Diplomatik əlaqələr olmadığı halda Gürcüstan üçün vizanın ləğvi üzərində işləmək real deyil
Paylaşmaq
Paylaşmaq
“Ölkələr arasında diplomatiq əlaqələr olmadığı halda Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi üzərində işləmək real deyil” – Rusiya Xarici İşlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Moskva Gürcüstan vətəndaşları üçün vizanın ləğvinə hazırdırmı?” sualının cavabında Lavrov Avropa ittifaqının Gürcüstan üçün viza rejimini ləğv etməsini misal çəkib və əlavə edib ki, Brüssel və Tbilisi bunun üçün böyük iş görüb.
Eyni zamanda Lavrov qeyd edib ki, “Rusiya və Gürcüstan arasında Saakaşvili rejimi tərəfindən pozulan diplomatik əlaqələr bərpa olunmadığı halda bu cür iri miqyaslı işi yoluna qoymaq real deyil”.
O, həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin qarşılıqlı əsasda Gürcüstanla vizasız rejimin tətbiqini istisna etməyib.
“Bu məsələ ilə bağlı müştərək hərtərəfli işin aparılması üçün biz həmişə açığıq”. – Sergey Lavrov 2015-ci ilin dekabrında Rusiyanın Gürcüstan vətəndaşlarının ölkəyə gəliş qaydalarını xeyli liberallaşdırdığını xatırladaraq deyib. Bu gün onlar fərdi şəxslərin, təşkilatın və ya daimi yaşayan xarici vətəndaşın dəvətilə məhdudiyyətsiz Rusiyaya səfər edə bilərlər.
Lavrovun sözlərinə görə, ötən il ərzində İsveçrənin Tbilisidəki səfirliyindəki Rusiya maraqları seksiyası tərəfindən verilən vizaların sayı demək olar ki, iki dəfə artıb. Hazırda iki ölkə arasında reyslər edən təyyarə ekipajları üçün viza sadələşdirilməsi üzərində iş gedir.
2001-ci ildə Rusiya təhlükəsizlik niyyətilə Gürcüstanla viza rejimi tətbiq etdi. Viza rejimi Abxaziya və Cənubi Osetiyaya (204-cü ildə qısa müddətə Acariyaya da) şamil edilmədi. Gürcüstan isə Rusiyaya qarşı sadələşdirilmiş viza rejimi tətbiq etdi.
2002-ci ildən etibarən Rusiya Abxaziya və Sxinval regionu (Cənubi Osetiya) sakinlərinə Rusiya vətəndaşlığı verməyə başladı. Hər iki regionun əhalisinin 90 faizi bu gün RF vətəndaşıdır.
2008-ci ildə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq Gürcüstan RF ilə diplomatik əlaqələri kəsdi.
2010-cu ildə Gürcüstan Şimali Qafqaz sakinləri üçün 90 günə qədər səfər zamanı vizasız rejim tətbiq etdi. Digər Rusiya vətəndaşları isə Gürcüstana giriş zamanı viza ala bilərdilər.
2012-ci ilin fevralında Gürcüstan RF vətəndaşları üçün viza rejimini ləğv elədi.
2015-ci ilin dekabrında Rusiya Gürcüstanla viza rejimini sadələşdirdi. Yeni qaydalara görə, istənilən Gürcüstan vətəndaşı RF immiqrasiya orqanlarında tərtib olunmuş istənilən Rusiya vətəndaşının (əvvəlki kimi yalnızca yaxın qohumların deyil) dəvəti olarsa, turist vizası istisna olmaqla istənilən növ viza ala bilər.
Dekabrda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etməyib.