Bidzina İvanişvili BƏƏ prezidenti ilə niyə görüşüb
İvanişvili BƏƏ prezidenti ilə görüşüb
Ötən həftə “Gürcü Arzusu” partiyasının fəxri sədri və Gürcüstanın de-fakto rəhbəri Bidzina İvanişvili Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə onun Gürcüstana səfəri zamanı görüşüb.
Görüş barədə məlumatı “Gürcü Arzusu”nun mətbuat xidməti yayıb.
Görüş gürcü analitikləri üçün bir neçə səbəbdən maraqlı olub. Birincisi, Avropa İttifaqına inteqrasiya prosesinin pozulmasından sonra Gürcüstanın xarici siyasətinin yeni cizgilər qazanmasıdır.
İkincisi, ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin ortaya çıxmasıdır. Ölkəni faktiki olaraq idarə edən bu şəxs əksər hallarda kölgədə qalır, buna görə də onun təkcə yüksək səviyyəli görüşlərdə deyil, məsələn, tanınmış bir şəxsin dəfnində belə görünməsi xüsusi hadisəyə çevrilir.
Hakim partiyanın mətbuat xidməti tərəfindən yayımlanan kadrlarda İvanişvili yanında dayanan “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzeni sanki arxa plana sıxışdıraraq şeyxlə görüşü özü aparır.
Görüşdə həmçinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və iqtisadiyyat naziri Mariam Kvrivişvili iştirak ediblər.
Yayımlanan məlumatda görüşün harada keçirildiyi dəqiqləşdirilməyib, lakin foto və videolara əsasən, o, İvanişvilinin şəxsi iqamətgahında baş tutub.
“Məmləkətimiz üçün bu videodakı ən alçaldıcı məqam ondan ibarətdir ki, kadrlara görə, özünü baş nazir adlandıran şəxs əslində köməkçi rolundadır”, — deyə müxalif “Federalistlər” partiyasının lideri Giqa Bokeriya Formula nəşrinə müsahibəsində bildirib.
Rəsmi məlumat
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstana gəlməzdən əvvəl Azərbaycana səfər edib. Azərbaycan prezidenti İlham Əliyev onu Qarabağda qəbul edib. Artıq Bakıda strateji tərəfdaşlıq haqqında bəyannamə də daxil olmaqla, 14 sənəd imzalanıb.
Şeyxin Tbilisiyə səfəri çərçivəsində Gürcüstana 6 milyard dollara qədər investisiya yatırmağı planlaşdıran ən iri inşaat şirkətlərindən biri olan EMAAR ilə memorandum imzalanıb.
“Sizin Gürcüstana yatıracağınız investisiyalar ölkələrimizi daha da yaxınlaşdıracaq. Gürcüstana göstərdiyiniz dost münasibətə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, bir neçə dəfə də görüşəcəyik və tərəfdaşlığımız daha da dərinləşəcək”, – deyə İvanişvili şərh edib.
İvanişvili BƏƏ prezidenti ilə niyə görüşüb?
Bu görüş bir neçə ay əvvəl İvanişvilinin ABŞ-ın o zamankı səfiri Robin Danniqan ilə görüşdən imtina etməsi fonunda xüsusi diqqət çəkir. Halbuki məlum idi ki, Vaşinqton həmin görüş vasitəsilə İvanişviliyə Gürcüstanla münasibətlərin yaxşılaşdırılmasına xidmət edən mesajlar çatdırmağı planlaşdırırdı.
Müxalifətin fikrincə, İvanişvilinin Əmirliklər liderinə nümayişkaranə qonaqpərvərliyi yeni xarici siyasətin açıq siqnalıdır. Bu siyasət çərçivəsində Gürcüstan Qərb dünyasından təcrid olunur və yalnız avtoritar dövlətlərlə yaxınlaşır.
“İvanişvili artıq açıq şəkildə bəyan edib ki, Qərblə münasibətləri inkişaf etdirmək, nə kommunikasiya qurmaq, nə də ümumiyyətlə danışmaq niyyətində deyil. O, diqqətini Asiya və ərəb dövlətlərinə yönəldib”, – deyə müxalif “Vahid Milli Hərəkat” üzvü İrakli Pavlenişvili bildirib.
