CPT-nin Azərbaycana səfəri: Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr bərpa olunurmu?
CPT-nin Azərbaycana səfəri
22 sentyabr – 3 oktyabr tarixlərində Avropa Şurasının İşgəncənin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (CPT) nümayəndə heyəti Azərbaycana səfər edib.
Yayılan məlumatda deyilir ki, bu, nümayəndə heyətinin ölkəyə altıncı səfəridir.
CPT-nin məlumatına görə, səfərin məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində, cəzaçəkmə müəssisələrində və psixiatrik müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, onlarla rəftarı və hüquqi təminatlarını araşdırmaq olub. Nümayəndə heyəti həmçinin əvvəlki səfərlərdən sonra Azərbaycan hakimiyyətinin Komitənin tövsiyələri əsasında gördüyü tədbirləri nəzərdən keçirib.
Səfər çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirilib və səfərin sonunda Azərbaycan hakimiyyətinə ilkin müşahidələr təqdim edilib.
Avropa Şurasının CPT-nin Bakıya son səfəri bir tərəfdən Azərbaycanın beynəlxalq təzyiqlər fonunda taktiki yumşalma cəhdi kimi görünür. Digər tərəfdən isə uzunmüddətli etimad böhranının hələ aradan qalxmadığını göstərir.
Bu səfər həm AŞPA ilə əlaqələrin mümkün bərpası, həm də ölkə daxilində repressiya və hüquqi təminat problemlərinin real mənzərəsini ortaya qoymaq baxımından mühüm sınaqdır.
CPT-nin səfəri nə deməkdir?
Avropa Şurasının CPT-si digər beynəlxalq qurumlardan fərqli olaraq, praktiki mandatlı bir mexanizmdir. Onun işi sənəd hazırlamaqdan çox yerində monitorinq aparmaq, polis idarələri, cəzaçəkmə müəssisələri və psixiatrik xəstəxanalarda şəraitlə tanış olmaq, saxlanılan şəxslərlə birbaşa görüşməkdir.
Komitənin Azərbaycana altıncı səfəri artıq sistemli nəzarət mərhələsinə keçidin göstəricisidir. Səfərin məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraitini, onlara qarşı rəftarı və hüquqi təminatlarını araşdırmaqdır.
Lakin bu səfər sadəcə texniki yoxlama deyil – o, 2024-cü ilin iyulunda CPT-nin Azərbaycanla əməkdaşlığın dayandırıldığını elan etdiyi bəyanatın ardınca baş verir. Həmin bəyanatda Komitə Azərbaycan hökumətinin onun məktublarına cavab vermədiyini, tövsiyələri yerinə yetirmədiyini və “dialoqdan qəti imtina etdiyini” bildirmişdi.
Eyni zamanda səfərin AŞPA-da Azərbaycanın səsvermə hüququnun dondurulması, eləcə də BMT Baş Assambleyası çərçivəsində prezident İlham Əliyevlə Avropa Şurasının baş katibi Alen Berse arasında keçirilən görüşlə eyni vaxta təsadüf etməsi diplomatik səhnədə “ikili oyun siqnalı” effekti yaradır: Bakı həm “dialoqa açığıq” mesajı verir, həm də mövqeyindən geri çəkilmədiyini göstərir.
Bakı hansı mesajı verir?
Xarici auditoriya üçün
Azərbaycan CPT-nin səfərinə icazə verməklə Avropa institutlarına “biz körpüləri tam yandırmamışıq” mesajı göndərir. Bu addım reputasiya itkisinin, sanksiya risklərinin və enerji əməkdaşlığında siyasi təzyiqlərin qarşısını almağa hesablanmış ola bilər.
Bakı üçün bu, həm də Avropa Şurası ilə əlaqələri formal səviyyədə saxlamaq, yəni Qərbdən tam izolə olunmamaq strategiyasının bir hissəsidir.
Lakin bu jestin sərhədləri məhduddur – çünki CPT-nin 2022-ci ilə dair hesabatı Azərbaycanın razılığı olmadan ictimailəşdirildikdən sonra Bakı Komitə ilə əməkdaşlığı “qəti şəkildə dayandırmışdı”. Həmin hesabatda polis bölmələrində və istintaq təcridxanalarında işgəncə və pis rəftar hallarının sistemli xarakter daşıdığı vurğulanır, Daxili İşlər Nazirliyinin CPT tövsiyələrinə əməl etmədiyi qeyd olunurdu.
Daxili auditoriya üçün
Bu səfər ölkə daxilində böyük ictimai müzakirə doğurmasa da, hakimiyyət üçün legitimlik vitrini rolunu oynayır. “Beynəlxalq qurumlar bizimlə işləyir” imici daxildə repressiv siyasətə qarşı yönələn tənqidləri yumşaltmaq, “Bakı ilə heç kim danışmaq istəmir” görüntüsünü aradan qaldırmaq məqsədi daşıyır.
Bununla belə, səfərin daxili siyasət kontekstində rezonansı son günlərdə iqtidara yaxın media təhlillərində də hiss olunur.
“Gununsesi.info” saytının rəhbəri, jurnalist Pərviz Həşimli Danimarkada keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısından sonra yayımladığı şərhində yazır ki, “Azərbaycan artıq öz suverenliyini tam təmin edib və Avropadan gələn tələbləri nəzərə almadan əvvəlki mövqeyini davam etdirmək mümkün deyil”.
Həşimlinin yazdığına görə, ölkə iqtisadiyyatı postneft dövrünə qədəm qoyur və “cərimələri artırmaqla və inzibati sanksiyalarla iqtisadiyyatı ayaqda saxlamaq olmaz”. O hesab edir ki, belə şəraitdə Azərbaycanın Avropadan başqa yolu yoxdur və bu yol “həqiqi demokratik islahatlardan keçir”.
Hökumətə yaxın şəxslərin bu cür çağırışları təkcə iqtisadi deyil, həm də siyasi məna daşıyır. Həşimli yazır ki, “prezident xalqın dəstəyini almış liderdir və jurnalistlərin, siyasi fəalların həbsdə saxlanması artıq hakimiyyət üçün təhlükə yaratmır”. Onun fikrincə, belə yumşaq addımlar həm beynəlxalq arenada, həm də daxildə Azərbaycan hakimiyyətinə siyasi dividendlər qazandıra bilər.
Bu cür yanaşmaların hökumətə yaxın informasiya mənbələrində səslənməsi təsadüfi deyil. Belə təhlillər adətən hakimiyyətin daxili ton dəyişikliklərini və Avropa ilə münasibətlərin bərpasına yönəlik diplomatik siqnalları əks etdirir.
Beləliklə, CPT-nin səfəri yalnız beynəlxalq kontekstdə deyil, həm də daxili auditoriyada “yumşalma və islahat havası”nın sınaq göstəricisinə çevrilir. Bu, bir tərəfdən siyasi təzyiqlərin azaldılması, digər tərəfdən isə Avropa platformalarında – o cümlədən AŞPA-nın yanvar sessiyasında Azərbaycanın mandatının bərpasına hazırlıq kimi oxuna bilər.
Problemin kökü
CPT-nin əvvəlki hesabatları göstərir ki, Azərbaycanda işgəncə və pis rəftar halları tək-tək hadisələr deyil, sistemli problemdir.
Komitə 2022-ci il hesabatında polis əməkdaşları tərəfindən şəxslərə qarşı döyülmə, boğulma, elektrik şoku və seksual zorakılıq təhdidləri kimi işgəncə formalarını sənədləşdirmişdi. CPT bildirirdi ki, bu iddialar çoxsaylı və ardıcıl xarakter daşıyır, yəni sistem səviyyəsində problem mövcuddur.
Azərbaycan hökuməti bu iddiaları rədd edərək Komitənin hesabatının “əsassız və qərəzli” olduğunu bəyan etmişdi. Lakin CPT-nin 2024-cü ilin iyul bəyanatında açıq şəkildə qeyd edilirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyi illərdir tövsiyələrin icrası ilə bağlı heç bir konkret addım atmır və Komitə prezidentinin məktublarına cavab verməmək Avropa Konvensiyasının misli görünməmiş pozuntusudur.
Bu mənzərə fonunda belə sual yaranır:
“Altı səfər, onlarla tövsiyə və bir ictimai bəyanatdan sonra Azərbaycanda struktur səviyyəsində nə dəyişib – və ya nəyə görə dəyişmir?”
CPT-nin ictimai bəyanatı və 2022-ci il hesabatının detalları
2024-cü ilin iyulunda Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi (CPT) Azərbaycanla bağlı nadir və fövqəladə addım ataraq ictimai bəyanat yayıb.
Bu addım, Komitənin əsasını təşkil edən Konvensiyanın 10-cu maddəsinə əsaslanır – bu mexanizm yalnız dövlət CPT ilə əməkdaşlıqdan imtina etdikdə və ya tövsiyələri yerinə yetirmədikdə tətbiq edilir.
CPT bildirmişdi ki, Azərbaycan hakimiyyətinin Komitə ilə konstruktiv dialoqdan qəti imtinası və problemlərin həllinə yanaşmaması belə bir ictimai bəyanata səbəb olub. Xüsusilə, Komitə prezidenti Bakıdakı yüksək səviyyəli görüşlərə dair məktublar göndərsə də, rəsmi Bakı onları cavabsız buraxıb.
Komitənin bəyanatında göstərilir ki, CPT Azərbaycanla bağlı səfər hesabatlarında polis əməkdaşları tərəfindən saxlanılan şəxslərə qarşı davamlı zorakılıq və işgəncə halları barədə çoxsaylı məlumatlar alıb. 2022-ci ilin dekabrında keçirilmiş xüsusi səfər zamanı hazırlanan 38 səhifəlik hesabatda etiraf ifadələri almaq üçün ağır fiziki zorakılıq və işgəncə tətbiq edildiyi qeyd olunub.
