Böyük Britaniya və Rusiya: soyuq müharibə dövründən bəri ən sərt münaqişə
Paylaşmaq
Paylaşmaq
Xüsusi xidmət orqanları Sergey Skripalın bir il əvvəl qısa sürən xərçəngdən vəfat edən həyat yoldaşının dəfn olunduğu məzarlıqda işləyir. REUTERS/Peter Nicholls
Mey Britaniya parlamentində çıxış edərkən, bildirib ki, Sergey Skripal böyük ehtimalla Rusiya hakimiyyətinin göstərişi ilə zəhərlənib,The Guardian xəbər verir.
Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Sergey Skripal və qızını martın 4-də Solsberi şəhərindəki ticarət mərkəzində zəhərləyiblər. İndi ikisi də komadadır.
Sergey Skripal 2010-cu ildə Rusiyadan köçüb, Britaniya kəşfiyyatı ilə əməkdaşlıq edib.
Tereza Mey bildirib ki, Britaniya məhkəməsinin ekspertizasının rəyinə əsasən Skripal və qızını 1980-ci illərdə Rusiyada hazırlanan və “Noviçok” adlanan sinirləri iflic edən maddə ilə zəhərləyiblər.
Meyin sözlərinə görə, Rusiya bu maddənin istehsalını və istifadəsini davam etdirə bilərdi.
Mey iki variantı mümkün sayır:
“Ya bu, Rusiya hakimiyyətinin bizim ölkəmizə qarşı birbaşa əməlidir, ya da Rusiya hökuməti potensial olaraq faciəvi dərəcədə təhlükəli olan sinir toksini üzərində nəzarəti itirib və bu maddə yad əllərə düşüb”.
Britaniyanın baş naziri Kremldən bu bəyanatlara bir sutka ərzində, yəni çərşənbə axşamı martın 13-ü gün sonuna qədər cavab verməyi tələb edib. Əgər bu müddət ərzində Rusiyadan “etibara layiq cavab” gəlməzsə, Mey bildirib ki, çərşənbə günü o, Britaniya parlamentində Rusiya hakimiyyətinə təzyiq tədbirlərinin siyahısını təqdim edəcək.
Rusiyanın cavabı özünü gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyanatla çıxış edib. Bəyanatda o, Rusiyanın Skripalın zəhərlənməsi ilə əlaqəsinin olduğunu inkar edib. O, həmçinin Meyin çıxışını “Britaniya parlamentində sirk şousu” adlandırıb.
Rusiya tərəfinin bir neçə təmsilçisi eyni zamanda Tereza Meyin ittihamlarının əsassız olduğunu deyib.
Meyin çıxışından bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin İngiltərə jurnalistinin Skripala qarşı sui-qəsdlə bağlı suala belə cavab verib: “Siz əvvəlcə orda araşdırın, sonra biz sizinlə bunu müzakirə edərik”.