“Biz Rusiyanın sürünən işğalı haqda danışırıq” – münaqişə zonasında gənclərin etiraz aksiyası
foto: Qvantsa Doluaşvili
“Əsl düşmənin durduğu yerdə!” adı altında aksiya Gürcüstanda bilavasitə Cənubi Osetiya ilə inzibati sərhəddə, Şida Kartli regionunda cümə günü, iyulun 14-də bütün gün ərzində keçirilib. Əsasən Tbilisidən gəlmiş, amma aralarında yerlilərin də olduğu minə yaxın gənc bəyan edib ki, Gürcüstanın Rusiya tərəfindən sürünən işğalına qarşı etiraz edirlər və bu yolla bütün Gürcüstan cəmiyyətinin və beynəlxalq aləmin diqqətini münaqişə zonasında baş verən prosesə çəkmək istəyirlər.
İyulun 7-də Berşuetis kəndinin kənarında Osetiya tərəfindən Cənubi Osetiyanın sərhədinin buradan keçdiyi haqda məlumatı əks etdirən banner asılıb. Bu, Tbilisi hakimiyyətinin kəskin mənfi reaksiyasına, həmçinin gürcü-osetin münaqişəsinin nizamlanması ilə məşğul olan beynəlxalq təşkilatların qınağına səbəb olub.
Cümə günü səhərdən Berşueti kəndinə tələbə və müxtəlif gənclər təşkilatlarının nümayəndələri ilə dolu olan maşın və avtobuslar gəlib, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları ilə Cənubi Osetiya ilə inzibati sərhədə toplaşıblar. Hamı bir yerə yığılandan sonra canlı sədd Gürcüstan himnini səsləndirib.
“Biz məhz burdan, işğal xəttindən bildirmək istəyirik ki, Rusiya işğalçıdır və biz hamımız işğala qarşıyıq”, – Aksiya təşkilatçılarından biri Eliso Kiladze JAMnews-a deyib.
Aksiya iştirakçıları osetin tərəfindən asılmış bannerin lap yaxınlığında yeni banner quraşdırıblar və bu bannerdə “Gürcüstan sərhədinə 101 kilometr var” məlumatı yazılıb.
Gün ortasında aksiya yerinə ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli gəlib. O, aksiya iştirakçıları və jurnalistlərdə danışıb. O bildirib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.
“ABŞ Sovet İttifaqı dövründə Baltikyanıda müəyyən edilmiş sərhədləri tanımadığı kimi Rusiyanın tətbiq etdiyi sərhədləri də tanımır”, – Yan Kelli deyib. – “Beynəlxalq səviyyədə tanınmış heç bir sərhədin birtərəfli şəkildə istənilən dəyişikliyi yolverilməzdir. Bunun ailələrə, əhaliyə çox ağır təsirləri olur”.
Axşam gənclərdən ibarət böyük qrup yenidən işğal xətti adlandırdıqları inzibati sərhəd boyu canlı sədd yaradaraq Berşueti kəndi yaxınlığında daha bir aksiya keçirib. Aksiyanın bu hissəsi həmin anlarda Türkiyə və Yaxın Şərq ölkələrindən Gürcüstana gələn və nəzarət edilməyən emiqrasiyaya qarşı etiraz edən insanların Tbilisidə keçirdiyi “Gürcülərin marşı”na qınayıcı cavab adlandırılıb.
“Bizim aksiyamız “Əsl düşmənin durduğu yerdə!” adlanır və biz indi həmvətənlərimizə və xaricdəki dostlarımıza demək istəyirik ki, ölkəmizin əsas problemi Gürcüstan qanun çərçivəsində yaşayan əcnəbilər deyil, Rusiya işğalıdır”, – aksiya təşkilatçılarından biri Salome Kandalaki JAMnews-a bildirib.
Berşueti kəndi yaxınlığındakı aksiyaya toplaşmış gənclərdən çoxu JAMnews-a bildirirdilər ki, bütün ölkə əhalisinin belə aksiyaya qoşulmasını və belə aksiyaların tez-tez keçirilməsini çox vacib hesab edirlər, çünki “Gürcüstanın ərazi bütövlüyü haqda yalnız yüksək bəyanatlar dost ölkələrə ədalətə nail olmaq istəyən bir ölkəni dəstəkləmək lazım olduğunu xatırlada bilər”.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır