“Çox insanpərvər insandır” – “Rossiya TV”-də Putin haqda veriliş başlayıb
Rusiyanın “Rossiya” dövlət telekanalında bütünlüklə Rusiya prezidentinin işinə və asudə zamanına həsr olunmuş “Moskva. Kreml. Putin” verilişinə start verib, ВВС xəbər verir.
Məzmunu
“Rossiya” kanalı verilişin anonsunu yalnız premyeradan bir gün öncə yayımlayıb. İlk veriliş efirə çıxana qədər “Moskva. Kreml. Putin” proqramının məzmunu, dövriliyi, hətta aparıcısı haqda heç nə məlum deyildi.
Yeni format hər həftə televiziya tamaşaçılarına Vladimir Putinin həyatını nəql etməyi nəzərdə tutub. İlk verilişdə studiyaya gələn prezidentin mətbuat katibi Dmitri Peskov proqramı dövlət başçısının həftəsini göstərmək cəhdi kimi təsvir edib.
İlk veriliş dörd mövzuya həsr olunub:
• Putinin Sibirə işgüzar səfəri,
• Pensiya islahatının yumşaldılmasının elanı,
• Uşaq mərkəzini ziyatət,
• Sibirdə istirahət.
Verilişdə prezidentin ünvanına yalnız təriflər səslənib, məsələn:
‘Onun yaxşı fiziki formasına görə,
‘Uşaqlara sevgisinə görə,
‘Gərgin iş qrafikinə görə,
‘Və pensiya siyasətinin yumşaldılmasına görə.
Üslub
Proqram qonaqlarının söylədiklərindən bir neçə sitat:
“Rusiya prezidenti birinci il deyil ki, prezident işləyir, artıq arxayınlaşmaq olardı, amma yox, hər həftə sərt qrafik”.
“O qədər də anlamıram, belə qrafikə, belə marafona necə dözmək mümkündür”.
“Mədənçilərin işinin necə təhlükəli və ağır olduğunu Putin öz təcrübəsindən bilir”.
“O, həmişə insanlarla ünsiyyətdə olur ki, onları nəyin narahat etdiyini bilsin”.
“Prezident yarım saatın içində problemin mahiyyətini anlatdı”.
“Putinin uşaqları necə sevdiyi görünür”.
“O, insanları sevir. O, çox insanpərvər insandır”.
Bu cür veriliş nəyə lazımdır? – BBC-nin ehtimalları
BBC ehtimal edir ki, belə verilişin hazırlanması hakimiyyətin pensiya yaşının qaldırılması ilə bağlı açıqlamasından sonra Vladimir Putinin reytinqinin düşməsi ilə bağlıdır.
• Rusiyada pensiya yaşı və vergilər artırılıb. Hakimiyyətin arqumenti nədir və bundan sonra nə olacaq?
2018-ci ilin iyunundan prezidentin elektoral reytinqi 15 faiz düşüb (iyunun 10-da 62 faiz ona səs verməyə hazır olduğu halda, avqustun 30-da 47 faizə enib – “İctimai fikir” fondunun məlumatı)
Bu 2011-ci ildə ölkədə Duma seçkilərinin nəticələri ilə bağlı kütləvi etirazların keçirildiyi vaxtdan bəri prezidentin reytinqinin ən böyük enişi və ən aşağı səviyyəsidir.
Nümunələr
Prezidentin nailiyyətləri haqda və ya onun iştirakı ilə verilişlər bir adamın uzun illər hakimiyyətdə olduğu dövlətlərdə tez-tez rast gəlinir.
Məsələn, ümumilikdə 14 il hakimiyyətdə olan Venesuela prezidenti Uqo Çaves 1999-cu ildən 2012-ci ilə qədər hər bazar günü səhəri “Alo Presidente” (“Alo, prezident”) proqramının efirinə çıxırdı.
Türkmənistanın dövlət televiziyası mütəmadi olaraq prezident Qurbanqulu Berdımuhammedovla (ölkəni 2006-cı ildən idarə edir) bağlı sejetlər yayımlayır və onu müasir, enerjili lider kimi təqdim edir.
61 yaşlı Berdımuhammedov rep oxuyur, idman zalında məşq edir, avtomatdan atəş açır və BMW M3-də sürət nümayiş etdirir.
Qazaxıstan lideri Nursultan Nazarbayev (1990-cı ildən hakimiyyətdədir) haqda isə sənədli filmlər sillsiləsi çəkilib və bir həftə boyu nümayyiş olunub. Bu, “Nazarbayev mərkəzində” Nazarbayevə həsr olunmuş “İlk prezident günündə” baş verib.