BMT İnsan Haqları Komitəsi: Krımda insanları əsassız saxlayıb işgəncə verirlər
Paylaşmaq
Paylaşmaq
Krımda insan haqları sahəsində vəziyyət Rusiyanın işğalından sonra əhəmiyyətli dərəcədə pisləşib. Bu haqda BMT İnsan Haqları Komitəsinin sentyabrın 25-də dərc olunan hesabatında deyilir.
“Əsassız həbslər və saxlanılmalar, zorakı yox olmalar, qəddar davranış və işgəncə, əən azı bir məhkəmədən kənar cəzalandırma kimi ciddi insan haqlarının pozulması halları qeydə alınıb”, – hesabatda deyilir.
Sənəddə bildirilir ki, Krım sakinləri Ukrayna qanunlarının Rusiya Federasiyasının qanunları ilə əvəz edildiyi zaman zərər çəkiblər. Məsələn, seçkilərdə səs verə və seçilə, ictimai toplantıların keçirilməsi üçün müraciət edə, dövlət idarələrində vəzifə tuta bilmirlər. Hesabatda qeyd olunan bu və digər əməllər beynəlxalq humanitar hüququn və insan haqları sahəsində hüququn pozulmasında yer alıb.
BMT İnsan Haqları Komitəsi vurğulayır ki, Krımda ekstremizmlə mübarizə adı altında evlərdə axtarışlar aparılıb, jurnalistlər, blogerlər, fəallar və “Krım-Tatar Xalqının Məclisi” təşkilatının tərəfdarları təhdid edilib.
Hesabatda 2016-cı ildə qeydə alınmış iki hadisə misal olaraq göstərilir, o zaman Ukrayna yönlü fəallara qarşı “seksual zorakılıq elementləri ilə” həyata keçirilən işgəncə nəticəsində iki fəal terrorla bağlı cinayətləri boyunlarına almağa məcbur olmuşdular.
Hesabatda Rusiya hakimiyyətinə ünvanlanmış 20 tövsiyə yer alıb. BMT Rusiyanı Krımda insan haqlarını qorumağa və ehtimal olunan işgəncə, insan oğurluğu və qətlləri effektiv araşdırmağa çağırır.
Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Ruslan Balbek BMT-nin hesabatını reallıqla heç bir əlaqəsi olmayan cəfəngiyat adlandırıb. Deputatın sözlərinə görə, hesabatda Krım reallığına aidiyyəti olan heç nə yoxdur. O, həmçinin əlavə edib ki, “hüsabat hazırlayan bütün bu təşkilatlar” kor-koranə hərəkət edir, Rusiya hakimiyyəti onlara gözü başlı inanmaq niyyətində deyil.