Çeçenistanda saxlanılan azərbaycanlıları Ukrayna ilə müharibəyə göndərməklə hədələyirlər
Çeçenistandan Ukraynaya göndərilən beş azərbaycanlı
Rəsmi Bakı Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, notada miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovdan söhbət gedir.
- Azərbaycanda parlament seçkilərinin yekun nəticələri elan olunub
- Fransalı qraffiti rəssamı Azərbaycanda 3 il azadlıqdan məhrum edilib
- Həbsdə olan iqtisadçı alim 90 gündür aclıq aksiyası keçirir
Bir gün öncə Azərbaycan mediasında zorla Ukraynaya göndərilmək təhlükəsi altında olan azərbaycanlılar haqda məlumat yayılıb.
“May ayından Çeçenistana işləməyə gedən oğlum Rzayev Nihad Tafdıq oğlu, qayınlarım Şirinov Elxan Əkbər oğlu və Məhərrəmov Vüqar Nazim oğlu miqrasiya probleminə görə hazırda həbs olunublar”, – Tovuz rayon sakini Tafdıq Rzayev bildirib.
Onun sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
“Qafqazinfo” hazırda Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmovla əlaqə saxlayıb.
Müvəqqəti saxlanma məntəqəsində zorla sənəd imzaladıqlarını deyən Elxan Şirinov onlarla birgə saxlanılan azərbaycanlıların 5 nəfər olduğunu bildirib:
“Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihad da onlarladır. Həmin 2 azərbaycanlını isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər. Biz miqrant olaraq 3 nəfər burada qaldığımız müddətdə sənədlərimiz qaydasında olmadığına görə saxlanıldıq və həmin məntəqədə orduya qoşulmaq təklif edildi. Lakin imtina etdik, sonra bizi geri qaytardılar və boş sənədə imza atdırdılar. Bilik səviyyəmiz aşağı olduğu üçün həmin sənədə qol çəkdik. Sonra bizi hazırda olduğumuz hərbi hissəyə gətirdilər. Dedilər ki, qaçmaq istəsəniz, imtina etsəniz sizi boş sahəyə aparıb güllələyəcəyik. Bizi zirzəmiyə salıb işgəncələr verirlər. Axı mən kimə görə, nəyə görə gedib Ukraynada döyüşməliyəm?” – Vüqar Məhərrəmov danışıb.