Cənubi Osetiya həbsxanasında Gürcüstan vətəndaşı həyatını itirib, Tbilisi beynəlxalq araşdırma tələb edir
Ötən gün Cənubi Osetiya hüquq-mühafizə orqanları tərəfindən Leninoqor/Axalqor rayonunda saxlanılan Gürcüstan vətəndaşı Arçil Tatunaşvili fevralın 23-ə keçən gecə Sxinval/i xəstəxanasında vəfat edib.
Cənubi Osetiya DTK-nın məlumatına əsasən, o, 2008-ci ildə Gürcüstan tərəfindən müharibədə və “osetinlərin genosidində” iştirak edib. Qurum bildirir ki, saxlanılan şəxs suallara cavab verməkdən imtina edib, təcridxanaya keçirilən zaman isə müqavimət göstərərək, onu müşayiət edən əməkdaşlardan birinin əlindən silahı almağa çalışıb.
“Bu cəhdin qarşısı ona qarşı fiziki güc və xüsusi vasitələr tətbiq edən mühafizəçilərin cavab addımları ilə alınıb. Müvazinətini itirən Tatunaşvili pilləkənlərin üzərinə yıxılıb və nəticədə xəsarət alıb və xəstəxanaya çatdırılıb”, – Cənubi Osetiya DTK-dən bildirilib.
Osetiyanın güc strukturları bildirirlər ki, xəstəxanada şübhəli şəxsə lazımı tibbi yardım göstərilib, amma bir müddət sonra o keçinib.
Gürcüstan vətəndaşının Sxinvalidə ölümü ilə bağlı informasiyaya Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətindən reaksiya verilib – qurumdan bildirilib ki, Sxinvalinin de-fakto hakimiyyətindən və Rusiyanın işğalçı qüvvələrindən Tatunaşvilinin saxlanılması və ölümü ilə bağlı bütün informasiyanın təqdim olunmasını istəyib.
Gürcüstanın DTX-ı öz bəyanatında qeyd edib ki, baş verənlərə beynəlxalq təşkilatlar və Cenevrə diskussiyalarının həmsədrləri dərhal reaksiya verməlidir. Eyni zamanda meyitə baxış keçirə bilmələri üçün Gürcüstandan olan ekspertlərin hadisə yerinə buraxılması da prinsipial məsələdir, – qurumdan bildirilib.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili baş verənlərə görə məsuliyyəti “Rusiya Federasiyası və işğalçı rejimin” üzərinə qoyub. O bildirib ki, Tatunaşvilinin saxlanılması qanunsuz olub və o, “naməlum şəraitdə” həyatını itirib.
“Təəssüf ki, daha bir nəfər işğalçı rejimin qurbanı olub”, – Sixelaşvili bildirib və onun doğmalarına başsağlığı verib.
Nazirin sözlərinə görə, baş verən hadisə ilə bağlı Avropa İttifaqının müşahidəçi missiyası və Cenevrə diskussiyalarının həmsədrləri məlumatlandırılıb.
“Azadlıq Radiosu” öz mənbələrinə istinad edərək, bildirib ki, Arçil Tatunaşvili Axalqor rayonunun Kançaveti kəndində yaşayır, sərhədi azad şəkildə keçib-gəlirmiş və daha əvvəl yerli osetin güc strukturlarının əməkdaşları ilə heç bir münaqişəsi olmayıb. Amma saxlanılmazdan əvvəl onun sərhəddə yerli hüquq-mühafizəçiləri ilə mübahisəsi düşüb.
Onun ünvanına səslənən ittihamlara gəlincə, “Azadlıq Radiosu”nun mənbələri təsdiqləyirlər ki, o, həqiqətən də 2008-ci ildə Gürcüstan ordusunda xidmət edib, amma həmin vaxt missiya ilə İraqda olub və hərbi əməliyyatlarda iştirak etməyib.
Axalqor rayonunun gürcü administrasiyasının başçısı Nuqzar Tinikaşvili Gürcüstanın Birinci Kanalına bildirib ki, Tatunaşvili tez-tez Gürcüstanın nəzarətində olan ərazilərdən Axalqora gedib, orada meyvə-tərəvəz satırmış.
“Əgər onunla bağlı hər hansı suallar olsaydı və ya o, hərbi əməliyyatlarda fəal iştirak etsəydi, ora gedib-gəlməzdi”, – Tinikaşvli hesab edir.
Müxalif Avropa Gürcüstanı partiyasından olan deputat Sergey Kapanadze bu gün parlamentdə “Maqnitski siyahısına” analoji olaraq “Otxozoriya siyahısının” hazırlanmasını təklif edib.
Siyahıya işğal olunmuş ərazilərdə Gürcüstan vətəndaşlarının ölümünə aidiyyəti olan hər kəs daxil edilməlidir, Sergi Karanadze hesab edir.
O təklif edir ki, bu siyahıya daxil edilən şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi və onların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Gürcüstanın qərb müttəfiqi ilə razılıq əldə olunsun. Həmçinin təklifə müvafiq olaraq, siyahıya daxil olanlar Gürcüstanın işğal altında olan ərazilərinin sakinləri üçün həyata keçirilən dövlət proqramından, o cümlədən də səhiyyə proqramından yararlana bilməyəcək.