Dörd günlük müharibə
Talış: xarabalığın tarixi
1992-ci ildən başlayaraq, erməni Talış kəndi iki dəfə dağıdılıb və iki dəfə də sakinləri təxliyə olunub. Birinci təxliyə zamanı Aram öz övladlarını, ikincidə isə nəvələrini xilas etməli olub.
“Nəvələrimi dolu kimi yağan bombalardan xilas etmək üçün, öz bədənimi onlara sipər edirdim. Bütün salamat qalan əşyaları yığmışam – bizi başqa yerə köçürürlər, – Ohanyan deyir.
Talış Dağlıq Qarabağın ən qədim və iri yaşayış məntəqələrindən biridir. 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələri kəndə hücüm çəkəndə Ohanyan özünü və uşaqlarını xilas etmək üçün kənddən çıxdı, elə həmin vaxt bu yerləri məntəqənin digər sakinləri də tərk etdi – təxminən 40 min erməni.
Talış təqribən 2 il ərzində Azərbaycan qoşunlarının nəzarəti altında qaldı. 1994-cü ilin aprel ayında erməni qüvvələri düşməni geri çəkilməyə məcbur edəndə Ohanyan və kəndi tərk edən sakinlərin bir hissəsi qayıdıb, dağıdılmış evlərini bərpa etdilər.
2016-cı il aprelin 2-nə keçən gecə Azərbaycan ordusu Talışı intensiv atəşə tutan zaman Ohanyan ailəsi – ər-arvad, gəlin və ən kiçiyi 4 aylıq olan üç uşaq öz otaqlarında yatırdılar. Onların hərbçi olan oğulları həmin gecə növbədə idi.
“Uşaqlar nə baş verdiyini anlamırdılar. Partlayışdan qorxuya düşüb, ucadan ağlamağa başladılar. Gəlin dörd aylıq uşağı bağrına basıb, onu öz bədəni ilə örtdü, yoldaşımla mən də iki qalan uşağı, – Ohanyan dağıdılmış evinin içində danışır.
Talış Dağlıq Qarabağın ucqar şimalında, Azərbaycan kəndləri ilə sərhəddə yerləşir. Bombardmandan bir neçə saat sonra kənd sakiləri təxliyə olunub. Kəndin qırağındakı evlərdə bir neçə qoca qalıb. Aprelin 2-si səhər kəndə Azərbaycan təxribat qrupu daxil olub. Bütün kütləvi informasiya vasitələrinin artıq xəbər verdiyi kimi, onlar üç qocanı güllələyərək, qulaqlarını kəsiblər.
Azərbaycan Silahlı Qüvvələri bir neçə hərbi postu ələ keçiriblər, bir neçə gün sonra isə onları ermənilər geri alıb. Təmas xəttinin cənub-şərq istiqamətində azərbaycanlılar Lələ Təpə yüksəkliyini və beş postu ala biliblər.
Dörd günlük müharibə necə başladı
1-5 aprel müharibəsi həm Ermənistan, həm də Azərbaycan tərəfindən yüzlərlə qurban və yaralıların olmasına gətirib çıxardı. Amma onu gözlənilməz hesab etmək olmazdı, çünki 1994-cü ilin mayında tərəflər müddətsiz atəşkəs haqqında müqavilə imzalayandan sonra silahlanma üzrə qaçdı-qovdu başladı. Danışıqlar prosesi dalana dirəndi, Azərbaycan isə dəfələrlə münaqişəni hərbi yolla həll etməyə hazır olduğunu bəyan edirdi.
Dörd günlük müharibə nəticəsində insan itkilərindən başqa, tərəflər həm də kifayət qədər böyük maddi və hərbi zərər çəkdilər. Amma 1994-cü ilin status-kvosu dəyişmədi, Azərbaycan SQ-nin nəzarəti altına keçən kiçik bir ərazi istisna olmaqla.
Bəs dörd günlük müharibə necə başladı? Dörd mümkün ssenarini təqdim edirik.
Birinci ssenari: təxribatçı əməliyyatından geniş miqyaslı hərbi əməliyyatlara qədər
Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın təxritatçı qrupu Talışa daxil oldu, amma darmadağın edildi. Qrupun köməyinə Azərbaycanın Mi 24/35 vertolyotu tələsdi və Mrav dağının şərq yamacında vuruldu. Beləliklə də hərbi əməliyyatlar DQ və Azərbaycanın təmas xəttinin bütün perimetri üzrə getdi. Tərəflər ağır artilleriyadan, o cümlədən də “Smerç və “Qrad yaylım atəş sistemlərindən istifadə etdi. Həm hərbi, həm də mülki obyektlər atəşə tutulurdu.
