Belarusda jurnalistlər dövlət kanallarını tərk edir, güc strukturları əməkdaşları formalarını yandırır. Video
Belarusda etirazların dördüncü günü dəyənək, rezin güllə və gözyaşardıcı qaz tətbiq etməklə küçələrdən insanların dağıdılmasından başqa bir neçə kütləvi hadisə ilə müşayiət olunub.
Minskdə və Belarusun bir çox digər şəhərlərində minlərlə insan saxtalaşdırmaya yol verildiyi üçün prezident seçkilərinin nəticələrinin ləğvini tələb edir və təkrar prezident seçilən Aleksandr Lukaşenkoya xitabən “Get!” şüarını səsləndirirlər.
◾ Ümummilli tətilə qoşulan sənaye müəssisələrinin sayı artır. Onların arasında Minsk traktor zavodu və “Belşina” kimi böyük müəssisələr də var.
◾ Etirazçıların amansızca dağıdılmasına etiraz əlaməti olaraq artıq beş aparıcı Belarusun dövlət telekanalını tərk edib.
◾ Xüsusui təyinatlılar və DİN əməkdaşları fleşmob təşkil edib və güc strukturları əməkdaşlarının etirazçılara qarşı münasibətindən narazılıq əlaməti olaraq ictimai şəkildə formalarını atmağa başlayıblar.
◾ İnsanlar etiraz əlaməti olaraq və ötən gün saxlanılanlarla həmrəylik nümayiş etdirmək üçün zəncirvari düzülüblər. Ağ rəngdə geyinmiş çoxlu qadın var. Bu, seçkilərdə Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskayanın seçki kampaniyasının rəngidir.
Etiraz iştirakçıları onu seçkinin qalibi hesab edir. Hazırda Tixanovskaya Litvadadır, çünki öz təhlükəsizliyindən narahatdır.
• “Lider yoxdur, heç lazım da deyil” – Belarusda iğtişaşlar
• Svetlana Tixanovskaya – Belarusda ən qeyri-adi prezidentliyə namizəd
◾ Beş min nəfər civarında insan saxlanılıb. Yaralılar, tibbi yardım üçün müraciət edənlər 500 nəfərə yaxındır. İki nəfər həlak olub: bir nəfər rezin güllə ilə vurulduğu üçün, digərinin isə saxlanılarkən halı pisləşib.
◾ Həbsxanalardan buraxılan insanlar çox sayda zorakılıq, işgəncə və alçaldılma halları haqda bildirirlər. “Euroradio” onlarla saxlanılan şəxsin doldurulduğu milis maşınında xüsusi təyinatlıların özlərini necə apardıqlarını əks etdirən iki saatlıq səs yazısının qısaldılmış versiyasını yayıb.
Saxlanılanlardan biri telefonunu gizlədə bilib və başına gələn hər şeyi qeyd edib. Alçaltma, söyüş, zərbələr, təhdid – milis əməkdaşları hakimiyyətlərindən həzz alırlar, saxlanılanları isə insan yerinə qoymurlar.
◾ Avropa İttifaqının bir neçə ölkəsinin rəhbərləri Lukaşenko rejiminə qarşı sanksiyaların müzakirəsi üçün təcili sammit keçirilməsi təşəbbüsünü irəli sürüblər. ABŞ Dövlət Departamenti də sanksiyaların və neft nəqlinin dayandırılmasının mümkünlüyü haqda bəyan edib.
◾ Lukaşenko güc nazirləri ilə toplantıda etirazçıları “kriminal keçmişi olan işsizlər” adlandırıb.
![](https://jam-news.net/app/uploads/2020/08/RTX7P6VQ-1024x690.jpg)