Dünyanın rəngarəngliyi haqda filmlər, flamenko və foto-sərgi – Azərbaycanda IMAGINE festivalı başlayıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda IMAGINE üçüncü Avropa tolerantlıq festivalı başlayıb. İki həftə boyunca, mayın 1-dən 15-ə qədər bakılılar tolerantlıq və mədəni dialoq mövzusunda 30-a yaxın bədii və sənədli filmə baxa biləcəklər. Bu dəyərlərin təbliğ edilməsi Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin təşkil etdiyi festivalın əsas məqsədidir.
Kino nümayişlərindən başqa festival çərçivəsində bir neçə konsert və foto-sərgi də keçiriləcək. Festivalın ilk tədbiri Çili-Belçika qarışıqlı saksofonçu Marselo Monkadanın çıxışı olub – o, “İçəri Şəhər” metro stansiyasında konsert verib.
Festivalın kinoproqramı
Festivalın kinoproqramına Fransa, Latviya, Finlandiya, Belçika və Hollandiyadan olan məşhur rejissorların filmləri daxil edilib.
Onlardan bəzilərini təqdim edirik:
“Violonçel ifa edən qadın” – finlandiyalı rejissor Paavo Vesterberqin romantik dramı. Filmin baş qəhrəmanı ulduz karyerasından imtina etmək məcburiyyətində qalır. O, musiqi müəlliməsi olur və tələbələrindən birinə vurulur. Gənc oğlanla onu aralarındakı böyük yaş fərqi ayırsa da, musiqi ehtirası birləşdirir.
“Buqələmunu rənglə” – Andres Lübbertin sənədli filmi onun atası, Pinoçetin diktaturası zamanı Çilidən qaçan hərbi fotoqraf Xorxe Lübbertə həsr olunub. Uzun illər sonra o, tərk etdiyi vətəninə və qaranlıq keçmişinə səyahət edə bilir.
“Saşka” – polyak Katajin Lesişin Etqar Keretin romanının motivləri əsasında çəkdiyi qısametrajlı dramdır. 27 dəqiqə ərzində rejissor tamaşaçıları Polşa vizası almaq üçün saxta nikaha girən ukraynalı gənc qızın hekayəsi ilə tanış edir.
Festival proqramına daxil olan filmlərin rejissorları tamaşaçılarla görüşəcək, master-klaslar keçəcək və tələbələrlə ünsiyyətdə olacaqlar.
Digər tədbirlər
Metroda çıxışından başqa Marselo Monkada “Ratunda” caz-klubunda braziliyalı prodüser və musiqiçi Klaudio Frankonun azərbaycanlı ifaçılarla birgə yaratdığı Brasilidade musiqi kollektivi ilə birlikdə konsert verəcək.
Eyni caz-klubda flamenko və Aralıq dənizi motivli musiqi ifa edən ispan gitaraçı Əl-Əmirin konserti də baş tutacaq.
Portuqaliyalı müğənni Maqda Mendes “Nizami” kinoteatrında çıxış edəcək.
Təşkilatçılar festivalın geniş tamaşaçı kütləsi üçün açıq olmasına səy göstəriblər, buna görə də praktiki olaraq bütün tədbirlərə giriş azaddır.
Bu il festivalın yeniliyi Bakıdan başqa Gəncə şəhərini də əhatə etməsi olub – orada da bir neçə tədbir keçiriləcək.
Avropa tolerantlığına nə zaman və harada qoşulmağın mümkünlüyü haqda məlumatı www.imagine.az saytından əldə etmək olar.