Böyük Britaniya "Rusiya dezinformasiyasının yayılmasına görə" iki gürcü televiziya kanalına qarşı sanksiyalar tətbiq edib
Britaniyanın gürcü telekanallarına qarşı sanksiyası
24 fevral tarixində Böyük Britaniya Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində Gürcüstanın TV Imedi və POSTV telekanallarına qarşı sanksiyalar tətbiq edib.
TV medi və POSTV-yə münasibətdə aktivlərin dondurulması, trast xidmətlərinə qadağa və direktorların diskvalifikasiyası tətbiq olunacaq.
Bu nə deməkdir:
- Telekanalların Böyük Britaniya yurisdiksiyasında olan bütün hesabları, daşınmaz əmlakı və aktivləri bloklanır. Böyük Britaniya ilə əlaqəsi olan banklar, o cümlədən digər ölkələrdəki filiallar bu şirkətlərə xidmət göstərməyi dayandırmalıdır.
- Trast xidmətlərinin göstərilməsi qadağan olunur, yəni əmlakın etibarlı şəxslər və ya fondlar vasitəsilə idarə edilməsi mümkün olmayacaq. Bu, Böyük Britaniya yurisdiksiyaları vasitəsilə şirkətdə payların gizli şəkildə saxlanılması imkanını aradan qaldırır. Sahiblər müsadirə və ya dondurulmadan yayınmaq üçün səhmləri trasta ötürə bilməyəcəklər.
- Konkret şəxslərin rəhbər vəzifələr tutmasına rəsmi qadağa tətbiq olunur. Bu qadağa yalnız Böyük Britaniya vətəndaşlarının həmin şirkətləri idarə etməsini deyil, həm də sanksiyaya məruz qalmış direktorların Britaniya hüququ ilə əlaqəli istənilən şirkətdə oxşar vəzifə tutmasını yasaqlayır. Bu qadağanın pozulması cinayət məsuliyyəti yaradır.
Böyük Britaniya hökumətinin rəsmi bəyanatına əsasən, sözügedən telekanallar mütəmadi olaraq aşağıdakı məzmunlu narrativləri yayıblar:
- Ukrayna hakimiyyəti və prezidenti qeyri-legitimdir;
- Ukrayna “Qərbin marionetidir”;
- Ukrayna korrupsiyaya uğramış dövlətdir;
- Ukrayna və Qərb Gürcüstanı destabilizasiya etməyə çalışır.
Britaniya hökumətinin qiymətləndirməsinə görə, bu cür məzmunun yayılması Ukraynanın suverenliyini və müstəqilliyini sarsıdan siyasəti dəstəkləyən və ya ona töhfə verən fəaliyyət hesab olunur.
“TV Imedi və POSTV-nin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı ilə bağlı qəsdən çaşdırıcı məlumatlar yaydığına dair əsaslı şübhələr var. Bu isə Ukraynanın destabilizasiyasına töhfə verir və onun suverenliyi ilə ərazi bütövlüyünü təhlükə altına qoyur”, – deyə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.
Britaniya sanksiyaları yalnız simvolik siyasi mesaj deyil. Onlar konkret şəxs və ya şirkətin Britaniyanın maliyyə və biznes ekosistemindən, o cümlədən London yurisdiksiyasına daxil olan ofşor zonalardan praktik olaraq təcrid edilməsinə yönəlmiş sərt hüquqi baza yaradır. Sanksiya paketinin hər bir komponenti ayrıca zərbədir, birlikdə isə kompleks blokada təşkil edir.
Aktivlərin dondurulması
Bu, ən geniş tətbiq olunan alətdir. Şəxs və ya təşkilat sanksiya siyahısına daxil edildikdə, onların Böyük Britaniya ərazisində və ya Britaniya yurisdiksiyasında yerləşən bütün pul vəsaitləri və iqtisadi resursları, bank hesabları, daşınmaz əmlakları, səhmləri avtomatik olaraq dondurulur.
