Daha dörd ölkənin vətəndaşları Ermənistana vizasız gələ biləcək
Sinqapur, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın vətəndaşları Ermənistana vizasız gələ və ölkə ərazisində il ərzində 180 gün qala biləcəklər.
Bu qərarla Ermənistan hökuməti bu ölkələrin vətəndaşlarının digərlərinə nisbətən daha fəal səyahət etdiyinə dair beynəlxalq statistik məlumatları nəzərə alaraq, ölkəyə turist cəlb etməyə çalışır.
Amma vizasız rejim birtərəfli olacaq. Ermənistan vətəndaşları Sinqapur, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyaya vizasız gedə bilməyəcək.
Ermənistanın xarici işlər nazirinin müavini Şavaş Koçaryan hökumətin iclasında bildirib ki, bu ölkələr turizm və biznes nöqteyi-nəzərindən çox perspektivlidir – onların ÜDM göstəriciləri yüksəkdir.
Baş nazir Karen Karapetyan ideyanı dəstəkləyib: “Məhz bu cür, ÜDM göstəricisi yüksək olan ölkələrlə çalışın. Şübhəsiz xeyir olacaq”.