«Düşmənin səsini söndürün»: Ermənistanda Rusiya televiziya kanallarının bağlanması tələb olunur
Ermənistanda rus kanalları bağlansın
Ermənistanın Yüksək Texnologiyalar Nazirliyinin binası qarşısında “Düşmən kanallarına yox” və “Düşmənin səsini söndürün” yazılmış plakatlarla bir qrup etirazçı toplaşıb. Aksiyanın təşkilatçısı “Respublika naminə” partiyası olub. Aksiya iştirakçıları hökumətdən Rusiya televiziya kanallarını bağlamağı tələb ediblər.
“Vergi ödəyicilərinin hesabına yayılan ictimai çoxkanallı yayımda xarici kanallar Ermənistanı efirdə təhqir edir. Bu, artıq bütün sərhədləri aşır. Biz hökumətimizdən bu kanalları bağlamağı tələb edirik. Bu mediada yayılan nifrət ritorikası Ermənistan əleyhinə hibrid müharibənin bir hissəsidir,” — “Respublika naminə” partiyasının rəhbəri Arman Babacanyan bildirib.
Aksiya iştirakçıları yalnız plakatlar deyil, həm də üzərində Rusiya efirindən kadrların yapışdırıldığı televizorlar gətiriblər.
“Rus tullantısına yox” dediklərini göstərmək üçün ekranlardakı şəkillərin üzərindən xətt çəkərək televizorları zibil qutularına atıblar.
Rusiya kanallarının bağlanması məsələsi iyunun ortalarından yenidən müzakirəyə çıxarılıb. Rusiya iş adamı Samvel Karapetyanın həbsindən sonra “Rossiya-1” dövlət telekanalının jurnalisti Vladimir Solovyov efirdə Ermənistan əleyhinə növbəti dəfə hücum edib. O, əvvəl böyük iş adamını dəstəkləməklə başlayıb, sonra isə Ermənistan hakimiyyətini kobud tənqid edib və ölkəni “Artsaxın taleyi” ilə, yəni məhv olunmaqla hədələyib.
Bu, cəmiyyətdə narazılıq doğurub. Solovyovun bəyanatlarına bir çox erməni siyasətçiləri və politoloqları münasibət bildiriblər. Xarici İşlər naziri Ararat Mirzoyan bunları “Ermənistanın daxili işlərinə kobud müdaxilə, suverenliyi və demokratiyasına təcavüz” kimi qiymətləndirib. O, rəsmi notanın Rusiya tərəfinə verildiyini bildirib.
Lakin hələlik Ermənistan hakimiyyətinin Rusiya kanallarını ictimai çoxkanaldan çıxarmaq niyyəti məlum deyil.
Parlament spikeri Alen Simonyan hesab edir ki, məsələ ciddi şəkildə müzakirə olunmalıdır:
“Əgər daxili işlərimizə müdaxilə etməyə cəsarət edən kanallar varsa, ola bilsin ki, biz də eyni qaydada cavab verməliyik. Məsələn, onların vətəndaşlarımızın evlərində yayımını qadağan etməklə.”
Daha öncə Ermənistan jurnalist təşkilatları birlikdə bəyanatla çıxış edərək Rusiya kanallarının yayımının dayandırılmasını tələb ediblər. Bəyanatda həmçinin Ermənistan informasiya məkanını xarici hibrid hücumlardan qorumaq üçün ekspert müzakirələrinin başlanmasının vacibliyi vurğulanıb.
“Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşməsi Ermənistan vətəndaşlarına da təsir edəcək
“Ermənistanda faşist təbliğatı olmamalıdır”: aksiyanın detalları
“Respublika naminə” partiyasının sədri Arman Babacanyan rus mediasının mövqeyini hibrid müharibə kimi xarakterizə edib:
“Vuruşanlar düşmənlərdir. Rusiyanın dövlət siyasəti erməni dövlətçiliyinə qarşı düşmən münasibətlidir. Onların strateji məqsədi erməni dövlətçiliyinin ləğvidir. Eyni məqsədi rus mediası da güdür.”
Partiyanın sədr müavini Ruben Meqrabyan bildirib ki, “Ermənistanda heç bir dildə faşist təbliğatı olmamalıdır.” O hesab edir ki, Rusiya telekanalları kabel yayımından da çıxarılmalı, “Sputnik Ermənistan” agentliyinin fəaliyyəti qadağan edilməlidir:
“Ermənistan hökuməti Rusiyaya içəridən hücum etməyə artıq imkan verməməlidir.”
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts qeyd edir ki, “Ermənistanda Rusiya təbliğat maşını tərəfindən yayılan dezinformasiya ölkənin təhlükəsizliyi üçün təhdiddir.”
Aksiya iştirakçıları hökumətə çağırış edərək “siyasi iradə göstərib bəyanatlardan konkret hərəkətlərə keçməyin vaxtı çatıb” deyiblər.
Ermənistanın ictimai rəqəmsal çoxkanallı yayımında üç Rusiya telekanalı yayımlanır: “RTR-Planeta”, “Birinci kanal. Dünya şəbəkəsi” və “RTR-Mədəniyyət”. Onların yayımı Kütləvi Kommunikasiya sahəsində Əməkdaşlıq Sazişi çərçivəsində həyata keçirilir. Ermənistan və Rusiya bu sənədi 2020-ci ildə imzalayıblar. Sazişin 5-ci maddəsi, xüsusilə, aşağıdakıları nəzərdə tutur:
- Dövlətlərin xalqlarına və milli dəyərlərinə təhqiredici proqramların istisna edilməsi;
- Digər tərəfin daxili siyasi həyatına müdaxilənin aradan qaldırılması.
