Selektiv abortlar yenidən Azərbaycanda diqqət mərkəzindədir
Paylaşmaq
Paylaşmaq
2017-ci ilin ilk altı ayı ərzində Azərbaycanda rəsmi olaraq 68885 körpənin doğumu qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 53 faizi oğlan, 47 faizi qızdır.
Dövlət Komitəsinin göstəricilərinə görə, 2017-ci ilin əvvəllərindən Azərbaycan əhalisinin sayı 40096 nəfər (0,4 faiz) artaraq 9 850 077 nəfər təşkil edib.
Yeni doğulan oğlanlarla qızlar arasındakı disbalans Azərbaycan üçün yenilik deyil. BMT-nin əhalinin artımı fondu UNFPA-nın məlumatına görə, yeni doğulanların cinslər arası nisbətinin pozulmasında Azərbaycan dünyada ikinci yeri tutur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Tədqiqatlar Şöbəsinin rəhbəri Elgün Səfərov problemi belə şərh edib:
“Yeni doğulmuş oğlanların sayının qızlara nisbətən artması cəmiyyətdə mövcud olan stereotiplərdən irəli gəlir. Bu, onunla bağlıdır ki, Azərbaycan ailələrində oğlanlara üstünlük verilir. Maarifləndirmə yolu ilə selektiv abortların qarşısı alınmalıdır”, – Səfərov Salamnews-a bildirib.
“Selektiv abortlarla mübarizəyə başlamaq üçün ölkənin Cinayət Məcəlləsinə müvafiq maddə əlavə etmək lazımdır”, – ekspert hesab edir.
Təəssüf ki, cəmiyyətdəki stereotiplər sadəcə abortlarla məhdudlaşmır.
İyulun sonunda Azərbaycanın Lənkəran rayonunda altıgünlük Mələk Nurullayevanın vəhşicə qətli baş vermişdi. Körpənin nənəsi Atifə uşağın bədəninə iynə və sancaq batırıb, sonra da uşağın cəsədini quyuya atıb. Onun sözlərinə görə, o, uşağın qətlini “cinlərin” üstünə atmaq istəyib. “İkinci qızı istəmirdim, oğlan istəyirdim. Fikirləşdim ki, uşağı cinlərin öldürdüyünə hamı inanar. Sonra qorxdum ki inanmazlar. Buna görə də uşağı götürüb həyətdəki quyuya atdım”, – Atifə Nurullayeva danışıb.
Bu hadisə Azərbaycanda qızğın müzakirələrə səbəb olub, çoxları sosial şəbəkələrdə körpənin qətlində onun atasını günahlandırırdı, amma hələlik əsas şübhəli kimi nənəsi həbs olunub. İş üzrə məhkəmə təqribən üç aydan sonra başlayacaq.
Azərbaycanda selektiv abort problemi haqda JAMnews-un məqaləsindən oxuyun: