Böyük Britaniya Rusiyanın kimyəvi silah tətbiqinə cavab verib
Paylaşmaq
Paylaşmaq
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentində çıxış edərək Rusiyada istehsal olunan sinirləri iflic edən “Noviçok” qazından istifadə etməklə keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və qızına qarşı həyata keçirilən sui-qəsdə cavab olaraq görüləcək tədbirlər siyahısını açıqlayıb.
Böyük Britaniya hökuməti bu əməlləri Rusiyanın onun ərazisində “dinc vətəndaşlara qarşı kütləvi hərbi güc tətbiqi” kimi dəyərləndirir.
Cavabında:
[yes_list]
Kəşfiyyat fəaliyyətində şübhəli bilinən 23 Rusiya diplomatı bir həftə ərzində ölkə ərazisini tərk etməlidir;
Ölkələr arasında bütün ikitərəfli əlaqələr dayandırılır, o cümlədən də xarici işlər naziri Lavrovun Londona səfəri təxirə salınır;
Böyük Britaniyanın rəsmi şəxslərindən və kral ailəsindən heç kim Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına getməyəcək;
Qanunvericiliyə Rusiya məmurlarının və oliqarxlarının mənşəyini izah edə bilmədiyi bütün aktivləri üzərinə həbs qoyulmasını və onların dondurulmasını asanlaşdıran düzəlişlər təklif olunacaq. 50 000 funtdan yuxarı olan bütün aktivlər yoxlanılacaq;
Böyük Britaniya Rusiyanın əməllərinin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırılmasını tələb edəcək;
Sergey Skripal və qızına qarşı hücumda istifadə olunan sinirləri iflic edən maddənin nümunələri Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına göndəriləcək.
[/yes_list]
Baş nazir Meyin təklifləri parlamentdə təmsil olunan bütün partiyaların və praktiki olaraq bütün parlament üzvlərinin dəstəyini alıb.