Bədənindən cin çıxarmaq üçün nar budaqları ilə cavan adamı döyüb öldürüblər. Mərhumun ailəsi onda psixi problemlər sezincə belə qəribə müalicə üsulu seçib. İş üzrə altı nəfər saxlanılıb.
İstintaqın versiyası
Mərhum Murad Soltanovun 25 yaşı olub və o, tutmalarla müşayiət olunan psixi problemlərdən əziyyət çəkirmiş. Cavan oğlanın atası belə qərara gəlib ki, səbəb onun bədəninə yerləşən cinlərlə bağlıdır. Əyalət şəhərlərindən birində o, cindarlar tapıb və onlara “müalicə” üçün pul ödəyib. Cinçıxarma ayini nar budaqları ilə xəstənin döyülməsindən ibarət olub. Ayin bir neçə saat davam edib və nəticədə oğlan ölüb.
Saxlanılanlara qarşı cinayət məcəlləsinin 126.3 (ölümlə nəticələnən ağır bədən xəsarəti yetirmək) və 138.2-1 (qanunla qadağan edilmiş müalicə üsullarının tətbiqi, ölümə səbəb olduqda) maddələri ilə cinayət işi qaldırılıb.
Saxlanılanlar özləri bildirirlər ki, sadəcə xalq təbabətindən istifadə ediblər: “Biz əvvəllər də onu belə müalicə etmişik, amma son seans zamanı Soltanov qəfildən öldü”.
Cəmiyyətin reaksiyası: yalnız əleyhinə deyil
Sosial şəbəkə istifadəçilərinin çoxu bu hadisədən dəhşətə gəlib:
“Bu nə cəhalətdi, sanki 21-ci əsr deyil”;
“Dəhşət! Yaxşı ki, hələ tonqalda əcinnə yandırmırlar”;
“Sahə müvəkkili və şəhər hakimiyyəti hara baxır, bilə-bilə ki, şəhərdə kimsə belə bir işlə məşğul olur? Yəqin onlar rüşvət verirmişlər, sakitcə işlərini görürmüşlər, bu səfər isə işləri düz gətirməyib – adam ölüb, işləri korlayıb!”
Amma bu cür üsulları müdafiə edənlər də tapılıb:
“Əslində bu budaqlar nazik çubuqlardır, onlarla cin tutmuş adamı rəmzi olaraq yavaşca vururlar. Onunla lap bütün günü döysən də, adam ölməz. İnsanlar yaxşı günlərindən belə üsullara müraciət etmirlər. Rəsmi tibb müalicə edə bilmir və niyə psixi sağlam adamda qəfil tutmalar başladığını izah edə bilmirlər. Xalq təbabəti sadəcə Quran oxumaqdan ibarətdir. Nə bir dərman, nə kimya. Cini bədəndən çıxarmaq mümkün olmayanda ölümlə nəticələnən hallar ola bilər”.