BRIKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar. Bakıdan şərh
BRICS və Azərbaycan
BRIKS-in genişləndirilməsi və Azərbaycanın bu qrupun iki üzvü ilə qonşuluğu, eləcə də Ermənistanla gözlənilən sülh imzalanması ölkənin inkişafı üçün əlverişli şərait yaradır. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analitiklərini bu qənaətdədirlər. “Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı genişləndirməli və BRIKS-ə qoşulmaq imkanlarını nəzərdən keçirməlidir”, – onlar hesab edirlər.
- Azərbaycanda “Fransa casusları” qalmaqalı
- Azərbaycanda “doğum evi”nin yanması nəticəsində 4 körpə həlak olub
- “Qaydalara əsaslanan dünya nizamı qısamüddətli maraqların təmin olunmasına doğru dəyişir”. Bakıdan baxış
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) analitiklərinin Azərbaycanın BRIKS ölkələri ilə münasibətlərinə dair ekspert qiymətləndirməsini oxucularımıza təqdim edirik.
“Beynəlxalq təşkilatların klassik təsnifatı bu qurumları öz fəaliyyət sahələri və məqsədlərinə görə ənənəvi olaraq siyasi, iqtisadi və hərbi olmaqla müxtəlif kateqoriyalara aid etməyə imkan verir. Məsələn, SSRİ dağıldıqdan sonra Rusiya ətraf ölkələrin iştirakı ilə MDB (siyasi), Aİİ (iqtisadi) və KTMT (hərbi) kimi strukturlar yaradıb. Lakin günümüzdə bu bölgü getdikcə daha şərti xarakter alır. Müasir dövrdə artıq qarışıq tipli beynəlxalq təşkilatlar formalaşır ki, onlardan biri də hələ rəsmi olaraq təşkilat statusu daşımayan, amma bu istiqamətdə irəliləyən BRIKS-dir”.
Genişlənən qlobal platforma
“Əgər yuxarıda adıçəkilən və Rusiyanın bilavasitə səyləri ilə qurulan təşkilatlar daha çox lokal-regional xarakter daşıyırsa, BRIKS formalaşmaqda olan qlobal miqyaslı bir təşəbbüsdür. 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən əsası qoyulan bu platforma sonradan öz sərhədlərini xeyli genişləndirib. 2011-ci ildə CAR, 2024-cü ildə isə İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiya BRİKS-ə qoşulub. Hazırda BRIKS ilk növbədə sayları getdikcə artan Qlobal Cənub ölkələri üçün məsləhətləşmə meydançası rolunu oynayır.
İştirakçı dövlətlər bir çox məsələlərdə fərqli mövqelərdən çıxış etsələr də, onları iki mühüm məqam birləşdirir. Bunlardan birincisi geniş mənada Qərbə olan münasibətdir. Bir qayda olaraq, BRIKS üzvü olan ölkələr Qərb mərkəzli təkqütblü dünya nizamına qarşı çıxır, bu nizamın yeni – çoxqütblü sistemlə əvəzlənməsini dəstəkləyir. Bu ölkələrin çoxu Qərblə əməkdaşlıq etsə də, Vaşinqtonla münasibətlərdə üstün deyil, bərabərhüquqlu tərəfdaş qismində çıxış edir.
Bu səbəbdən BRIKS iştirakçılarının bir qismi G20-nin üzvü olsalar da, müəyyən məsələlərin müzakirəsi üçün alternativ platformaya ehtiyac duyur. BRIKS-ə qoşulmaq da məhz elə bu ehtiyacdan doğur.
Qrup ölkələrini, xüsusilə də onların yeni dalğasını birləşdirən digər mühüm məqam bu dövlətlərin hər birinin öz regionunun lideri olmaq iddiasıdır. Beynəlxalq nüfuzunu getdikcə artıran ölkələr BRIKS-in imkanlarından istifadə edərək, qlobal resursların daha ədalətli bölgüsünə nail olmağa, dünyanın gələcəyilə bağlı qərarların verilməsi prosesində söz sahibi qismində çıxış etməyə çalışırlar”.
Azərbaycan üçün yeni fürsətlər
“Azərbaycan hazırda Ermənistanla sülhün rəsmiləşdirilməsi astanasındadır. Tərəflər arasında sülh sazişinin imzalanmasından sonra gözlənilən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşması, eləcə də regional kommunikasiyaların açılması prosesi ölkəmizin gələcək inkişafı üçün yeni fürsətlər yaradır. Bu kontekstdə İranın BRIKS-ə daxil olması ilə birliyin Azərbaycan sərhədlərinə iki tərəfdən çatması rəsmi Bakının qarşısında əlverişli imkanlar açır. Bu gün BRIKS ölkələrinin qlobal ÜDM-dəki payı 36%-dir. 2040-cı ilə qədər bu rəqəmin 45%-ə yüksələcəyi gözlənilir ki, bu da dünyanın əsas inkişaf etmiş iqtisadiyyatları sayılan G7 ölkələrinin analoji göstəricisindən iki dəfə çoxdur.
Azərbaycan belə nəhəng iqtisadi potensialı olan bir platforma ilə qonşuluqdan maksimum faydalanmalıdır. Xatırlatmaq yerinə düşər ki, Hindistan, İran və Rusiya kimi BRİKS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu məhz Azərbaycan ərazisindən keçir. BRIKS-in genişlənməsi isə qrup ölkələri arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasını qaçılmaz edir.
BRIKS ölkələrini birləşdirən yuxarıda qeyd olunan iki mühüm meyar Azərbaycan üçün də keçərlidir. Belə ki, ölkəmiz Qərblə əməkdaşlıq etsə də, onun diktəsini qəbul etmir və yalnız bərabərhüquqlu tərəfdaşlığı dəstəkləyir. Digər tərəfdən, bir çox parametrlərə görə, regonun lider dövlət məhz Azərbaycandır.
Ermənistanla gözlənilən sülh müqaviləsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcı olacaq. Məhz bu yeni dövrün tələblərinə uyğun olaraq, Bakı perspektivli tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməli və BRIKS-ə qoşulma imkanlarını nəzərdən keçirməlidir”.