“Yoldaş media”nın təsisçisi Əhməd Məmmədli adam yaralamaqda ittiham edilir, həyat yoldaşı deyir ki, bu, onun jurnalist fəaliyyətinə görədir, saxlanılan zaman zorakılığa məruz qalıb.
Hökümətyönlü “APA”-nın xəbərində xəbərdə deyilir ki, Ə.Məmmədli mayın 6-da saat 22 radələrində, Biləcəri qəsəbəsində, Dünyamalıyev Vüqar adlı şəxsə qarın boşluğundan bıçaqla xəsarətlər yetirib. Media yazır ki, “səbəb taksidə yer üstündə mübahisə”dir.
Məmmədlinin 2024-cü ilin yanvar ayından ölkədən çıxışına qadağa var.
Yanvarın 23-də o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılmışdı. Prokurorluqda ona bildirilmişdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edib, həmçinin ölkədən çıxışına qadağa qoyulub. Ə.Məmmədli 2022-ci ildə də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Ə.Məmmədli 2022-ci ildə də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Həyat yoldaşı Türkan Məmmədli “JAMnews”a açıqlamasında bildirir ki, dünən axşam, təxminən saat 22 radələrində Əhmədlə mesajlaşıb:
“Dedi ki, evə gələndə nə alım? Mən də geri yazdım, daha sonra cavab ala bilmədim. Səhər oyananda “öyrəndim ki,”adam bıçaqlayıbmış. Vəkili vasitəsilə dedi ki, saxlanılan zaman polislər tərəfində zorakılığa məruz qalıb, döyülüb”.
T.Məmmədlinin sözlərinə görə, Əhməd jurnalist fəaliyyətinə görə saxlanılıb.
“O, “Yoldaş media“nın təsisçisidir, həmçinin bir sıra medialarla frilans əməkdaşlıq edirdi. Həbs olunduğu gün isə Tofiq Yaqublunun məhkəməsini çəkməyə getmişdi.
2023-cü ilin sonlarından “Abzas Media” əməkdaşlarının həbsi ilə başladılan basqılar nəticəsində 20-dən çox jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının tam heyəti həbs olunub, redaksiyaları isə qapadılıb.
Bu proseslərin davamı olaraq ölkədə fəaliyyət göstərən beynəlxalq media təşkilatlarının akkreditasiyaları ləğv edilib, ofisləri qapadılıb.
Habelə, Beynəlxalq Şəffaflıq Təşkilatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi və Avropa İttifaqının (Aİ) ən böyük təhsil proqramı olan “Erasmus+” Azərbaycanda fəaliyyətini dayandırıb.