Çindən virus səbəbilə evakuasiya olunan həmvətənlərini Ukraynada barrikada və daşlarla qarşılayıblar
Paylaşmaq
Paylaşmaq
Ukraynada Çinin koronavirus epidemiyasının yayıldığı Xubey əyalətindən evakuasiya olunan insanları gətirən avtobuslar daşqalaq edilib. Avtobuslarda 45 Ukrayna vətəndaşı və 27 nəfər əcnəbi, o cümlədən də bir neçə həkim olub. Onların hamısı müayinədən keçirilib və sağlam olduqları təsbit edilib, onlarda koronavirus simptomları aşkarlanmayıb – Ukraynanın Hromadske teleşirkəti məlumat verib.
Təyyarənin endiyi yer və gələcək karantin məkanı əvvəlcədən elan olunmayıb və təyyarə gəlməmişdən bir gün əvvəl Ukraynanın müxtəlif regionlarında etiraz aksiyaları keçirilib.
Yerli sakinlər bəyan ediblər ki, potensial xəstələri qəbul etmək istəmirlər. Lvov vilayətinin Vinniki şəhərində beş yüz nəfərə yaxın insan yerli hospitalın girişini bağlayıb.
Ukraynada Çindən evakuasiya olunan ölkə vətəndaşlarının karantin altına alındığı qəsəbənin sakinləri onların yerləşdirilməsinə mane olmağa çalışıb. REUTERS/Valentyn Ogirenko
Evakuasiya olunanların karantin altına alınmaq üçün aparıldığı Poltava vilayətinin Novıye Sancarı qəsəbəsində yerli sakinlər yolu kəsib.
Aksiya iştirakçıları yolun ortasında ağaclardan böyük ocaq qalayıb, həmçinin insanların yerləşdirilməli olduğu yerli tibb mərkəzinin qarşısını kəsərək avtobusları oraya buraxmamağa çalışıblar.
Bir neçə avtobusun şüşələri daşlarla sındırılıb. Polislər daş atdığı ehtimal olunan bir nəfəri saxlayıb.
Ukraynanın baş naziri Aleksey Qonçarçuk Novıye Sancarı qəsəbəsinə yollanıb və bildirib ki, orada hökumətin operativ qərargahı yerləşdiriləcək.
Son məlumata əsasən, Çindən yayılan koronavirusa yoluxanların sayı 76,726 nəfərə yüksəlib, onların böyük əlsəriyyəti Çində qeydə alınıb. 2,247 ölüm halı haqda məlumdur. Eyni zamanda 18,547 nəfər sağalıb.