Dekabrın 16-dan əcnəbilər Gürcüstanda torpaq ala bilməyəcəklər. Yeni qanunda nə yazılıb?
«Gürcüstan torpağını almağa imkan verməyəcəyik!» — ultramillətçi “Gürcü marşı” hərəkatının üzvləri və onların tərəfdarları həftə boyunca bu şüar altında Tbilisidə – Ədliyyə evinin qarşısında aksiya keçirəcəklər.
Onların etirazlarının ünvanı “Gürcüstan torpağını almağa” hazırlaşan xarici ölkə vətəndaşlarıdır.
Ultramillətçiləri narahat edən nədir və Gürcüstanda başqa ölkələrin vətəndaşlarının torpaq alma qaydasını müəyyən edən yeni konstitusiyada nə yazılıb?
_______________
Aksiya iştirakçıları Gürcüstan Konstitusiya Məhkəməsinin kənd təsərrüfatına yararlı torpaqların əcnəbilərə satışına qoyulmuş qadağanı ləğv edən qərarına qarşı çıxırlar.
Dekabrın 10-da Ədliyyə evinin qarşısında əməlli-başlı “face control” qurulmuşdu.
Aksiya iştirakçıları başqa ölkələrin vətəndaşlarını Gürcüstan vətəndaşlarından dərilərinin rənginə görə ayırd edir və onları Ədliyyə evinin binasına buraxmırdılar.
Aksiya dekabrın 11-də davam etdirildi. Piket bir həftə davam edəcək və dekabrın 16-da başa çatacaq.
Aksiya iştirakçıları arasında olanlar yalnız “marş”ın ultramillətçi üzvləri deyil. Ədliyyə evinin qarşısına Gürcüstan parlamentinin üzvləri, “Vətənpərvərlər alyansı” siyasi partiyasının liderləri Ada Marşaniya və Emzar Kvitsiani də gəliblər.
Ədliyyə evinin qarşısında nəyə etiraz edirdilər?
Gürcüstan Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə Yunanıstan vətəndaşları Prokopiy Savvidi və Diana Şamanidi müraciət ediblər. Onlar Gürcüstan ərazisində miras olaraq aldıqları torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyatdan keçirə bilmirdilər, belə ki, kənd təsərrüfatına yararlı torpaqların əcnəbilərin adına qeydiyyatına qadağa qüvvədə idi.
Onlar tələb edirdilər ki, hələ də qüvvədə olan konstitusiyanın 21-ci maddəsinə zidd olan məhdudiyyət aradan qaldırılsın.
Bu gün qüvvədə olan konstitusiyanın 21-ci maddəsində deyilir:
«Varislik və mülkiyyət hüququ tanınır və toxunulmazdır. Ümumi mülkiyyət, onun alışı, satışı və ya miras kimi qəbulu hüququnun ləğvi yolverilməzdir».
Dekabrın 7-də Konstitusiya Məhkəməsi iddianı təmin etdi və qadağanın qüvvədən düşdüyünü bildirdi.
Lakin bu qadağa yalnız dekabrın 16-dək aradan qaldırılıb.
Dekabrın 16-da Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək. Andiçmədən sonra yeni konstitusiya qüvvəyə minəcək ki, həmin konstitusiyada, ondan öncəkindən fərqli olaraq, kənd tsərrüfatına yararlı torpaqların əcnəbilərin mülkiyyətinə verilməsi qadağan edilir.
Məhz buna görə ultramillətçilər dekabrın 16-dək Ədliyyə evinin qarşısında növbə çəkirlər. Bundan sonra onların işini artıq yeni konstitusiya görəcək.
Beləliklə, Gürcüstanda torpaq qeydiyyatdan keçirmək arzusunda olan əcnəbilər qanuna müvafiq olaraq dekabrın 7-dən 16-na qədər ixtiyarlarında olan beş iş günündən istifadə edə bilmədilər.
Aksiya iştirakçılarından biri – millətçi “Kartuli dasi” siyasi hərəkatının lideri Condi Baqaturiya deyir ki, hakimiyyətin korrupsiyalaşmış hissəsi Konstitusiya Məhkəməsi ilə əlbir olub.
“Əcnəbilərin bu beş gün ərzində gürcü torpaqlarını alması üçün artıq 2500 sifariş hazırlanıb”, – ictimai yayımçıya müsahibəsində Baqaturiya bildirib.
Yeni kosntitusiyada nə yazılıb?
Seçilmiş prezident Salome Zurabişvili and içdikdən sonra yeni konstitusiya qüvvəyə minəcək.
Yeni konstitusiyada yeni qeyd var:
«Xüsusi təyinatlı ehtiyat kimi, kənd təsərrüfatına yararlı torpaqlar yalnız dövlətin, özünüidarə vahidinin, Gürcüstan vətəndaşının, yaxud Gürcüstan vətəndaşları birliyinin mülkiyyətində ola bilər», istisnalar isə əlavə qanunvericilik aktı ilə müəyyənləşdirilməlidir.
Əlavə qanunun layihəsi artıq parlamentin aqrar məsələlər üzrə komitəsinin sədri Otar Daneliya tərəfindən hazırlanıb.
Qanun layihəsi andiçmə mərasimindən sonra təqdim olunacaq.
Qanun layihəsinə görə, digər ölkənin vətəndaşı olan fiziki şəxs Gürcüstanda kənd təsərrüfatına yararlı torpaq ala bilməyəcək.
Bundan savayı, xarici ölkə vətəndaşları, Gürcüstan vətəndaşı ilə nikaha girdikdən sonra belə toroağın qeydiyyatdan keçirilməsi hüququ əldə etməyəcəklər.
Tiorpağın qeydiyyatdan keçirilməsi hüququnu yalnız o xarici ölkə vətəndaşları əldə edəcəklər ki, Gürcüstandakı torpaq onlara miras olaraq qalsın.
O ki qaldı hüquqi şəxslərə, onlar torpaq almaq hüququnu yalnız o halda əldə edəcəklər ki, şirkətin sahiblərinin arasında Gürcüstan vətəndaşı, yaxud vətəndaşlar qrupu olsun.
Konstitusiyada bu qeydin müəllifi hakim partiyadır.
Tərəfdarların və əleyhdarların arqumentləri
Əcnəbilərə kənd təsərrüfatına yararlı torpaqların satışına konstitusion qadağanın həm tərəfdarları, həm də əleyhdarları var.
Qadağanın tərəfdarlarının əsas arqumenti odur ki, sərt tənzimlənmə olmadan ucuz Gürcüstan torpağı asanlıqla varlı əcnəbilərin əlinə keçəcək.
Yayılmış arqumentlərdən biri də budur ki, əgər əcnəbilər kütləvi şəkildə Gürcüstan torpaqlarını almağa başlasalar, gürcülər Gürcüstanda azlıqda qalacaqar.
Qadağanın əleyhdarlarının fikrincə, əcnəbilərə torpaq satışına qoyulmuş qadağa ölkəyə gələn investisiyaların həcmini azaldacaq. Bu qadağa ilə ölkə özünü yüksək ixtisaslı investorlardan və ölkədə kənd təsərrüfatının inkişafı üzrə biliklərin, təcrübənin və müasir texnologiyaların tətbiqindən, həmçinin torpağın daha yaxşı əllərə düşməsi imkanından məhrum edir.
Bundan əlavə, qadağanın əleyhdarları hesab edirlər ki, varlı alıcılar ölkəyə buraxılmazsa, bazarda torpağın qiyməti ucuzlaşacaq və bu da ilk növbədə, kəndlilərə ziyandır.