Con Kerrinin Gürcüstana səfəri. Əsas
Varşavada keçiriləcək NATO sammiti ərəfəsində ABŞ-ın dövlət katibi Con Kerri Gürcüstana rəsmi səfər edib. Kerri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
“Ən vacib memorandum
Səfərin əsas nəticəsi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşdirilməsi haqqında memorandumun imzalanması oldu. Bu o deməkdir ki, ABŞ yenidən ölkəyə müdafiə tədarükündən tutmuş geniş informasiya mübadiləsinə qədər bir sıra istiqamətlər üzrə kömək göstərməkdə davam edəcək.
Memorandum həm də texniki heyətin və xüsusi proqramların hazırlanmasını nəzərdə tutur ki, onların da məqsədi Amerika tərəfi ilə birgə ölkənin ərazi müdafiəsinin təmin olunmasıdır.
“Birgə təlimlər daha çox keçiriləcək ki, bu da Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün vacibdir. Həm də bu sənəd təbii ki, Gürcüstanla Amerika arasında mühüm strateji əməkdaşlığın daha bir sübutudur, – memorandumun imzalanmasından sonra baş nazir Georgi Kvirikaşvili deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, memorandum sərhədlərin, dəniz və hava məkanının təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlığı nəzərdə tutur və bütövlükdə NATO-ya üzv olmaq yolunda Gürcüstana kömək edəcək.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli memorandumu ABŞ-la Gürcüstan arasında “ən vacib razılaşma adlandırıb.
“İllər ərzində Gürcüstanın silahlı qüvvələrinə kömək əsasən beynəlxalq missiyalarla əlaqədar olub və Gürcüstanın NATO-ya üzv olması planlarına sıx bağlıdır. Bu gün isə biz yeni bir razılaşma əldə etdik, onun da məqsədi Gürcüstan dövlətinin öz ərazi müdafiəsi məqsədlərinin həyata keçirilməsi yolunda Amerikadan fundamental və əhəmiyyətli köməyin alınmasıdır, – Xidaşeli bildirib. Onun sözlərinə görə, konkret plan tərtib olunacaq, memorandumun tətbiqinə isə bu ilin axırına qədər başlanılmalıdır.
Xatırladaq ki, avqust müharibəsindən sonra Gürcüstana silahın alınması ilə bağlı müəyyən embarqo qoyulmuşdu.
ABŞ Gürcüstanın suverenliyini dəstəkləyir
“Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini, təhlükəsizliyini, çiçəklənməsini və Avro-Atlantikaya olan meyillərini dəstəkləyir, – ABŞ dövlət katibinin sözlərinə görə, o Vaşinqtondan Tbilisiyə məhz bu mesajla gəlib.
Onun sözlərinə görə, ABŞ Rusiyanı 2008-ci ildə bağlanan atəşkəs haqqında müqavilənin tələblərini, o cümlədən də qüvvələrin münaqişəyə qədər tutduqları mövqelərə qaytarılması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırmaqda davam edir.
“ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir. Gürcüstan ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalı və hərbiləşdirilməsi qəbul olunmazdır, – deyə o bildirib.
Qarşıdan gələn seçkilər demokratiya üzrə imtahandır
Tbilisidə keçirilən mətbuat konfransı zamanı Kerri qeyd edib ki, oktyabrın 8-də keçiriləcək seçkilər Gürcüstan üçün növbəti imtahan olacaq.
“Azad və şəffaf seçki bu ölkənin bütün sakinləri üçün daha böyük təhlükəsizlik, daha böyük stabillik və çiçəklənməyə doğru atılan mühüm addım olacaq, – deyə o bildirib.
Kerri təhdiddən kənar azad seçki mühitinin olmasının vacibliyini qeyd edib.
“Gürcüstan regionda başqaları üçün dinc demokratik dəyişikliklər və seçki şəraitinin yaxşılaşdırılması modelidir. Azad və ədalətli seçki ölkənin əhalisi üçün daha böyük təhlükəsizlik, daha böyük stabillik və çiçəklənməyə doğru atılan mühüm addım olacaq. Bütün söhbətlərimiz zamanı biz təhdiddən kənar azad seçki mühitinin olmasının vacibliyindən, həm də KİV-in azadlığının qorunması işində gələcək inkişafla bağlı danışmışıq, – deyə Kerri qeyd edib.
Gürcüstan və NATO
Con Kerri həm də ABŞ-ın Gürcüstanın Avro-Atlantika meyillərini dəstəkləməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Gürcüstan Alyans üzvü olmayan ölkələr arasında Əfqanıstandakı “Qətiyyətli dəstək missiyasına ən iri sərmayəçidir.
Amma belə görünür ki, Gürcüstan Varşavada keçiriləcək sammitdə Alyansda üzvlüklə bağlı fəaliyyət planını yenidən ala bilməyəcək, bu sənədi Tbilisi son bir neçə il ərzində almağa çalışır.
Kerri bildirib ki, Gürcüstanın NATO-ya inteqrasiyası prosesində beynəlxalq çağırışlar səbəbindən ləngimələr olsa da, bunu ümidin itməsi kimi qəbul etmək lazım deyil.
Dövlət katibi deyib ki, Vaşinqton NATO-nun açıq qapı siyasətini qəti surətdə dəstəkləyir və təkrarən bildirib ki, ABŞ 2008-ci il Buxarest sammitinin bəyannaməsini dəstəkləyir, bu sənədə görə isə Gürcüstan NATO-ya üzv olacaq.
“Bu təklifi biz Varşavada da dəstəkləyəcəyik, – deyə o qeyd edib.
Onun sözlərinə görə, “prosesin ləngidilməsinin öz səbəbləri olub, çünki çox sayda, o cümlədən də Ukrayna və Suriya ilə bağlı beynəlxalq çağırışlar var.
Xaçapuri və çaxır haqqında
Georgi Kvirikaşvili ilə Tbilisidə keçirilən birgə brifinq zamanı Kerri auditoriyanı gürcü dilində salamlayıb. Özünün senator olduğu vaxtlarda Gürcüstana ilk səfərini xatırladaraq, Con Kerri təəssüflə deyib: “Ötən dəfə xaçapuri və çox gözəl bir çaxırın dadına baxandan sonra niyə bura daha əvvəl gəlmədiyimi heç cür anlaya bilmirəm.
Gürcüstana səfərindən sonra ABŞ dövlət katibi Kiyevə yola düşüb. Burada onun Ukrayna rəhbərliyi ilə görüşləri planlaşdırılıb. Bundan sonra isə o Varşavada keçiriləcək Şimali Atlantika Alyansının sammitinə qatılmalı olan Birləşmiş Ştatların prezidenti Barak Obamanı müşayiət edəcək. Bu haqda ABŞ Dövlət Departamenti məlumat verir.
- Son dəfə Con Kerri Gürcüstanda 2008-ci ilin dekabr ayında ABŞ senatoru statusunda olub.
- 2012-ci ildə isə Gürcüstana o vaxtkı dövlət katibi Hillari Klinton səfər edib.
- 2005-ci ildə Gürcüstana rəsmi səfərlə ABŞ prezidenti Corc Buş gəlib.
Dərc olunub 7.07.2016