Cənubi Osetiya televiziyası yubileyini qeyd edir, onun yaranışından 22 il keçir. İlk dəfə telekanal 1994-cü ilin mart ayında yayıma çıxıb.
Bunun necə baş verməsi və nəyə çevrilməsi haqda “JAMnews yerli televiziyanın ən reytinqli verilişlərindən birinin aparıcısı Tamerlan Dzutsevlə söhbət edib.
JAMnews: 1994-cü ildə hər şeyin necə başlandığını xatırlayırsız?
– Mən onda respublikada yoxuydum, Moskvada idim. Amma əlbəttə ki, bunun necə effekt verdiyini bilirəm. Öz televiziyan! Bir çoxları üçün bu yəqin ki, bizim müstəqil dövlətə çevrilməyimizin ən əsaslı sübutuydu. Hamı baxırdı.
JAMnews:Yayım osetin dilində idi?
– Bəli, amma rus dilində də verilişlər varıydı.
JAMnews:Bəs kadrları haradan götürürdülər?
– Bütün bunlar sırf entuziazm üzərində qurulurdu. Alan Cioyev və Valeri Xubulov hardansa avadanlıq axtarıb tapırdılar. Süjetləri bəzən evdə, dizlərinin üstündə hazırlayırdılar. Bu, iki il sürdü, televiziyanın müstəqil olduğu müddət ərzində. Sonra o, dövlətin əlinə keçdi.
JAMnews:Cənubi Osetiya televiziyasının kontenti indi necədir?
– Öz yayımımız 15.00-dan başlayır. Həmin vaxta qədər biz Rusiyanın kontentindən istifadə edirik, əsasən də filmlər. Amma Rusiyanın federal telekanallarında Cənubi Osetiya ilə bağlı hər hansı bir xəbər çıxanda bu əlbəttə ki, ayrıca bir məsələdir.
JAMnews:Hakimiyyət televiziyaya xüsusi maraq göstərir?
– Mən respublika rəhbərlərinin də olduğu canlı verilişlər, bazar günü axşam efirə çıxan və məmurların da qonaq olduğu “Uca səslə verilişini, həmçinin parlament və prezident seçkiləri qabağı teledebatları aparıram. Maraq təbii ki hiss olunur.
JAMnews: Bəs təzyiq?
– O qədər də yox.
JAMnews: Yəni yaradıcılıq azadlığı var?
– Yaradıcılıq təqdir edilir. Amma siyasi xətt nəzərə alınmalıdır, axı biz dövlət telekanalıyıq. Baxmayaraq ki, Cənubi Osetiya prezidenti Leonid Tibilov tənqidi yaxşı qarşıladığını bildirir.
JAMnews: Respublika ərazisində gürcü televiziyasını izləmək mümkündür?
– Bəli, xüsusən də sərhədyanı zonalarda. Mən bəzən baxıram, təbii ki, gürcü dili bilgilərimin imkan verdiyi qədər.
JAMnews:Təəssüratlarınız necədir?
– Təsvirinə, texniki imkanlarına görə təbii ki, onlar bizi qabaqlayıblar.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.