Con Kerri niyə gəlir?
ABŞ dövlət katibi Con Kerri Gürcüstana səfər edəcək. Səfərin dəqiq tarixi hələ məlum deyil. Təxmini bu, iyunun əvvəlində baş tutacaq, amma payızda parlament seçkilərinin keçiriləcəyi Gürcüstanda artıq sual yaranıb ki, ABŞ-ın yüksək vəzifəli məmurunun Gürcüstana səfərinin məqsədi nədir?
Con Kerrinin Gürcüstana gözlənilən səfəri barədə onun Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə martın 15-də Vaşinqtonda baş tutan görüşündən sonra məlum olub.
Özünün “Twitterdəki səhifəsində Kerri bunları yazıb:
Maraqlıdır ki, gürcü həmkarı ilə birlikdə Dövlət Departamentində keçirilən brifinq zamanı Con Kerri söhbətə Gürcüstan deyil, Siriya məsələsindən başlayıb.
“Bu, Gürcüstanın artıq Qərbdə aktual olmamasının daha bir əlamətidir, – sosial şəbəkə istifadəçiləri yazır.
Kerrinin nitqində diqqəti cəlb edən daha bir məqam onunla bağlıdır ki, o Gürcüstan kontekstində Rusiyanın adını çəkməyib, bunun əvəzindəsə ümumi şəkildə qeyd edib ki, “son illər ərzində Gürcüstanın çoxlu sayda problemləri və qarşıda duran vəzifələri olub.
Gürcü naziri ilə görüş zamanı Kerri Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, ölkəyə Əfqanıstandakı sülhməramlı missiyada iştirakına görə minnətdarlığını ifadə edib və Qafqaz regionunda sabitliyin dəstəklənməsində Gürcüstanın rolunu xüsusiyə vurğulayıb.
“Biz Gürcüstanın iqtisadi inkişafa və Gürcüstan əhalisi üçün imkanların yaradılmasına meyl etməsini alşıqlayırıq. Biz inanırıq ki, müstəqil, bütöv və inkişaf edən Gürcüstan Qafqazda sülh və sabitliyin qorunması üçün həyati əhəmiyyətə malikdir, – deyə dövlət katibi bildirib.
Gürcüstanın Qafqaz kontekstində anılması gürcü ekspertlərinin xüsusi müzakirə predmetinə çevrilib. Niyə ABŞ diqqəti xüsusi olaraq Qafqaza yönəldir? – deyə onlar sual verirlər.
Politoloq Korneli Kakaçiyanın fikrincə, Con Kerrinin Gürcüstanı regional aktor qismində təqdim etməsi pozitiv əlamət deyil:
“Təəssüf ki, son illərdə ABŞ Gürcüstanı əvvəl olduğu kimi Şərqi Avropanın bir hissəsi kimi deyil, Cənubi Qafqazın əsas oyunçusu kimi nəzərdən keçirir. Gürcüstanın Avro-atlantika məkanı ilə bağlı tamamilə başqa iddiaları olduğu bir vaxtda bizim təhlükəli bir regionla siyasi cəhətdən əlaqələndirilməyimiz düşünmürəm ki, müsbət bir əlamət olsun, – deyə Kakaçiya “Azadlıq radiosuna müsahibəsində bildirib.
Kakaçiya yaranan vəziyyəti gürcü diplomatiyasının passivliyi ilə izah edir. Onun sözlərinə görə, son illər ərzində o süst davranır, Ukrayna və Siriyadakı böhranın fonunda Gürcüstan məsələsini daha az vacib hesab edən ABŞ-la münasibətlər də daxil olmaqla heç bir məsələdə yeni fikirləri və təşəbbüsləri yoxdur.
Ekspertlər həm də Kerrinin ölkəyə səfərinin daxili siyasi əhəmiyyətini müzakirə edirlər. ABŞ dövlət katibinin gözlənilən səfəri 2016-cı il parlament seçkiləri ərəfəsində “Gürcü arzusu hakimiyyətinə dəstəyin ifadəsidir, yoxsa əksinə, seçkilərin demokratik şəraitdə aparılmalı olması ilə bağlı xəbərdarlıqdır?
Politoloq Xatuna Laqazidze hesab edir ki, Kerrinin səfəri əsasən qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır və bu da hökumət üçün xəbərdarlıq siqnalı olacaq. Onun sözlərinə görə, Gürcüstanın qərbdəki tərəfdaşları mümkün qədər qarşıdan gələn seçkiləri öz nəzarətləri altına götürməyə çalışacaq və hökumətdən qanuna uyğun olaraq hərəkət etməyi tələb edəcəklər:
“Təbii ki, hökumət Con Kerrinin səfərini onların dəstəklənməsinin sübutu kimi qələmə verməyə çalışacaq, amma bunun belə olduğunu düşünmürəm. Məncə, indiki vəziyyətdə Amerikanın yüksək vəzifəli məmuru hökuməti xəbərdar edəcək ki, seçkilər ədalət və demokratiya prinsiplərinə tam riayət olunması şəraitində keçirilməlidir.
Material “Azadlıq Radiosu radiostansiyasının informasiyası əsasında hazırlanıb
Dərc edilib: 17.03.2016