BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin gərginləşməsilə bağlı narahatlığını bildirib
Paylaşmaq
Paylaşmaq
BMT Təhlükəsizlik Şurası bir neçə gündür hökumət qüvvələri və rusiyapərəst qruplaşmalar arasında toqquşmaların davam etdiyi Ukraynanın şərqində vəziyyətin gərginləşərək təhlükəli həddə çatması ilə bağlı dərin narahatlığını ifadə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.
“BMT Təhlükəsizlik Şurası üzvləri Donetsk vilayətində təmas xəttində insanların o cümlədən dinc əhalinin ölümünə və yaralanmasına səbəb olmuş Minsk razılaşması ilə qadağan edilən silahlardan istifadə olunmasını müzakirə edib”, – Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə mətbuata açıqlanmış bəyanatda deyilir.
Təhlükəsizlik Şurasının üzvləri tərəfləri dərhal atəşkəs rejiminə qayıtmağa, çağırıb və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti surətdə dəstəklədiklərini, həmçinin Minsk razılaşmalarının və BMT Təhlükəsizlik Şurasının münaqişənin sülh yolu ilə nizamlanması haqda qətnaməsinə əməl olunmasının vacibliyini vurğulayıblar.
ABŞ Dövlət Departamenti də Avdeyevkadakı vəziyyətlə bağlı narahatlığını bildirib və dərhal atəşi dayandırmağa çağırıb.
“Daha böyük humanitar böhranın qarşısını almaq üçün biz davamlı, tam və ATƏT-in maneəsiz müşahidə imkanı olacağı atəşkəsin dərhal bərpa edilməsinə çağırırıq. Biz həmçinin ABŞ-ın Minsk razılaşmalarını dəstəklədiyini təsdiqləyirik”, – bəyanatda bildirilir.
Avdeyevka rayonunda qarşılıqlı atışma fevralın 1-də gecə və səhər davam edib, hər iki tərəf yeni itkilərin olduğunu bildirir. Son iki gündə münaqişə xəttinin bu hissəsində silahlı toqquşmalar kəskin artıb. Avdeyevka şəhərində elektrik və istiliklə bağlı problemlər yaranıb, Kiyev hakimiyyəti humanitar fəlakət haqda danışırlar.
Münaqişənin son günlərdə gərginləşməsi ilə əlaqədar olaraq bu gün Minskdə Ukrayna, Rusiya və ATƏT-in daxil olduğu üçtərəfli əlaqə qrupunun iclası baş tutacaq.
BMT-nin məlumatına görə, Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində 2014-cü ilin yazından 2016-cı ilin sentyabrına qədər 9,5 min nəfər həlak olub. Hazırda münaqişə zonasında Minsk razılaşmalarına əsasən atəşkəs hökm sürür ki, bu razılaşmalar qarşıdurma xəttində tərəflərin ağır silahlar saxlamasını da məhdudlaşdırır. Rusiya hələ də münaqişədə iştirakını inkar edir.