Rusiya tərəfinin gündəlik rejimdə yol verdiyi pozuntular Ermənistan Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınır. Lakin Komissiyanın pozucu kanalların yayımını dayandırmaq səlahiyyəti yoxdur. Belə qərarı yalnız Yüksək Texnologiyalar Nazirliyi verə bilər. Üstəlik, sazişin birtərəfli ləğvi barədə müddəa mövcud deyil.
Televiziya və Radio Komissiyası iki Rusiya kanalında sistemli pozuntuların olduğunu bildirir
“Ermənistanın informasiya məkanı istənilən xarici qüvvələrin manipulyativ, təbliğatçı və provokasiyaedici təsirindən, daxili siyasi vəziyyətə müdaxilə cəhdlərindən azad olmalıdır,” — deyə Televiziya və Radio Yayımı Komissiyası bəyan edib.
Komissiya üzvləri bildirirlər ki, uzun müddətdir “RTR-Planeta” və “Birinci kanal. Dünya şəbəkəsi” telekanallarının bir sıra proqramları
- Ermənistan və Rusiya hökumətləri arasında bağlanmış sazişin müddəalarını, həm də Ermənistan qanunvericiliyini sistemli şəkildə pozur,
- onların fəaliyyəti isə Rusiya və Ermənistan arasında ənənəvi, qarşılıqlı hörmətə əsaslanan müttəfiqlik münasibətlərinə ziddir.
“Televiziya və Radio Komissiyasına çoxsaylı şikayətlər və təkliflər daxil olur, tənzimləyici orqandan tələb edilir ki, Ermənistanın ictimai media məkanının özbaşınalıq mühitinə çevrilməsinə imkan verməsin. Bu mühitdə təhqirlər, dezinformasiya, nalayiq sözlər, zorakılığın müdafiəsi və əsas insan hüquqlarının pozulması norma halına gəlir və cəmiyyətin şüuruna, davranışına mənfi təsir göstərir.
Bu telekanalların yayımladığı mesajlarda müntəzəm yaranan düşmənçilik və tam azadlıq fonu iki dövlətimizin cəmiyyətlərinin bir-birini tanımasına, hörmət etməsinə və qiymətləndirməsinə kömək edə bilməz,” — Komissiyanın bəyanatında qeyd olunub.
Bundan əlavə, Ermənistan komissiyasının üzvləri bildirirlər ki, onlar münaqişələri “konstruktiv dialoq yolu ilə” həll etməyə cəhd göstəriblər. Lakin nəticə olmayıb:
“Biz qəbul etməliyik ki, bu iki Rusiya telekanalı [“RTR-Planeta”, “Birinci kanal”] proqramlarında dezinformasiya və gərginlik yaradan məzmunu yayımlamağa davam edir.”
Ön hekayə: Solovyovun bəyanatı və Ermənistan parlamenti spikerinin sərt cavabı
Rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun iki müəllif proqramı ötən ildən bəri Ermənistanın ictimai çoxkanalında anti-erməni məzmununa görə bloklanıb. Lakin “Solovyovla axşam” verilişinin son buraxılışlarından birində jurnalistin səsləndirdiyi fikirlər böyük narazılıq doğurub və Ermənistanın sosial media seqmentində geniş yayılıb. Teleaparıcı Rusiya milyarder iş adamı Samvel Karapetyanın həbsi barədə danışaraq onu hakimiyyəti ələ keçirməyə çağırmaqda ittiham edən Ermənistan hakimiyyətini hədəfə alıb:
“Yaxın dostum Samvel Karapetyan satılmış, alçaq, aciz bir hakimiyyətin görünməmiş təzyiqlərinə məruz qalır. Bu, Ermənistanın tarixini satan, Artsaxı təslim edən, erməni xalqının tarixində müqəddəs olan hər şeyi inkar edən bir hakimiyyətdir. Erməni xalqı, siz kim olduğunuzu xatırlayın! Güclü xristian ənənəsinə sahib güclü bir ölkə! Biz Ermənistan Respublikasının daxili işlərinə qarışmırıq. Amma Ermənistan xalqı hələ də ölkəsinin taleyində iştirak edir, yoxsa tezliklə Artsaxın taleyini yaşayacaq?” – deyə o bildirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Solovyovun çıxışına sərt reaksiya verib:
“Bu iyrənc televiziya fiquruna elə gəlir ki, ölkə rəhbərini alçaldıcı ifadələrlə təhqir edə, xalqı qanuni yolla seçilmiş hakimiyyətə qarşı siyasi hərəkətə çağırmağa, insanların hissləri ilə oynamaya, bütün bu ucuz cəfəngiyyatı acınacaqlı aktyorluqla ört-basdır etməyə və sonra da sadəcə “Bu, daxili işlərə müdaxilə deyil” deməyə haqqı var. Bu qədərmi asandır? Bu, Ermənistan Respublikasının daxili işlərinə açıq müdaxilə, onun rəhbərliyinə və xalqına qarşı bilərəkdən nifrət və təhqir yaymaqdır.”
Parlament rəhbərinin sözlərinə görə, dövlət kanalında yayımlanan bu cür çağırışlar ölkələrarası münasibətlərə ciddi zərər vurur və Ermənistan ictimaiyyətində “dərin nifrət” doğurur:
“Ümid edirəm ki, bu məsələni dəfələrlə müzakirə etdiyimiz rusiyalı həmkarlarım reaksiya verəcəklər və Ermənistan cəmiyyəti həmin kanalda, eyni “bədii” tərzdə aydın və rəsmi üzrxahlıq eşidəcək.”
Ermənstanda rus kanalları