CRRC: ABŞ Gürcüstanın böyük dostu, Rusiya isə əsas düşmənidir
Paylaşmaq
Paylaşmaq
Qafqaz Resurslarının Tədqiqi Mərkəzinin (SRRC) apardığı “Qafqaz barometri -2017” sorğusunun nəticələrinə əsasən, respondentlərin 25 faizi ABŞ-ı Gürcüstanın ən yaxın dostu hesab edir. Azərbaycan və Ukraynanı ayrı-ayrılıqda yaxın dost hesab edənlər respondentlərin yeddi faizini, Türkiyə və Rusiyanı isə altı faizini təşkil edib.
Sorğu olunanların on yeddi faizi hesab edir ki, Gürcüstanın dostu yoxdur, 25 faizi isə bu suala cavab verə bilməyib.
Respondentlərin 40 faizi Rusiyanı Gürcüstanın əsas düşməni adlandırıb. Türkiyəni əsas düşmən olaraq görənlər üç faizdir. Altı faiz hansısa başqa ölkənin adını çəkib. İyirmi bir faiz Gürcüstanın düşməninin olmadığı fikrindədir, 30 faiz isə bu suala cavab verə bilməyib.
CRRC-Gürcüstan Nyu-Yorkun Karnegi korporasiyasının qrant vəsaiti ilə bu sorğunu həyata keçirib. Sorğunun yekunları bütün Gürcüstanı əhatə edir. “Qafqaz barometri” regional layihədir. Sorğular Azərbaycan, Ermənistan və Gürcüstanda eyni metodla aparılır. Belə sorğu Gürcüstanda 2008-ci ildən etibarən hər il keçirilirdi, 2013-cü ildən isə iki ildə bir dəfə keçirilməyə başlayıb. Bütün ölkə üzrə sorğular 2017-ci il sentyabrın 23-dən oktyabrın 10-a qədər aparılıb və 2379 nəfər sorğuda iştirak edib. Tədqiqatın yanılma payı iki faiz civarındadır.