“Bu görüş bir daha açıq şəkildə göstərdi ki, Bidzina İvanişvilini maraqlandıran yeganə məsələ öz hakimiyyətini və maliyyə durumunu qorumaqdır. Sanksiyalar altında olan və Qərbin demokratik dövlətləri tərəfindən tanınmayan hökmdar öz hakimiyyətini saxlamaq üçün Gürcüstanın Qərbyönümlü kursunu dəyişməyə çalışır”, – deyə müxalif “Dəyişikliklər Uğrunda Koalisiya”nın nümayəndəsi Vano Tsereteli qeyd edib.
“Federalistlər” partiyasının lideri Giqa Bokeriyanın sözlərinə görə, böyük ehtimalla görüşü İvanişvilidən Əmirliklər özü xahiş edib.
“Əmirliklər Gürcüstanın həqiqi sahibiylə görüş istədi və İvanişvili də imtina etmədi. Burada xatırlamaq lazımdır ki, bundan əvvəl İvanişvili ABŞ nümayəndəsi ilə görüşməmişdi.”
Avrointeqrasiya prosesinin dayandırılması fonunda Gürcüstan digər ölkələrlə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı gücləndirməyə çalışır.
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze parlament seçkilərindən sonra iki dəfə rəsmi səfərlə Əmirliklərə gedib.
Bokeriyanın sözlərinə görə, Əmirliklərin iqtisadi əhəmiyyəti nə qədər böyük olsa da, “bizim təhlükəsizliyimiz, azadlığımız, ümumi iqtisadi rifahımız və gələcəyimiz üçün həyati əhəmiyyət daşıyan azad dünya ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadır. Onlar isə hazırda Gürcüstana qarşı sanksiyalar tətbiq ediblər.”
Müxalifətin fikrincə, İvanişvili BƏƏ vasitəsilə Qərb sanksiyalarından yan keçmək üçün alternativ yollar da axtarır:
“İvanişvilini çox yaxın zamanda yeni sanksiyalar gözləyir. Təbii ki, aktivləri Qərbdə dondurulmuş bir insan bu pulları Gürcüstana gətirmək üçün bütün yolları axtaracaq”, – deyə müxalif siyasətçi Xatiya Dekanoidze bildirib.
İvanişvilinin görünməsi daxili siyasi siqnal kimi
Bəzi analitiklərin fikrincə, İvanişvilinin meydana çıxmasının ikinci bir səbəbi də var. Bu, daxili siyasi siqnaldır:
“Beləliklə oliqarx komandasının çətin vəziyyətə düşdüyü bir vaxtda öz tərəfdarlarını sanki ruhlandırır”, — deyə “Vahid Milli Hərəkat” üzvü İrakli Pavlenişvili hesab edir.
Baçiaşvili işi
Başqa bir versiyaya görə, görüş Giorgi Baçiaşvili işi ilə bağlıdır.
Bidzina İvanişvilinin keçmiş maliyyə müşaviri və Həminvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili 2025-ci il mayın 27-də Gürcüstan-Ermənistan sərhədində müəmmalı şəraitdə həbs olunub.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti iddia edib ki, 42 milyon dollara qədər vəsaiti mənimsəməkdə ittiham olunan və İnterpolun qırmızı bülleteni ilə axtarılan Baçiaşvili sərhədə özü gəlib və orada DTX tərəfindən saxlanılıb. Əslində isə Baçiaşvili Əmirliklərdən xüsusi əməliyyatla Gürcüstana gətirilib.
Baçiaşvilinin beynəlxalq vəkilləri hesab edirlər ki, ona qarşı açılan iş Bidzina İvanişvilinin şəxsi qisasıdır və Baçiaşvilinin Gürcüstana məcburi qaytarılması beynəlxalq normaların pozulmasıdır.
Mediada yayılan məlumatlara görə, Tbilisi ilə Əbu-Dabi arasında qeyri-rəsmi razılaşma olub. Əmirliklər Gürcüstanın Həminvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvilinin həbsinə razılıq verib, əvəzində gürcü tərəfi BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi vəzifəsinə şeyx Nasir əl-Navasinin namizədliyini dəstəkləyəcəyini deyib. Hazırda bu quruma Zurab Pololikaşvili rəhbərlik edir.
Müxaliflər istisna etmirlər ki, İvanişvilinin Əmirliklər lideri ilə görüşü bu əməkdaşlığın davam etdirilməsi cəhdi ola bilər.
İvanişvili BƏƏ prezidenti ilə görüşüb