Milli Şuranın bu ay keçirdiyi ikinci mitinq (birinci mitinq sentyabrın 11-də keçirilib) bu gün Bakıdakı “Məhsul stadionunda gündüz saat 3-dən 5-ə qədər davam edib. Yağışa baxmayaraq, mitinqə 5 minə yaxın adam gəlib. Mitinqdən sonra 14 nəfər, o cümlədən də AXCP və Müsavat üzvləri, həm də jurnalist İslam Şixəli polis tərəfindən saxlanılıb.
Polisin verdiyi rəsmi bəyanatda deyilir ki, mitinq zamanı (İcra Hakimiyyətinin icazəsi ilə baş tutan birinci mitinqdə olduğu kimi) pozuntu qeydə alınmayıb. Amma mitinqin sonunda bəzi iştirakçılar ictimai qaydanı pozublar.
Mitinq iştirakçıları isə deyir ki, polis mitinqdən çıxan adamlara hücum edərək, onları aksiyanın əvvəlindən hazır duran polis avtobuslarına doldurdu.