Aprelin 9-da prezident seçkilərinə hazırlaşan Cənubi Osetiyada olayların gözlənilməz inkişafı baş verir.
Özünü müxalifətin lideri kimi görən, amma MSK-nın namizəd kimi qeydə almadığı Eduard Kokoytı tərəfdarlarını potensial rəqibi – hazırkı spiker Anatoli Bibilovu dəstəkləməyə çağırıb.
Bu müraciətdə ən təəccüblü olan indiyə qədər Kokoytı və Bibilovun Cənubi Osetiya üçün ən vacib məsələdə diametral mövqe nümayiş etdirmələri ilə bağlıdır: bundan sonra da nəinki Rusiya, bütün dünya tərəfindən Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasında israr etmək (Kokoytının mövqeyi), yoxsa Rusiyanın tərkibinə daxil olmağa səy göstərmək (Bibilovun mövqeyi)?
Martın 30-da Eduard Kokoytı “Çempionlar Liqası” binasının qarşısındakı toplantıda (Kokoytı tərəfdarları ilə görüşləri adətən burada keçirir) tərəfdarlarını Anatoli Bibilova səs verməyə çağırıb.
Hələ ki, rəsmi bəyanat verilməyib, amma Facebook-da onun bu sözlərinin fəal müzakirəsi gedir.
Tipik mövqelər:
“Leonid Tibilov [hazırki prezident] seçkilərdə dəqiq uduzacaq”.
“İndi Anatoli Bibilov ilk turdaca qalib gələcək”.
“Ağlıma sığışdıra bilmirəm ki, tamamən fərqli mövqelərə sahib Bibilov və Kokoytı birləşə bilər. Bu günə qədər bir-birinə nifrət edirdilər, indi isə birləşməyə qərar veriblər. Əclaf adamlar?”
“Əgər siz Kokoytının tərəfdarısınızsa və həqiqətən Bibilovu dəstəkləyəcəksizsə, deməli, siz sürüsüz və sizi hara istəsələr ora sürürlər”.
“Kokoytı Bibilovu da öz ardınca siyasi puçluğa sürükləmək qərarına gəlib! Əminəm ki, Bibilov özü də şokdadır”.
“Kokoytı tərəfdarlarından soruşmaq istəyirəm. Dünənə qədər siz car çəkmişdiz ki, Tibilov, Bibilov və Qaqloyev eyni teatrın aktyorlarıdır və onlar hamısı Surkovun əlində marionetkadır. Nə dəyişib?”
Cənubi Osetiyada prezident seçkiləri və respublikanın adının dəyişdirilməsilə bağlı referendum aprelin 9-da baş tutacaq.
Mərkəzi Seçki Komissiyası respublikanın hazırkı prezidenti Leonid Tibilovu, parlamentin spikeri Anatoli Bibilovu və DTK əməkdaşı Alan Qaqloyevi namizəd kimi qeydiyyata alıb.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər