Rusiyanın təbliğat desantı Belarusu zəbt edib
“Euroradio”nun materialı əsasında
Belarusda etirazlar başlayandan yerli dövlət təbliğatı ciddi şəkildə dəyişib. Ənənəvi yöndəmsiz “antifeyklər”, milli bayraq altında olan faşistlər və NATO aqressiyası haqqında ikrah oyadan ekspert şərhlərinin yerini manipulyasiya edən video-çarxlar tutub. Ölkə daxili vəziyyəti təsvir edən xəbərlərin tonu dəyişib.
Proses geniş vüsət alıb. Və məsələ təkcə dövlət mediasının işdən çıxan və tətil edən əməkdalarını əvəz edən rusiyalılarda deyil. Belaris nəhəng təbliğat şəbəkəsinə qoşulub.
• Belarusda hakimiyyət və müxalifətin qalib gəlmək üçün hansı imkanları var? Təhlil
• Belarusun küçələrində daha çox insan, daha az zorakılıq. Lukaşenkodan sonra nələr olacaq – rəylər
• Feyklərlə necə mübarizə aparmalı və fact checking nəyə lazımdır
Rusiya gəldi və qayda-qanun yaratdı
Müxalifət və beynəlxalq ictimaiyyətin tanımadığı prezident seçkilərindən sonra Belarusun informasiya suverenliyinin qısa müddətdə sonu gəldi. Belarusun dövlət medialarının gündəmi tamamilə Kremlyönlü media məkanı və narrativlərlə doldu. Əgər seçkilərdən əvvəl Belarusun iqtidaryönlü mediası Rusiyanın mümkün iğtişaşlarla bağlılığına eyham vurur, Rusiyanın “Vaqner” hərbi qruplaşmasının saxlanılan döyüşçüləri barədə məlumat verirdisə, indi TV-lər bildirir ki, etirazlar Qərb tərəfindən “rəngli inqilabların” dərslikləri üzrə təşkil olunub.
Guya bu, heç etiraz da deyil, Polşa, Litva, ABŞ və Çexiya tərəfindən idarə olunan destabilizasiyadır. “Dinc aksiyalar” heç də dinc deyil. Mitinqə çıxan adamlar isə azdır və onlar pulla çıxan marğınallardır. Etirazçılar məmurları və güc qurumları əməkdaşlarını, həm də onların qohumlarını təhdid edir.
NATO qərb sərhədində təhlükəli manevrlər edir, qoşunlarını artırır və o cümlədən qırıcı təyyarələrin istifadəsi ilə hərbi təxribat törədə bilər. Polşa hərisliklə Belarusa baxır və Qrodna vilayətini özünə götürə bilər.
Qərb aqressiv şəkildə Belarusun daxili işlərinə qarışır, Belarusla Rusiya arasında münasibətləri korlamağa və kütlələri Rusiyaya qarşı qoymağa çalışır. Amma Belarusun müstəqilliyi yalnız Rusiya ilə dərin müttəfiqlikdə mümkündür. O, Belarusu Qərbin aqressiv təsirindən müdafiə edəcək.
İnformasiya desantı
Belarus dövlət televiziyasının bir çox əməkdaşları hakimiyyət tərəfindən zorakılıq və senzuraya qarşı etiraz əlaməti olaraq tətil elan edəndən sonra onların əvəzinə Rusiya televiziyasından jurnalistləri Belarusa şəxsən Aleksandr Lukaşenko çağırdı: “Mən rusiyalılardan xahiş etdim: hər ehtimala qarşı bizə iki-üç jurnalist qrupu verin Bu, ən qabaqcıl televiziyadan 6 və ya 9 adamdır”.
«Ən qabaqcıl» da Russia Today kanalı oldu. Rəhbəri Marqariya Simonyandır.
Bundan sonra Minskdə küçə aksiyalarında RT telekanalının səyyar stansiyası görünməyə başladı, bu telekanalın müxbiri Konstantin Pridıbaylo isə böyük imtiyazlar aldı. Yəni gah Lukaşenkoya suallar verir, gah da DİN rəhbəri Karayevlə bir maşında gedirdi.
Düzdür, ilk vaxtlar təbliğat üzrə xarici mütəxəssislər kiçik xətalara yol verirdi. Məsələn, ölkəni Belarus əvəzinə Belorusiya adlandırırdılar.
İndi təkcə TV deyil, dövlət KİV-lərinin rəsmi Telegram kanalları da RT-dən yeni kontentlə təchiz olunur, burada “danışan başlar” məlumat verir ki, “etirazlar səngiyib” və ora “hakimiyyətdən bezən məktəblilər, səs-küylü klounlar və işsiz-gücsüz avaralar” gedir. Küçələrdən də OMON tərəfindən etirazçıların “mülayimcə saxlanılması” haqda süjetlər verilir.
Telekanalların efirində belarus ekspertlərin yerini də rusiyalı ekspertlər tutub.
Rusiya telekanalı əməkdaşlarına Belarus hakimiyyəti və güc qurumları tərəfindən kart-blanş verilib. Misal üçün, avqustun 27-də Azadlıq Meydanında jurnalistlərin kütləvi həbsləri zamanı RT əməkdaşlarına toxunan olmadı. Onların akkreditasiya kartlarını milis elə yerindəcə yoxlamaqla kifayətləndi.
Bundan sonra Rusiya kanalının əməkdaşları rahatlıqla Azadlıq Meydanında 200 mitinq iştirakçısı barədə danışdılar. Və onlar üçün rahat olan və çətin təkzib olunan mənzərə yaratdılar – axı orada başqa jurnalist qalmamışdı.
RT kameraları qarşısında Belarus OMON-u zorakı həbslərdən qaçır və sakitcə saxlanılanları polis maşınına yola salmaqla kifayətlənir. Bundan sonra da etirazçıların “zor tətbiq edilmədən” dağıdılması barədə süjetlər verilir.
Bu cür feyklər Belarusda RT üçün tipik üslubdur.
Etiraz fəallığının zəiflədilməsi
Üçüncü həftədir ki, Belarusun hər yerində Lukaşenkonu dəstək mitinqləri keçirilir – “Sevgilimizi vermərik” və “Batka uğrunda!” şüarları ilə. Lukaşenkonu bu yaya qədər ancaq Rusiyada Batka deyə çağırıblar. Mitinqləri isə internetdə “lutinq” adlandırırlar, Vladimir Putinə dəstək olaraq keçirilən mitinqlərə – “putinqlərə” analoji olaraq.
Əslində bu mitinqlərin adı artıq “Rusiya izindən” xəbər verir. Belaruslar hardasa iyirmi ildir ki, artıq Lukaşenkonu “Batka” adlandırmır. Başqa ölkələrdə isə – ilk növbədə də Rusiyada – onu bu cür adlandırmaqda davam edirlər.
Təbliğat süjetlərinin əsas ideyası indi Lukaşenkonun seçkilərdə qələbəsini bəyan etmək deyil, belalusları etirazın söndüyünə, gücdən düşdüyünə və boğulduğuna inandırmaqdır. Bu cür narrativin məqsədi sadədir – insanları demotivasiya etmək. Müqaviməti dayandırmaq, Lukaşenkoya qarşı çıxanları bir-birindən ayırmaq, həmrəyliyi unutdurmaq üçün.
Bu cür təbliğatın məqsədi ondan ibarətdir ki, insanlar müqaviməti dayandırsın, dalaşsın və özündən şübhələnsin. Və inansınlar ki, heç nəyi dəyişmək mümkün deyil, cəhd etməyə belə dəyməz.