Çeçenistan prezidenti Abxaziyada necə populyarlaşdı?
Abxaziyada oğurlanmış rusiyalı biznesmen, yerli milis və Çeçenistan prezidenti Ramzan Kadırovun iştirakı ilə əsl detektiv olay cərəyan edib.
Hadisə belə baş verib.
Üç ay əvvəl Abxaziyada kimsə rusiyalı biznesmen Maksim Yakovlevi oğurlayır. Çox səs-küylü hadisə idi – maskalı adamlar biznesmenin Yeni Afonda qaldığı otel otağının qapısını sındırıb, onu oradan zorla çıxarırlar, otel əməkdaşlarını isə əvvəlcədən otaqların birinə toplayıb, qapını bağlayırlar.
Abxaziya milisi Yakovlevi üç ay müddətində axtarsa da uğurlu ola bilməyib. Daha sonra biznesmenin qohumları Çeçenistan prezidenti Ramzan Kadırova müraciət ediblər.
Tezliklə Kadırovun nümayəndələri çox da səs-küy yaratmadan Abxaziyaya gəliblər və qısa zamanda oğurlanmış biznesmen Qudaut rayonunun kəndlərindən birində tapılıb. Abxaziya Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Daur Amiçba deyib ki, Yakovlev həkim müayinəsindən keçirilib və müstəntiqlər tərəfindən dindirilib. Başqa heç bir məlumat verilməyib.
Maksim Yakovlev Abxaziyaya 2018-ci il yazın əvvəlində dincəlmək üçün gəlməyib. Hələ 2013-cü ildə Qırğızıstan onu başqasının əmlakını ələ keçirmək ittihamı ilə İnterpol vasitəsilə axtarışa verib. Yakovlev bir zamanlar Taylandda gizlənirmiş, amma sonra görünür ki, Abxaziyanı daha təhlükəsiz hesab edib, amma yanılıb.
İndi o artıq doğma Sankt Peterburqdadır, xəstəxanada yatır və jurnalistlərlə ünsiyyətdən qaçır.
Həmçinin saytda: Abxaziya kurortları rusiyalı turistləri nə ilə cəlb edir?
Əvəzində publika qarşısına Ramzan Kadırov çıxıb. O, Telegram kanalında paylaşım edərək, sanki Yakovlevi məhz özünün azad etdiyini diqqətə çatdırmağa çalışıb.
Kadırov biznesmenin qohumlarının ona müraciət etdiyini danışıb, daha sonra isə öz müşaviri, Dövlət Dumasının deputatı Adam Delimxanova minnətdarlıq bildirib.
“Bu, çətin proses idi, amma əsas nəticədir – Maksim Yakovlev azadlıqdadır. Mən səmimi qəlbdən Adam Sultanoviçə problemin uğurlu həllinə görə minnətdarlığımı bildirirəm, Maksim Yakovlevə tezliklə psixoloji və fiziki cəhətdən bərpa olunmağı diləyirəm”.
Abxaziyada Kadırovun məsələyə müdaxiləsi sosial şəbəkələrdə populyarlaşıb. İnsanlar Abxaziya hüquq-mühafizə orqanlarının kriminalla mübarizədə səmərəsizliyi haqda yazır, çoxları Kadırov kimi rəhbər arzuladığını bildirir. Bir neçə xarakterik şərh:
“Demokratik institutları neyləyirik çoxaldıb, əgər heç bir faydaları yoxdursa. Hansısa despota sahib olmaq daha yaxşıdır, əsas odur ki, qayda-qanun yaratsın”;
“Bizdə bircə siyasətçi də öz sözünə görə cavabdehlik daşımır, o isə dedi və elədi. Çox gözləmək də lazım olmadı”;
“Onu heç olmasa bir illik Abxaziyaya gətirsək, bütün tör-töküntü beşinci bucaq axtarar”.
Kadırov haqda sosial şəbəkələrin yerli müzakirələrində başqa fikir səsləndirən demək olar ki, yoxdur.