“Əgər Azərbaycan uğur qazanmasaydı, Türkiyənin regionda unikal mövqeyi olmazdı”. Bakıdan görünüş
Cənubi Qafqazın xarici aktorları
“Türkiyə Cənubi Qafqazda maraqlı olan ölkələrin həm birinci, həm də ikinci qrupunda özünəməxsus mövqeyə malikdir. Əgər Azərbaycan uğur qazanmasaydı, Türkiyə bu unikallığa sahib ola bilməzdi”. Bu fikirləri azərbaycanlı politoloq Fərhad Məmmədov bildirir. O hesab edir ki, Cənubi Qafqazda maraqları olan xarici aktorları iki qrupa bölmək olar. Eyni zamanda, region bölünmüş olsa da, ümumi regional struktur olmasa da, regionun əsas qüvvələri dövlətlərin özləri – Azərbaycan, Ermənistan və Gürcüstandır.
- “Yaxşı çimərliyə imkan çatmır, pulsuz olanlar isə bərbad haldadır”. Bakıda çimərlik mövsümü
- Azərbaycanın quru sərhədləri daha üç ay bağlı qalır
- Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün prezidentə müraciət qəbul edib
Cənubi Qafqazın xarici aktorları
“Cənubi Qafqaz regionu cəmi üç ölkədən ibarətdir: Azərbaycan, Ermənistan və Gürcüstan. Bu region parçalanmış bir bölgədir. Burada məsləhətləşmələrin aparıldığı regional struktur yoxdur, bölgənin hər bir ölkəsinin müxtəlif xarici siyasət prioritetləri var”, – deyə Fərhad Məmmədov bildirir.
Onun sözlərinə görə, Türkiyə, Rusiya və İran da coğrafi baxımdan Qafqaz ölkələridir:
“Onlar fiziki cəhətdən yaxın, həmsərhəd olsalar da, Cənubi Qafqaz üçün bu dövlətlər hələ də xarici aktorlar olaraq qalır. Lakin onlar maraqları müəyyən dərəcədə obyektiv kimi xarakterizə edilə bilən xarici aktorların ilk qrupudur.
Xarici aktorların ikinci qrupunu fiziki cəhətdən yaxın olmayan, lakin regionda maraqları olan ölkələr təşkil edir ki, bunlar da ABŞ, Aİ, Böyük Britaniya, Fransa, Çin, Hindistan kimi dövlətlərdir.
Xarici aktorların ilk qrupu – Türkiyə, Rusiya və İran regionda bir-biri ilə rəqabət aparsalar da, 3+3 formatında bir araya gəliblər. Bu platforma sırf bölgə ilə onun yaxın qonşuları arasında qarşılıqlı əlaqələr formatında regionun inklüzivliyini nəzərdə tutur. 3+3 anlayışına tərəflərdən hər biri özünəməxsus tərzdə yanaşsa da, xarici aktorların birinci qrupunun bütün iştirakçıları bu formatda maraqlıdır və bunun üçün hər birinin öz səbəbi var. Bu səbəblər ilk növbədə geosiyasi, yalnız daha sonra iqtisadi xarakter daşıyır.
Xarici aktorların ikinci qrupu da maraqlarının xarakterinə görə bölünür:
- Geosiyasi motivli olanlara ABŞ, Fransa, Böyük Britaniya daxildir. Hərçənd, Aİ də bu sıraya qoşulmağa çalışır.
- Geoiqtisadi motivli olanlara isə daha çox Aİ, Böyük Britaniya, Çin və Hindistanı aid etmək olar. Onları Cənubi Qafqazda əsasən kommunikasiyalar və enerji maraqlandırır.
Birinci qrup xarici aktorlar kimi, ikincilər də öz maraqlarını region ölkələri vasitəsilə reallaşdırmağa çalışır, ittifaqlar və strateji alyanslar qurur. Eyni zamanda, müxtəlif variasiyalarda, məqsədlərdən asılı olaraq, alyans iştirakçılarının siyahısı dəyişir. Son üç ildə Rusiya və İran bu məsələdə ən əlverişsiz vəziyyətə düşüb, Türkiyə, ABŞ və Aİ isə daha uğurlu olub.
Bu kontekstdə Türkiyənin özünəməxsus mövqeyi var. Birinci qrupda Ankara təşəbbüsü öz əlinə alıb, çünki müharibə nəticəsində Türkiyənin müttəfiqi Rusiyanın müttəfiqini məğlub edib və bu müharibənin yaxın gələcəkdə reallaşmalı olan bütün nəticələri Ankaraya regional proseslərdə daha çox iştirak vəd edir. Bununla yanaşı, xarici aktorların ikinci qrupunun demək olar ki, bütün iştirakçıları bu və ya digər şəkildə öz maraqlarını Türkiyə ilə uzlaşdırır. Ankara və şəxsən prezident Ərdoğan həm birinci, həm də ikinci qrup xarici aktorlar üçün ən effektiv tərəfdaşdır. Hətta Hindistan və Fransa da Türkiyənin mövqeyini nəzərə almağa məcburdur. Türkiyənin bu unikallığını Ankara ilə Bakı, daha səmimi desək, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı məsul müttəfiqlik formalaşdırıb. Azərbaycan uğur qazanmasaydı, Türkiyə bu unikallığa sahib ola bilməzdi!”
Nəticələrə gələk
“Bu gün bölgədəki ənənəvi ittifaqlarda pozulmalar var. Rusiya ilə Ermənistan, Gürcüstanla Aİ və ABŞ arasındakı münasibətlər buna misaldır. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik isə yeganə ittifaq olaraq öz effektivliyini nümayiş etdirir və zamanın sınağından keçir. Bu ittifaq strateji hədəflərə çatmaq baxımından ən uğurlu nümunədir. Bakı-Ankara müttəfiqliyini parçalamaq üçün xarici aktorların təsirləri isə göz qabağındadır.
Buna baxmayaraq, hazırda Azərbaycan və Türkiyə birliyi xarici təzyiqlərə tab gətirə və elə bir vəziyyət yaratmağa qadirdir ki, bütün digər maraqlı tərəflər reallığı qəbul etməyə, maraqlarını bu reallıqla uzlaşdırmağa məcbur olacaqlar. Əgər digər aktorlar Bakı və Ankaranın maraqlarına zidd nəsə planlaşdırırlarsa, bu, baş tutmayacaq”.