“Yoxsa aclıq olacaq” – Gürcüstanın Cavaxeti bölgəsində Ermənistan və Rusiya ilə sərhədlərin açılmasını tələb edirlər
Fevralın 3-də Gücrüstanın Samtsxe-Cavaxeti regionundakı Axalkalaki şəhərinin mərkəzində 100-ə yaxın insan aksiya keçirib. Onlar təxminən bir il əvvəl, 2020-ci ilin martında Ermənistanla və Rusiya ilə bu ölkələrdə koronavirusa yoluxma səviyyəsinin yüksək olmasına görə bağlanmış sərhədlərin açılmasını tələb ediblər.
Etirazçılar tələbləri ilə meriyaya doğru hərəkət ediblər. Şəhərin meri Yurik Unanyan onlarla pilləkənin üstündə görüşüb. Bu barədə yerli JNEWS informasiya agentliyi məlumat verib.
İnsanlar bildiriblər ki, onların əsas gəlir yolu Rusiyaya və Ermənistana mövsümi işləər getməkdir. Gedə bilməmək isə ailələri üçün aclıq deməkdir.
Bir çoxları onu da bildiriblər ki, gəlirlərinin olmaması üzündən banklara olan kredit borclarını ödəyə bilmirlər və yaşadıqları evləri itirə bilərlər.
Etiraz aksiyasının iştirakçıları məsələnin həlli üçün hakimiyyətə bir həftə vaxt veriblər və dağılışıblar.
Bu, Gürcüstanın cənub-qərbində yerləşən, əhalisinin əksəriyətini etnik ermənilərin təşkil etdiyi dağlıq regionda ilk belə etiraz aksiyası deyil. Ötən dəfə Axalkalakidə eyni tələblə aksiya yanvarın 31-də keçirilmişdi.
Cavaxetidə yaşayan minlərlə kişi onilliklərdir ki, hər yaz mövsümi işlər üçün əsasən Rusiyaya, lakin həm də Ermənistana yollanırlar ki, burada daha çox tikinti işləri ilə məşğul olurlar. Onlar yalnız payızın sonlarında evlərinə qayıdırlar.
Lakin 2020-ci ildə koronavirusa görə bağlanmış sərhədlər onlara ölkəni tərk etməyə imkan verməyib. Nəticədə, regionlar milyonlarla dollar vəsait itirib. 2021-ci ildə vəziyyətin təkrarlanması yerli sakinlər üçün tam fəlakət vəd edir.
Sosial yardım agentliyinin məlumatına görə, ən az yardım Samtsxe-Cavaxeti və İmereti regionlarına ayrılır. Bunu həmin regionlarda mövsümi işlər üçün miqrasiyanın xüsusilə yüksək olması ilə əlaqələndirmək mümkündür.