BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər? Bakıdan baxış
BRICS və nəqliyyat dəhlizləri
Azərbaycan BRİKS-ə üzv olmaq üçün müraciət edib, eyni zamanda, ölkə Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərinin tam miqyasda fəaliyyət göstərməsində çox maraqlıdır.
Azərbaycanlı politoloq Fərhad Məmmədov BRICS-in Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə təsiri haqda fikirlərini paylaşıb.
- Azərbaycanda əlilliyə görə pensiya alanların sayı azalıb. Niyə?
- Gələn ilin büdcəsində gəlirlər arta, xərclər azala bilər
- “Bir dövlət öz ərazisinə hücum edə bilməz”. Bir il əvvəl Qarabağda baş verənlər: Bakıdan şərh
Azərbaycan nəqliyyat-kommunikasiya mövzusuna maraq göstərir
“Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır.
Azərbaycanın maraq göstərdiyi sahələrdən biri də nəqliyyat-kommunikasiya sahəsidir. Gəlin BRICS-in portfelindəki bu komponentə nəzər salaq və mövzunun BRICS-in fəaliyyətlərində necə əks olunduğunu anlamağa çalışaq.
Nəqliyyat və logistika mövzusu Çin və Rusiyadan güclü dəstək alır. Çin bu sahədəki BRICS layihələrini özünün qlobal “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirməyə çalışır. Lakin Pekin öz qlobal təşəbbüsünün bütün infrastruktur layihələrini BRICS ölkələrinin maraqları ilə hələ tam uzlaşdıra bilməyib. Bununla belə, müəyyən sahələrdə və layihələrdə anlaşmaya nail olmaq mümkündür. Rusiya da öz növbəsində Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır.
Nəticədə 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sonuncu sammitdə BRICS-in nəqliyyat üzrə daimi komissiyası yaradılıb.
2024-cü ilin iyununda BRICS-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası keçirildi və BRICS ölkələrinin bağlılığı Bəyannaməsi qəbul edilib. Bəyannamədə BRICS ölkələri arasında nəqliyyat sahəsində birgə layihələrin və texnoloji əməkdaşlığın həyata keçirilməsində işbirliyinin inkişafı çağırışı əks olunur.
Bu sahədə qabaqcıl təcrübə və innovasiyaların mübadiləsi üçün nəzərdə tutulmuş BRICS Transport rəqəmsal platforması yaradılır. Bundan əlavə, BRICS-in Biznes Şurasında Nəqliyyat və Logistika üzrə Alt Qrup formalaşdırılıb və BRICS Nəqliyyat Akademiyasının yaradılmasına hazırlıq işlərinə başlanılıb”.
Strukturun maliyyə resursları
“Bir sözlə, BRICS nəqliyyat və logistika məsələləri üzrə mexanizmlər və alətlər yaradır. Bununla yanaşı, BRICS çərçivəsində on milyardlarla dollar ehtiyata malik olan və SWIFT-ə alternativ öz maliyyə sistemini yaratmağa çalışan Yeni İnkişaf Bankı (Dünya Bankına alternativ) fəaliyyət göstərir. Beləliklə, güman etmək olar ki, nəqliyyat və logistika mövzusu digər prioritetlərlə yanaşı, strukturun maliyyə ehtiyatlarının tətbiqi məkanına, bu sistem daxilində ödənişlər isə yeni maliyyə sisteminin ilk addımlarına çevrilə bilər.
Çin artıq keçən ilin oktyabrında multimodal “Bir kəmər, bir yol” Kommunikasiyaları Şəbəkəsi, xüsusən də Transxəzər Nəqliyyat Dəhlizi də daxil olmaqla Çin-Avropa dəmir yolu xəttinin dəstəklənməsi barədə qərar qəbul edib. Kazan sammitində bu təşəbbüslərin BRICS-in himayəsi altına salınması gözlənilir. Bu, həm maliyyə cəlb etməyə, həm də BRICS ölkələrinin institusional iştirak səviyyəsini artırmağa imkan verəcək.
Çin və Rusiya təşəbbüsləri ilə yanaşı, BRICS çərçivəsində Hindistanın Şimal-Cənub təşəbbüsü də var ki, bu da bizim regiona aiddir. Ehtimal ki, məhz onun tərkib hissəsi kimi Ermənistan gələcək sammitin iştirakçıları siyahısına düşüb. Ermənistanın baş nazirinin iştirakı, ilk növbədə, Hindistanın siyasi təşəbbüsü və Ermənistanın nəqliyyat komponentinə qoşulmasıdır”.
İki vektorun mərkəzində Cənubi Qafqaz
“Belə qənaətə gəlirik ki, Kazanda keçiriləcək sammitdə BRICS üzvləri müxtəlif layihələri BRICS-in “çətiri altına” salmaq üçün lobbiçilik edəcəklər. Əlbəttə ki, BRICS çərçivəsində bütün bu layihələr və sahələr üzrə qərarlar qəbul edilsə də, əsas məsələ işlərin icra sürəti və səmərəliliyi olacaq.
Bütövlükdə Cənubi Qafqaz, xüsusən də Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub vektorlarının mərkəzindədir. Azərbaycan diplomatiyasının BRICS-ə üzvlüklə bağlı fəaəliyyəti, Çin (Şərq-Qərb) və Rusiyanın (Şimal-Cənub) dəstəyinin təmin edilməsi iqtisadiyyat və nəqliyyata cavabdeh olan, BRICS-in mexanizm və alətlərinin öyrənilməsi üzrə ixtisaslaşmış dövlət strukturlarının fəal işi ilə birgə aparılmalıdır”.