“Bizə belə sülhməramlılar lazım deyil” – Azərbaycan parlamentinin deputatı
İkinci Qarabağ müharibəsi başa çatdığı zaman Qarabağın Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalan hissəsində 1960 nəfər Rusiya sülhməramlısı yerləşdirilib. RF sülhməramlı kontingentinin hərbçilərinin sayı 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında qeyd olunub. Azərbaycan parlamentinin deputatının sözlərinə görə, əslində sülhməramlıların sayı 7-8 min nəfərə çatıb.
- Qarabağdakı mandatsız Rusiya sülhməramlıları. Azərbaycan narazılığını bildirir
- Qarabağda yeni hərbi əməliyyatlar mümkündürmü? Bakıdan şərh
- Azərbaycanla sərhəddəki insidentdən sonra Ermənistanı İranla birləşdirən yol bağlanıb. Şərh
“Mən istəmirəm ki, dediklərim Azərbaycan–Rusiya münasibətinə bir kölgə salsın, soyuqluq gətirsin. Lakin həqiqət ondan ibarətdir ki, Rusiyanın bizim ərazimizdə olan hərbi kontingenti separatçı rejimə himayədarlıq edir, onunla əməkdaşlıq edir, bu azmış kimi, Ermənistan dövlətinə aid müəyyən hərbi birləşmələrin tör-töküntülərinin Azərbaycan ərazisində qalmasına şərait yaradır”, – Milli Məclisin Xocalıdan olan deputatı [Qarabağın hazırda erməni qüvvələrinin nəzarəti altında qalan hissəsində yerləşən şəhər — JAMnews] Elman Məmmədov qeyd edib.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan 2020-ci il 10 noyabr bəyanatının şərtlərinə əsasən Rusiya sülhməramlılarının Qarabağa daxil olmasına paralel olaraq Ermənistan silahlı qüvvələri regionu tərk etməli idi:
“Bu sizin öhdənizə düşürdü. Amma bunu etmirsiniz, əksinə, dediyim qüvvələrin yeganə təminat-təchizat yolu olan Laçın dəhlizindən onlara silah-sursat, ərzaq, yanacaq daşınmasına şərait yaradırsınız”.
Deputat vurğulayıb ki, RF-nın sülhməramlı kontingenti münaqişənin bitməsində maraqlı deyil:
“Əksinə, alovlanması üçün əlaltından işlər görürlər. Belə olan halda Azərbaycan təbii ki, bunların qarşısını almaq üçün tədbirlər görməlidir və görəcəyik də”.
“Hikmət Hacıyev bu məsələlərə toxunub, yəqin, bizim bilmədiyimiz bəzi məqamlar var. Dövlətlər, dövlət başçıları arasında bu müzakirələr gedir ki, mövcud durumun qarşısı alınsın. Əks təqdirdə həmin qüvvələr Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə mənbəyinə çevriləcək. Çünki bunlar gəldikləri gündən harada erməni varsa, onlara pul, çörək verəcəklərini, məktəb tikəcəklərini deyərək tapıb gətirdilər. Axı bu, sülhməramlının işi deyil. Sənin nə işinə qalıb ki, camaatı ordan- burdan yığıb gətirirsən? Humanitar yardım adı ilə yüz milyonlarla pul xərcləyiblər”, – deputat əlavə edib.
Onun fikrincə, sülhməramlıların sayı üçtərəfli bəyanatda qeyd olunmuş rəqəmi aşıb:
“Deyirdilər ki, sülhməramlıların sayı 1960 nəfər olacaq, ancaq onların böyür-başında bu müddət ərzində xidmət personalı, Rusiyanın başqa nazirliklərinin – Rusiya Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin 7-8 min əməkdaşı gəlib oraya yığışıb. Axı bu, razılaşmada əks olunmamışdı, siz nə etmək fikrindəsiniz? Bu suala cavab vermək lazımdır”.
Elman Məmmədov həmçinin hazırkı vəziyyətlə ikinci Qarabağ müharibəsindən əvvəlki vəziyyət arasında paralellər aparıb.
“Belə canıyananlıqla humanitar yardım göstərən, ev-eşik tikən, müharibə dövründə qaçıb gedən erməniləri təzədən oraya yerləşdirəndilərsə, bunu 30 ildə bizə niyə etmədilər? 30 ildir məni ev-eşiyimdən qovublar. Mənim kimi Xocalıdan, Xankəndindən Ağdərədən didərgin düşmüş on minlərlə insan var, bizi niyə qaytarmır, bu 30 ildə bizə niyə humanitar yardım göstərmədi? Mənim evimə niyə ermənini gətirib yerləşdirir?
Mən öz doğma yurduma qayıtmaq istəyirəm, sən əgər ədalətli sülhməramlısansa, niyə mənim qayıtmağımla məşğul olmursan? Biz yada düşmürük. Bu ədalətsizlikdir, bizə elə sülhməramlılıq lazım deyil”, – millət vəkili “Yeni Sabah” nəşrinə müsahibəsində bildirib.