Gürcüstanda 2013-cü il mayın 17-də homofobia əleyhinə aksiyada zorakılığa məruz qalanlara kompensasiya ödənəcək
Paylaşmaq
Paylaşmaq
Mayın 15-də Apellyasiya Məhkəməsi Tbilisi Şəhər Məhkəməsinin qərarını olduğu kimi saxlayıb. Həmin qərara əsasən, Daxili İşlər Nazirliyi 17 may 2013-cü ildə zərər çəkən şəxslərə kompensasiya ödəməlidir. Bu haqda məlumatı Gənc Hüquqşünaslar Assosiasiyası yayıb.
Əvəzi ödəniləcək mənəvi zərər ümumilikdə 12 min 500 lari həcmində dəyərləndirilib. Bu məbləğ 17 may 2013-cü ildə Beynəlxalq homofobiya və transfobiya ilə mübarizə gününə həsr olunmuş aksiyada iştirak edən və qarşıdurma nəticəsində xəsarət alanlar arasında paylanacaq.
Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndələrinin sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarı o deməkdir ki, 4 il əvvəl DİN öz həmvətənlərini müdafiə etməyib. Dövlətin öz vətəndaşlarına qarşı laqeydliyi və fəaliyyətsizliyi isə bu hallarda zorakılığın təşviq edilməsinə bərabərdir.
Xatırladaq ki, 17 may 2013-cü ildə onlarla adam homofobiya və transfobiya ilə mübarizəyə həsr olunmuş aksiyaya müdaxilə edərək, bir neçə iştirakçıya qarşı zorakılıq tətbiq edib. Bu gün Apellyasiya Məhkəməsi qərar verib ki, Daxili İşlər Nazirliyinin əməlləri həmin gün effektiv olmayıb, qurum lazımi sayda, müvafiq qaydada təchiz olunmuş əməkdaş ayırmalı, aksiya iştirakçılarının müdafiəsi üçün bütün imkanlarından istifadə etməliydi.