İstisna olunmur ki, Talış və qonşu Mataqis kəndlərinin alınacağı təqdirdə qazanılmış uğurdan ilhamlanan Azərbaycan Ordusu müxtəlif ərazilərdə, əsasən də, Ağdam-Stepanakert istiqamətində piyadaların irəliləməsinə başlayacaqdı.
İkinci ssenari: uğursuz blitskriq
Azərbaycan blitskriq həyata keçirərək, erməni məntəqələri və rayonlarını zəbt etməyə çalışdı. Bu versiyanın xeyrinə o faktı göstərmək olar ki, aprelin 1-dən bir gün əvvəl Azərbaycan tərəfi bütün təmas xətti boyu ağır texnika və şəxsi heyətin intensiv yerdəyişməsini həyata keçirdi.
Dağlıq Qarabağın lideri Bako Saakyanın mətbuat konfransında söylədiyinə görə, Qarabağ tərəfi əks-kəşfiyyatın sayəsində bu yerdəyişmələrdən xəbərdarıydı. Azərbaycanın blitskriqi baş tutmadı.
Üçüncü ssenari: Rusiyanın “gizli əli
Bu günlərdə qərb, qismən də erməni informasiya, ekspert və politologiya dairələrində müzakirə olunan versiyaya görə, hərbi qarşıdurma Rusiya tərəfindən qurulub ki, tərəflər Moskvaya hərbi əməliyyatların dayandırılması üçün müraciət etsin. Rusiyanın təşkil edəcəyi görüşün nəticəsində isə hərbi əməliyyatlar dayandırılmalı, gələcəkdə də münaqişə zonasında Rusiya sülhməramlıları yerləşdirilməli idi.
Doğrudan da Kremlin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan SQ baş qərargah rəislərinin Moskvada görüşü keçirildi və hərbi əməliyyatlar dayandırıldı.
Dördüncü ssenari: Türkiyənin “gizli əli
Erməni, qismən də Rusiya informasiya, ekspert və politologiya dairələrində müzakirə olunan versiyaya görə, DQ və Azərbaycanın təmas xəttində hərbi əməliyyatlarda maraqlı olan Türkiyə idi. Bu fikri RF baş naziri Dmitri Medvedev də bölüşür. Bu versiyanın nəyə əsaslandığını bir mənalı şəkildə demək çətindir, amma bir fakt aydındır ki, Türkiyə açıq şəkildə Azərbaycanı müdafiə edir və dəstəkləyir.
Ermənistanda Rusiya əleyhinə günlər
Ermənistan anti-Rusiya günlərini yaşayır. Bir çoxlarına bu, təəccüblü, hətta inanılmaz görünə bilər, amma reallıq budur. Ölkə prezidenti və baş naziri Azərbaycanın Qarabağda istifadə etdiyi silahları Moskvadan alması və almaqda davam etməsi faktı ilə bağlı öz narahatlıqlarını ifadə etdilər. Ermənistan müdafiə nazirinin mətbuat katibi Azərbaycana Rusiya silahının satışını ədəbsizlik adlandırdı.
Rusiya məmurları, o cümlədən də baş nazir və baş nazir müavini bildirdilər ki, Azərbaycanla bağlanan müqavilələrə əsasən, silah satışını davam etdirəcəklər. Rusiya rəsmi şəxsələri və KİV daha tez-tez Dağlıq Qarabağın Ermənistanın nəzarəti altında olan ətraf rayonlarının Azərbaycana qaytarılmasının vacibliyindən danışırlar. Bu rayonlar əsasən 1993-cü ildə Azərbaycanda hakimiyyət başında İlham Əliyevin atası Heydər Əliyevin olduğu vaxtlarda ermənilərin nəzarəti altına keçib.
Görünür, Ermənistan hakimiyyəti çətin vəziyyətdə qalıb. Ölkənin strateji tərəfdarı olan Rusiya Azərbaycanı silahlandırır və erməni qüvvələrinin Dağlıq Qarabağın ətraf rayonlarından çıxarılması üçün təbliğat təzyiqinə əl atır.
Serj Sarqsyan və Ermənistan üçün çətin zamanlar başlayıb. Görünür, məhz bu çətinliklər də Serj Sarqsyanı özünün ən sərt tənqidçisi və barışmaz rəqibi – Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşməyə məcbur etdi. Birinci prezidentin evində baş tutan görüş zamanı ancaq Dağlıq Qarabağ məsələsi müzakirə olunurdu.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 13.04.2016