Praktikada bu iki məna daşıyır. Birincisi, sanksiyaya məruz qalmış şəxs artıq öz aktivlərinə çıxış əldə edə bilmir. İkincisi, Britaniya şirkətlərinə və vətəndaşlarına, o cümlədən xaricdə olanlara, həmin şəxs və ya qurumla istənilən maliyyə və ya kommersiya münasibətlərinə girmək qadağan olunur.
Banklar artıq onlara xidmət göstərə bilmir, hüquqşünaslar əqdləri rəsmiləşdirə bilmir, şirkətlər müqavilə bağlaya bilmir. Bu sanksiya yalnız maliyyə məhdudiyyəti kimi deyil, həm də reputasiya siqnalı kimi işləyir, çünki sanksiyaya məruz qalmış subyektlə istənilən münasibət yüksək risk daşıyır.
Direktorun diskvalifikasiyası
Bu tədbir təsirin məhdudlaşdırılmasına yönəlib. Sanksiyaya məruz qalmış şəxsə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdə direktor olmaq və ya onun idarə olunmasında, yaradılmasında və təşviqində iştirak etmək qadağan edilir.
Əgər şəxs artıq belə vəzifə tutursa, onun səlahiyyətlərinə xitam verilməlidir. Formal olaraq bu hüquqi qadağadır, praktikada isə biznesin idarəetmə rıçaqlarından məhrumetmə və reputasiyaya zərbə deməkdir. Londonun maliyyə məkanında direktor vəzifəsinə qadağa çox vaxt beynəlxalq biznes dairələrindən də kənarlaşdırılma ilə nəticələnir.
Trast xidmətlərinə qadağa
Britaniya şirkətlərinə, hüquqşünaslara, mühasiblərə və maliyyə institutlarına sanksiyaya məruz qalmış şəxs üçün trast yaratmaq və ya onları idarə etmək qadağan olunur.
Trast bir şəxsin əmlakı digərinin xeyrinə idarə etdiyi hüquqi mexanizmdir. Beynəlxalq maliyyə praktikasında o, aktivlərin strukturlaşdırılması və vergi optimallaşdırılması üçün geniş istifadə olunur. Sanksiyalar şəraitində isə trast xidmətlərinə qadağa sanksiyaya məruz qalmış şəxsin əsas imkanlarından birini, üçüncü şəxslər vasitəsilə əmlakı gizli şəkildə idarə etmək və ya sanksiyalardan yayınmaq yolunu bağlayır.
Ofşor miqyas
Britaniya sanksiyalarının miqyası xüsusilə onların coğrafi əhatə dairəsinə görə əhəmiyyətlidir. Qərar avtomatik olaraq yalnız Birləşmiş Krallığın özünə deyil, həm də ən məşhur ofşor zonalar hesab olunan dənizaşırı ərazilərə şamil olunur.
Onların sırasında:
- Britaniya Vircin adaları
- Kayman adaları
- Bermud adaları
Sanksiyalar həmçinin Avropanın mühüm maliyyə mərkəzlərindən biri olan Cəbəllütariqi də əhatə edir.
Məhz bu yurisdiksiyalarda qlobal kapitala xidmət göstərən minlərlə şirkət və trast strukturu qeydiyyatdan keçib. Buna görə də London sanksiya tətbiq etdikdə, onların təsiri Britaniya adalarının coğrafi sərhədlərindən xeyli kənara yayılır.
Nəticə etibarilə, Britaniya sanksiyaları sadəcə siyasi jest deyil. Bu, eyni zamanda aktivləri bloklayan, biznes təsirini məhdudlaşdıran və ofşor kanalları bağlayan hüquqi cəhətdən dəqiq hesablanmış alətdir və tətbiq olunduğu şəxslər üçün sistemli təcrid yaradır.
Britaniyanın gürcü telekanallarına qarşı sanksiyası