Bəxtiyar Hacıyev artıq öz işi üzrə məhkəmə prosesində iştirak etməyəcəyini bildirib
Bəxtiyar Hacıyevin işi – Azərbaycanda həbslər
Bakıda 2022-ci ilin dekabrında həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edir. O, iki ilə yaxındır ki, məhkəmə hökmü olmadan həbsdədir. Əvvəlcə xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə ittiham olunan fəala qarşı daha sonra əlavə beş ağır cinayət üzrə yeni ittihamlar irəli sürülüb. Sonuncu məhkəmə iclasında Hacıyev bildirib ki, məhkəmə “siyasi və sifarişli xarakter” daşıdığı üçün artıq prosesdə iştirak etmək niyyətində deyil.
- Kamala Harrisin Qarabağ ermənilərinin geri qayıtmaq hüququ haqda bəyanatına Azərbaycandan reaksiya
- BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər? Bakıdan baxış
- Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb. Niyə?
Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin işi üzrə növbəti məhkəmə iclasında o, dövlət ittihamçısı Eldar Həmzəyə yazılı etirazını təqdim edib. “Amerikanın Səsi”nin verdiyi məlumata görə, fəal bunu prokurorun Cinayət-Prosessual Məcəllənsinin tələblərini pozması və şahidə işin hələ məhkəmədə baxılmamış materialları üzrə sual verməsi ilə əsaslandırıb.
O deyib ki, bu prokurorun adı ABŞ Konqresinə təqdim edilmiş sanksiyalar siyahısında var, bu da onun siyasi motivli proseslərdə iştirak etməsi deməkdir.
Eldar Həmzə özü bildirib ki, ona qarşı sanksiya tətbiq edilməyib. Bundan başqa, dövlət ittihamçısı hesab edir ki, erməni separatçılarının işi üzrə məhkəmədə prokuror olduğuna görə onun adı Konqresin siyahısına salınıb.
Məhkəmə Bəxtiyar Hacıyevin vəsatətini təmin etməyib.
Daha sonra o, növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyi haqqında vəsatət verib. O, bunu “prosesin süni şəkildə uzadılması”, “heç bir vəsatətin təmin edilməməsi”, məhkəmənin özünün isə “siyasi və sifarişli xarakter” daşıması ilə izah edib.
“Buna görə məhkəmənin obyektivliyindən söhbət gedə bilməz”, – deyə Hacıyev bildirib.
Prokuror vəsatətə etiraz edib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Hacıyev buna baxmayaraq, prosesdə iştirak etməyəcəyini deyib.
Proses cinayət işinin sənədlərinin tədqiqi ilə davam etdirilib.
Növbəti məhkəmə iclasının vaxtı elan edilməyib və qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. İlkin olaraq ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlı xuliqanlıqda ittiham olunur. Hacıyevlə Alovlu arasında çoxdan münaqişə var və onlar qarşılıqlı olaraq bir-birini böhtanda ittiham ediblər. Məhkəmələrin birində onların arasında sözlü atışma başlayıb və davaya çevrilib. İddiaya görə, görə, həmin insident zamanı Hacıyev həm Alovluya, həm də icra məmuru Orxan Abdullayevə qarşı zorakılıq edib.
Alovlu ilə münaqişə pişik balalarına görə başlayıb. Belə ki, tərəflərdən birinin pişiyinin balalarını digərinə vermək istəmədiyinə görə jurnalistlə fəal arasında dava düşüb. Məişət mübahisəsi qarşılıqlı ittihamlar və məhkəmə çəkişmələri ilə nəticələnib.
Bəxtiyar Hacıyev dəfələrlə bəyan edib ki, hakimiyyət onun tənqidinin qisasını almaq üçün bu faktdan istifadə edir.
2023-cü il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrında isə ona qarşı daha bir ittiham irəli sürülüb. Bu dəfə Hacıyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə təqsirləndirilib.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.
42 yaşlı Bəxtiyar Hacıyev ABŞ-ın Harvard Universitetində magistr dərəcəsi alıb. O, Azərbaycan hakimiyyətinin siyasətinin kəskin tənqidçisi kimi tanınır.
Dəfələrlə saxlanılıb, repressiyalara məruz qalıb. 2011-ci ildə hərbi xidmətdən yayınma ittihamı ilə azadlıqdan məhrum edilib. Hacıyev siyasi məhbus kimi tanınıb.
2022-ci ilin avqustunda o, hüquqlarının pozulmasına görə Azərbaycan vətəndaşlığından imtina haqda prezident administrasiyasına ərizə təqdim edib.