə qarşı cinayət işi açılmasa da, ona yaxın şəxslərə qarşı dəfələrlə qondarma ittihamlarla işlər qaldırılıb. Məsələn, onun ictimai əsaslarla xidmət göstərən sürücüləri və mühafizəçiləri belə təqibə, həbsə və işgəncəyə məruz qalıb.
Bir sözlə, Kərimli uzun illərdir ki, hüquq-mühafizə orqanlarının “xüsusi diqqəti” altındadır. Onun hər addımı izlənilib, siyasi fəallığı hər dəfə inzibati həbs və ya zorakı müdaxilə ilə qarşılanıb. Ölkədə dinc toplaşma azadlığının demək olar ki, qadağan olması fonunda, Kərimli 2005-ci ildən bəri heç bir aksiyada maneəsiz iştirak edə bilməyib. 2013 və 2018-ci il prezident seçkilərində AXCP və müttəfiqləri namizədlik irəli sürmək istəsələr də, ədalətsiz seçki şərtləri ucbatından ya boykot yolunu tutublar, ya da formal prosesə qoşulub kənarlaşdırılıblar.
Azərbaycanda siyasi rəqabətin iflic edilməsi və təknəfərlilik
Əli Kərimlinin həbsi və paralel aparılan tədbirlər Azərbaycanda siyasi rəqabətin artıq iflic vəziyyətə düşdüyünü bir daha nümayiş etdirir. Son proseslər nəticəsində ölkədə faktiki olaraq təknəfərlilik sisteminin daha da möhkəmləndiyi görünür.
Müxalif partiyalar ya hüquqi varlığını itirir, ya liderləri həbs edilir, ya da ictimai rəyə çıxış imkanları tam kəsilir. Bu, Azərbaycanın postsovet dövründə uzun müddət qoruyub saxladığı cüzi də olsa plüralizmin tamamilə aradan qalxması deməkdir.
Siyasi rəqabətin iflic olmasının bir neçə əsas göstəricisi var:
- Parlamentdə müxalifət yoxdur: Milli Məclisdə təmsil olunan qüvvələr tamamilə hakim partiyanın və ya konstruktiv adlanan mövqelərin nəzarətindədir. Əsl müxalif səs qalmayıb. Artıq illərdir ki, AXCP, Müsavat kimi partiyalar parlamentdən kənardadır. Yəni qanunverici hakimiyyət sferasında rəqabət elementi sıfıra endirilib.
- Seçkilər formal prosedura çevrilib: Ölkədə keçirilən bütün prezident və parlament seçkiləri ATƏT və Avropa Şurası müşahidəçiləri tərəfindən azad və ədalətli kimi tanınmayıb. Xüsusilə İlham Əliyevin dövründə (2003-dən bəri) keçirilən seçkilərin nəticələri beynəlxalq müşahidəçilər tərəfindən kəskin tənqid olunub. Hər dəfə qeydə alınan müxalif namizədlər ya həbs edilib (məsələn, 2013-də İlqar Məmmədov seçkiyə gedə bilmədən həbs olunub), ya da seçkidən sonra təqib olunub. Bu praktika cəmiyyətdə seçkilərə inamsızlıq yaradıb və rəqabət funksiyası yox edilib.
- Müstəqil media və QHT-lər susdurulub: Siyasi rəqabətin vacib elementlərindən biri azad mətbuatdır. Azərbaycanda isə son illərdə müstəqil media ya ölkədən kənarda fəaliyyət göstərir, ya da tamamilə bloklanıb. Xüsusən, müxalif mövqeli “Azadlıq” qəzeti (mətbu və onlayn versiyası), “AzadlıqRadiosu”, “Meydan TV” kimi media resursları illərdir ki, ya qadağan olunub, ya jurnalistləri həbsdədir. Hətta sosial media üzərindən tənqid yazan fəallar belə izlənir və cəzalandırılır. Nəticədə ictimai diskurs sahəsi rəsmi təbliğatın ixtiyarına keçib. Bu da rəqabətli siyasi mühitin infrastrukturunu dağıdır.
