“Duaya görə başını yarıblar” – Qərbi Gürcüstandakı kənddə xristianlar və müsəlmanlar dalaşıblar
Qərbi Gürcüstanda Çoxataur bələdiyyəsinin Buknari kəndində xristian və müsəlman icmaları arasında münaqişə baş verib.
Sonradan məlum olduğuna görə, müsəlman icması nümayəndələrinin kənddə namaz otağı inşa etmək istədikdən və yerli xristian icması buna etiraz etdikdən sonra yaranan mübahisə fiziki toqquşmaya qədər böyüyüb,
Yanvarın 12-də yaşanan toqquşmada daş-qalaq edilmələri nəticəsində üç müsəlman, o cümlədən də uşaqlar ciddi xəsarətlər alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Həmin günün axşamı DİN əməkdaşları münaqişə iştirakçılarından birini saxlayıblar. Müsəlmanlar yerli hakimiyyətin müdaxiləsini tələb edirlər.
- Peyvənddən imtina, homofobiya, Rusiyadan sentimentlər – kilsə Gürcüstanın Qərbyönlü kursuna mane olurmu?
- Transgenderə sığınacaq verən kilsə. Video
Bugün Buknari kəndinə müsəlman icmasını dəstəkləmək üçün qonşu Açara regionundan onlarla insan gəlib.
Onlardan biri də Piruz Tsulukidze “Batumelebi” qəzetinə müsahibəsində bildirib ki, müsəlmanlarla həmrəylik ifadə etmək üçün gəlib: “Biz mitinqə gəlməmişik. Biz burada nə baş verdiyini soruşmağa gəlmişik və qoy bunun mitinq, etiraz, dinc söhbət bə ya başqa nəsə olacağına yerli ictimaiyyət qərar versin”.
Digər aksiya iştirakçısı Ramaz Çaqaidzenin sözlərinə görə, yerli sakinlər, o cümlədən də məktəb müəllimləri müsəlmanlara təzyiq göstərirlər və namaz otağının inşasından çəkindirməyə çalışırlar. “Biz kəndin mərkəzinə getməkdən, toplantılardan kənar durmağa çalışırıq ki, qarşıdurma olmasın. Onlar isə qruplara bölünürlər, maşınları saxlayır və insanları döyürlər”, – Ramaz Çaqaidze “Formula” telekanalına danışıb.
Reaksiya
Buknari kəndindəki münaqişəyə Gürcüstan Yevangilist Vəftizçi Kilsəsinin mitropoliti Malxaz Sonqulaşvili, Gürcüstanın xalq müdafiəçisi Niko Lomcariya və İnsan Haqları Sahəsində Maarifləndirmə və Monitorinq Mərkəzi (EMC) reaksiya veriblər.
Sonqulaşvilinin sözlərinə görə, “duaya görə cavan insanların başının yarıldığı ölkənin gələcəyi yoxdur”. “Biz həmçinin ölkəmizin müsəlmanlara qarşı olan vətəndaşlarına müraciət edirik, bu ölkədə hər kəs öz dininə əməl etmək hüququna sahibdir, hər kəsin dininin tələblərinə uyğun olaraq öz dini binasını abadlaşdırmaq hüququ var”, – Sonqulaşvili deyib.
İnsan Haqları Sahəsində Maarifləndirmə və Monitorinq Mərkəzi (EMC) dövləti münaqişəni yatırmağa çağırıb. Təşkilatın fikrincə, dövlət orqanları insan haqlarının müdafiəsi üzrə səmərəli addım atmalıdır.
Fərdi evdə dini məkanın təşkil olunması, bu, hər hansı inşaat işləri tələb etmirsə, hüquqi nizamlanaya və ya icazə alınmasına tabe tutulmur – EMC bəyanatında deyilir. Xalq müdafiəçisi Nino Lomcariyanın sözlərinə görə, “bu, 2012-2016-cı illərdə yaşanan dini münaqişələrin təəssüf ki, hüquqi nəticələrinin olmamasının davamı ola bilər”.