“Bu gün olmasa da, sabah haqq yerini tapacaq” - dövlətə xəyanətdə ittiham edilən fəalın atası (VİDEO)
Talış mədəniyyəti tədqiqatçısına dövlətə xəyanət ittihamı
“Düz doqquz aydır… Doqquz aydır ki, oğlumuzu aparıblar”.
Atası Şahib Əbilov deyir ki, İqbal Əbilov 5 yaşına qədər Azərbaycanda, həbsinə qədər isə Belarusda yaşayıb.
İqbal Əbilov Azərbaycan vətəndaşı, etnik talış, talış dili və mədəniyyəti üzrə tədqiqatçı və “Talış Milli Akademiyasının Xəbərləri” jurnalının baş redaktorudur. 36 yaşlı Əbilov Belarusda yaşayıb və Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Onun tədqiqatları talışların tarixi, etnoqrafiyası, dili və mədəniyyəti ilə yanaşı, Cənubi Qafqaz, Türkiyə, İran və Uzaq Şərq bölgələrini əhatə edir. O, 2010-cu ildə Latviyanın paytaxtı Riqada qeydiyyatdan keçmiş “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir.
2024-cü il iyulun 22-də İqbal Əbilov Azərbaycana qohumlarını ziyarət etmək üçün gələrkən Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Ona qarşı dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə açıq çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması kimi ittihamlar irəli sürülür.
İyulun 24-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib, daha sonra bu müddət 2024-cü il noyabrın 19-da əlavə 4 ay uzadılıb. 2025-ci il fevralın 10-da onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda tədqiqatçının məhkəməsi davam edir, o özünü təqsirsiz hesab edir.

Atasının sözlərinə görə, İqbal Əbilov aspirantura oxuyarkən Belarus Dövlət Universitetində, eyni fakültədə dərslər deyib. Öncə seminarlar, sonradan mühazirələr.
“Gələcəkdə Asiya dövlətlərində araşdırmalar etməyi fikirləşirdi. Olduğu ekspedisiyalar xaricində mənsub olduğu millətin də tarixini araşdırmağı onun mədəniyyətini, adətini, məişətini araşdırmağı çox sevir”.
İqbal Əbilovun “Fraqmentlər” adlı qısametrajlı filmi Monza (İtaliya) beynəlxalq kinofestivalda “ən yaxşı elmi-fantastik film” nominasiyasında mükafata layiq görülüb. Film həmçinin “Prisma Awards – Rome Independent Film Award” festivalı çərçivəsində ən yaxşı filmləri siyahısına daxil edilib.
“Filmi iyulun axırında Varşava Film Festivalında iştirak etməli idi. Müəyyən hadisələr oldu və ondan bu imkanı aldılar (İqbalın həbs ərəfəsini nəzərdə tutur – red.)… Onu həbs etdilər və bu imkanı olmadığı üçün festivala qatıla bilmədi”.
Atası İqbalın həbs olunmamışdan əvvəl DTX-da 6 saat dindirilikdən sonra sərbəst buraxıldığını deyir.
“Mart, ya da aprel ayının qərarını göstərdilər. İqbalın dinləmə qərarı, İqbal burada yaşamaya-yaşamaya…”
“DTX-dan gülə-gülə çıxdı, hər zaman şəkillərdə gördüyünüz kimi. Görüşdük, evə getdik… Orada mənə dedilər ki, “alim adamdır, elmlə məşğul olsun, başqa işlərlə məşğul olmasın”. Dedim, “onsuz da o başqa işlərlə məşğul olmur”.
Lakin İqbal Əbilov bir neçə gün sonra, Belarusa qayıdanda ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənir. Onun xarici pasportu və telefonları DTX tərəfindən müsadirə olunur.
“19 iyulda qardaşımın nömrəsinə zəng gəldi. Dedilər, “İqbal Əbilov birinci gün Masallıdakı DTX şöbəsindən pasportunu və telefonlarını götürsün”. Biz də dedik, şükür Allaha, haqq-ədalət var imiş”.
Atası oğlunun həbsinin gözlənilməz olduğunu deyir.
“Gəldik, biz darvazanın yanında gözləyirdik, İqbal içəri keçdi. 5 dəqiqə keçmədi, bir maşın uçaraq keçdi. Təşvişə düşdük, içəri girdik. Nədir-nə deyil, “hə, onu apardılar”. Bundan sonra Ombudsmana bildiriş verdik, qayıtdıq gəldik. Dedilər ki,
– Hə, o həbs olunub.
– Nəyə görə?
– Bilmirik, siyasidir”.

Vəkili Fariz Namazlı deyir ki, İqbal Əbilovun təqsirini sübut edəcək dəlillər yoxdur.
“O özü uzun illərdir milli azlıqların hüquqlarının qorunması ilə məşğuldur. Onların tarixinin araşdırılması, müəyyən etnoqrafiya işlərinin aparılması ilə məşğuldur. Çox güman ki, bu fəaliyyəti ilə bağlı həbs olunub”.
“İqbalın qapalı iclaslarda da dediyi kimi, işə heç bir aidiyyəti yoxdur. İqbala aidiyyəti olmayan işdir bu” , – atası belə deyir

İqbal Əbilovun müdafiə komitəsinin nümayəndəsi Oktay Əskərovun sözlərinə görə, tədqiqatçının təqsirsizlik prezumpsiyası pozulur.
“Qapalı məhkəmə elan edən tərəfin, yəni hökumətyönlü mətbuat tərəfindən artıq İqbal Əbilov cinayətkar elan edilib.
Məhkəmə qərarı olmadan heç kimə cinayətkar demək olmaz”.
İqbal Əbilovun atası bir gün haqq-ədalətin bərqərar olacağına ümidlidir.
“Biz hər zaman haqq-ədalətə inanan insanıq. Bu gün olmasa da, sabah haqq yerini tapacaq. Bütün bu əzabı çəkən insanlara dözümlü olmağı və haqq-ədalət yerini tapacaq düşüncəsi ilə irəliləməyi məsləhət görərdim…”
Talış mədəniyyəti tədqiqatçısına dövlətə xəyanət ittihamı