Çinin “Huawei” şirkəti – dünyanın ən iri smartfon və digər telekommunikasiya avadanlığı istehsalçılarından biri – rabitə sahəsində 5G yeni nəsil məhsulları ilə xarici bazarlara çıxmağa cəhd edir. Lakin onun üçün ağır dövrlər başlayıb. Daha ətraflı “CNN”in materialında.
Nə baş verir
Birdən birə bir neçə ölkə – Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya elan ediblər ki, “Huawei”lə əməkdaşlıqdan imtina edirlər və ona öz bazarlarında işləməyi qadağan edirlər, yaxud da bu məsələnin təfərrüatlarını araşdıracaqlar.
“Huawei”in özünə bu qədər yüksək diqqət çəkməsinin səbəbi onun Çin hökuməti ilə əməkdaşlığı və ondan asılılığıdır. Bundan əlavə, şirkət Çin hökumətinin yerli müsəlman əhali barəsində sərt repressiv siyasət yürütdüyü Sintszyan-Uyğur muxtar dairəsində insan haqlarının pozulmasında şübhəli bilinir.
Söhbət kibertəhlükəsizlikdən getdiyi üçün işə dövlət orqanları qarışıblar.
Əsas rəqib
“Huawei”ə qarşı ən ağrılı tədbirlər ABŞ-da həyata keçirilib.
Məhz Amerika hökumətinin sorğusu əsasında Kanadada şirkətin maliyyə direktoru və təsisçisinin qızı həbs edilmişdi. O, “Huawei” məhsullarında casus proqramların quraşdırılmasında ittiham edilir.
Ötən həftə “Huawei”ə qarşı Amerika Maliyyə Nazirliyinin sanksiyaları tətbiq edilib.
Bundan sonra “Google” şirkəti “Huawei”ə özünün “Android” əməliyyat sistemi üçün yenilənmələri təqdim etməkdən imtina edib. “Huawei”də həmin əməliyyat sistemindən istifadə olunur. Bu, “Huawei” cihazlarının dünya bazarındakı rəqabət qabiliyyətini və onun səhmlərinin qiymətini kəskin aşağı salıb.
Əsas müttəfiq
“Huawei” Rusiyanın “Avrora” əməliyyat sisteminə keçə bilər.
Rusiya əməliyyat sisteminin Çin smartfonlarına quraşdırılması imkanlarını Vladimir Putin və ŞXR sədri Si Tszinpin müzakirə ediblər. “Avrora” əməliyyat sistemi Finlandiyanın “Sailfish” əməliyyat sisteminin Rusiya versiyasıdır. Sistemi yaradan “Jolla” şirkətini 2014-cü ildə rusiyalı sahibkar Qriqori Berezkin alıb. Sonradan o, rabitə nazirliyi ilə bunun əsasında Rusiya əməliyyat sisteminin inkişafı barədə razılığa gəlib.
“Avrora” dünya bazarlarında “Android”lə rəqabət aparmaq iqtidarında deyil. Onun yeganə üstünlüyü ondadır ki, Rusiyada məmurları, dövlət şirkətlərinin və büdcə təşkilatlarının işçilərini kütləvi şəkildə Rusiya əməliyyat sistemi ilə təchiz edilmiş telefonlara keçirəcəklər.