İddia edilən metodlara döymə, təpiklə zərbə, dəyənəklə və taxta çubuqlarla vurma, dabanlara (“falaka”) vurmaq, eləcə də şüşə butulka ilə təcavüz hədəsi və elektrik şoku verilməsi kimi halları daxil idi. Saxlanılanların ailə üzvlərinə qarşı təzyiq və hədə qorxular barədə də məlumatlar toplanmışdı.
Bu səbəbdən CPT, presedentsiz bir addım ataraq 2022-ci il hesabatını Azərbaycan hökumətinin razılığı olmadan ictimaiyyətə açıqladı. Komitə bildirdi ki, işgəncə iddialarının miqyası və ciddiliyi bunu zəruri edib. Bu qərar CPT-nin tarixində şəffaflıq və hesabatlılıq naminə atılmış nadir addımlardan biridir.
Azərbaycan hökuməti cavabında bəyan etdi ki, hesabatın razılıqsız yayımlanması “Konvensiyanın tələblərinə ziddir” və “ədalətsizdir”. Xarici İşlər Nazirliyi CPT-nin bu davranışını “qeyri-konstruktiv” adlandırıb, Milli Məclisin deputatı Fazil Mustafa isə Komitəni “qərəzli yanaşmada” ittiham edib.
CPT isə bunun əksini düşünür: qurumun fikrincə, Azərbaycan Konvensiya üzrə öhdəliklərini kobud şəkildə pozan azsaylı Avropa Şurası üzvlərindən biridir.
Diplomatik fon: Əliyev-Berse görüşü və “bərpa edilən əlaqələr“
CPT-nin nümayəndə heyətinin Bakıda olduğu günlərdə prezident İlham Əliyev BMT Baş Assambleyası çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Bu görüş diplomatik planda simvolik idi: tərəflər uzun fasilədən sonra ilk dəfə üz-üzə danışdılar.
Səfər və görüş bir-birini tamamlayan jestlər kimi oxunur – Bakı Avropa Şurası ilə dialoqu tam kəsmədiyini göstərmək istəyir. Lakin bu “bərpa jesti” real əməkdaşlığa çevrilə bilərmi?
Əgər Azərbaycan CPT-nin son səfəri üzrə hesabatının ictimaiyyətə açıqlanmasına icazə versə, bu, etimadın tədricən bərpasına səbəb ola bilər. Əks halda, səfərin mənası yalnız diplomatik simvolizm səviyyəsində qalacaq.
Növbəti aylarda nə baş verə bilər?
Komitənin səfəri üzrə yekun hesabatın 2026-cı ilin əvvəlində açıqlanacağı gözlənilir – əlbəttə, Azərbaycan hökumətinin razılığı olarsa.
İki ssenari mümkündür:
- Razılıq verilmir: Hesabat gizli qalarsa, bu, Bakının yenidən Avropa institutlarından uzaqlaşması, siyasi təcridin artması və AŞPA-da Azərbaycanın statusu ilə bağlı yeni müzakirələrin başlanması demək olacaq.
- Razılıq verilir:Bu, CPT ilə dialoqun bərpa olunduğunu göstərər və AŞPA ilə münasibətlərdə müəyyən yumşalmanın əsasını qoya bilər.
Amma belə bir addım yalnız o halda real nəticə verə bilər ki, hökumət Komitənin əsas tövsiyələrindən bəzilərini – saxlanılanlarla rəftar və istintaq şəraitinin şəffaflığını artırmaq, QHT monitorinqlərinə imkan verməyi praktik addımlarla müşayiət etsin.
CPT səfəri bir başlanğıcdır, yoxsa imitasiya?
CPT-nin Azərbaycana qayıdışı təkcə insan hüquqları yoxlaması deyil, həm də diplomatik sınaq topudur.
Bu səfər Bakının beynəlxalq təzyiqlərə necə reaksiya verəcəyini, Avropa Şurası ilə münasibətlərin hansı istiqamətə yönələcəyini və ən əsası Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində real islahat niyyətinin olub-olmadığını göstərəcək.
Əgər hökumət CPT hesabatını yenidən gizli saxlayarsa, bu, “bərpa olunan dialoq”dan çox, imitasiya olunmuş əməkdaşlıq təəssüratı yaradacaq.
Əgər əksinə, hesabat açıq yayımlanarsa, bu, etimadın yenidən qurulmasına atılan ilk addım ola bilər.
Amma o vaxta qədər bu sual açıq qalır:
Azərbaycan Avropa Şurası ilə körpüləri doğrudan bərpa edir, yoxsa sadəcə onların kölgəsində dayanır?
CPT-nin Azərbaycana səfəri