- Qorxu mühiti və passiv cəmiyyət: Uzun müddətdir davam edən təzyiqlər fonunda cəmiyyətdə siyasətə qarşı laqeydlik və qorxu hissi güclənib. Repressiyalar nəticəsində aktiv vətəndaş cəmiyyətinin bir çox üzvləri ya ölkəni tərk edib, ya fəaliyyətini dayandırıb. Qalanlar isə açıq danışmaqdan çəkinir. Bu atmosfer tək nəfərli idarəetmənin tipik xüsusiyyətidir və rəqabəti boğur. İnsanlar bilir ki, hakimiyyətin siyasətinə meydan oxumaq real fəsadlar yaradacaq – işdən qovulmaqdan tutmuş, həbsə qədər. Belə vəziyyətdə sağlam siyasi rəqabət mühiti formalaşmır.
Əli Kərimlinin həbsi bütün bu proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Ölkədə avtoritarizmin inkişafı yeni mərhələyə keçib. Əgər bir neçə il öncə bəzi müşahidəçilər Azərbaycanı “yumşaq avtoritar” rejim kimi təsnif edirdilərsə, indi artıq “sərt avtoritar” və ya hətta “totalitar meylli” rejim ifadələri seçilir.
Bu tək nəfərli siyasi sistemin kök salması həm də hakim ailənin irsi davamlılığını təmin etməyə yönəlib. Əliyevlər artıq 35 ilə yaxındır ki, Azərbaycanı idarə edir (1993-dən bu yana ata və oğul hakimiyyətdədir).
Bu müddətdə müxalifətin demək olar ki, bütün simaları sıradan çıxarılıb. Bəziləri (Əbülfəz Elçibəy kimi) təcrid şəraitində həyatını itirib, bəziləri (Rəsul Quliyev kimi) mühacirətdə siyasi çəkisini itirib, bəziləri isə aktiv siyasətdən çəkilib.
Əli Kərimli son dirəniş göstərən liderlərdən idi. Onun da həbs olunması ilə bir dövrün qapandığını söyləyənlər az deyil.
Bu proses həm də cəmiyyətin siyasi passivliyini artırmağa xidmət edəcək. Müxalifətin yoxluğu şəraitində insanlar problemlərinin siyasi yolla həllinə inamlarını itirəcəklər. Bu isə uzunmüddətdə ölkədə siyasi apatiyanı gücləndirir ki, avtoritar rejimlər üçün bu, arzuolunandır.
Beynəlxalq təhlilçilər qeyd edir ki, Azərbaycan hazırda Əbir nəfərin idarə etdiyi” və bütün açar qərarların kiçik elita qrupunda verildiyi siyasi sistemə çevrilib. Belə sistemlərdə rəqabət formal xarakter daşıyır – seçkilər bir növ təsdiqləmə mərasiminə çevrilir, məhkəmələr müstəqil deyil, media azad deyil.
Azərbaycanda bu tendensiyalar son illərdə daha da güclənib. 2020-ci ildə parlament seçkilərində belə, cüzi müstəqil namizədlər qalib gəlsə də (məsələn, Erkin Qədirli kimi), sonradan onlar da tamamilə neytrallaşdırılıb və parlament sükut içində fəaliyyətini davam etdirir.
Əli Kərimlinin həbsi ölkədə çoxpartiyalı siyasi sistemin faktiki sonu kimi dəyərləndirilə bilər. Əvvəllər görüntü xatirinə olsa da, az da olsa müxalif fəaliyyətə dözümlü yanaşan rejim indi tamamilə intoleranta çevrilib.
Nəticə etibarilə, İlham Əliyev özünün “rəqibsiz padşah” statusunu möhkəmləndirir.
Əli Kərimlinin saxlanılması