Bayır Şəhər: tarixi məhəllələrin söküntüsü və "Memarlıq İli" paradoksu
Bayırşəhərdə söküntü
Bakının “Bayır Şəhər” adlanan tarixi məhəlləsində son bir ildir aparılan genişmiqyaslı söküntü işləri ictimai diqqət mərkəzindədir. Şəhərin mərkəzində, xüsusilə Təzəpir məscidi ətrafındakı bu qədim məhəllələrin dağıdılması sakinlərin ciddi narazılığına səbəb olub.
Bayır Şəhərdəki söküntüləri tənqid edən tanınmış repçi Elşad Xose də “polisə müqavimət” ittihamı ilə 15 sutka həbs edilib.
Eyni zamanda, hökumət 2026-cı ili Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edib. Rəsmi strateji məqsəd şəhərsalma sahəsində milli ənənələri və müasir planlaşdırmanı vurğulamaqdır. Memarlar Prezident İlham Əliyev belə bir ili elan edərkən “Bakı öz tarixi simasını qorumalıdır” deyə xüsusi vurğuladığını da xatırladırlar.
Paradoks ondadır ki, rəsmi səviyyədə tarixi-memarlıq dəyərlərinin qorunması ön plana çəkildiyi bir vaxtda Bayır Şəhərdə məhz həmin tarixi dəyərlər sökülmək təhlükəsi qarşısındadır.
Söküntünün gedişi və sakin etirazları

Bayır Şəhərdə söküntü prosesinin intensivləşməsi ilə sakinlər və şəhər fəalları etiraz kampaniyasına başlayıblar. Yerli memarlar ötən ilin iyununda onlayn petisiya ilə çıxış edərək tarixi məhəllələrin dağıdılmasına son qoyulmasını tələb ediblər.
“Change.org” platformasında başladılan petisiyanı qısa müddətdə yüzlərlə insan imzalayıb. Petisiyada konkret olaraq aşağıdakı tələblər irəli sürülüb:
- Söküntülərin dərhal dayandırılması,
- Tarixi məhəllələrin qorunaraq bərpa edilməsi,
- Ərazinin piyada mədəniyyət mərkəzinə çevrilməsi (şəhər sakinləri üçün açıq ictimai məkan olaraq),
- Sakinlərin zorla köçürülməsinin dayandırılması.
Petisiyanın mətnində Bayır Şəhər “Bakının qədim və özünəməxsus məhəllələrindən biri” kimi təsvir olunub, xüsusilə Təzəpir məscidi ətrafındakı küçələrin “ciddi sökülmə təhlükəsi altında” olduğu vurğulanır.
İmza atan şəhər sakinləri və mütəxəssislər qeyd edirlər ki, bu məhəllələr sadəcə bir neçə köhnə ev deyil, “Bakının yaddaşı, koloritidir”, yəni paytaxtın tarixi yaddaşı və koloriti məhz bu küçələrdə yaşayır. Onların fikrincə, Bayır Şəhərin qorunması həm şəhərin mədəni irsi və turizm potensialı, həm də gələcək nəsillərə ötürüləcək dəyərlər baxımından vacibdir.
Söküntü işlərinə qarşı etirazlar təkcə petisiya ilə məhdudlaşmır. Sosial mediada da geniş kampaniya aparılır. Sakinlər və şəhər fəalları “Facebook” və “Instagram”da Bayır Şəhərdə gecələr belə davam edən söküntünün videolarını paylaşır, tarixi evlərin dağıdılmasına diqqət çəkməyə çalışırlar.
Yerli memarlar aylardır rəsmi qurumlara müraciətlər ünvanlayır, Bayır Şəhərin taleyi ilə bağlı xəbərdarlıqlar edirlər. Sakinlərin bir qismi bu ərazidə gedən söküntünü açıq şəkildə “Bakının tarixinin silinməsi” adlandırır və bu fikri sosial şəbəkələrdə geniş paylaşırlar.
Kompensasiya problemi və tarixi irs təhlükəsi
Söküntü ilə üzləşən sakinlərə təklif olunan kompensasiya mexanizmləri də narazılıq doğurur. Rəsmi məlumata görə, sakinlərə köçmək üçün hər kvadrat metrə 2200-2700 manat aralığında ödəniş təklif edilib. Lakin sakinlər bu məbləği qənaətbəxş hesab etmirlər, çünki verilən kompensasiya ilə şəhərin mərkəzində, öz yaşadıqları yerin yaxınlığında bənzər mənzil almaq demək olar ki, mümkün deyil.
Bir çox ailə illərlə yaşadıqları, hətta nəsildən-nəslə miras qalan evlərini ucuz qiymətə tərk etmək istəmir. Buna görə də bəzi ev sahibləri təklif olunan kompensasiyanı rədd edərək evlərini satmaqdan imtina ediblər.
Digər tərəfdən, Bayır Şəhərin tarixi toxuması ciddi risk altındadır. Bu məhəllə 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid çoxsaylı yaşayış binaları, memarlıq abidələri ilə zəngindir. Hətta şəhərin Baş Planına (Bakı 2040 Baş Planı) əsasən, Bayır Şəhər və Təzəpir ətrafı “Xüsusi Mühafizə Zonası” statusuna malikdir.
Normalda bu status o deməkdir ki, bölgədə geniş söküntü işləri aparıla bilməz, yalnız mühafizə və bərpa tədbirləri görülməlidir. Lakin reallıqda bu prinsipə əməl olunmadığını görünür.
Memarların vurğulayır ki, Bayır Şəhərdə 120-130 illik tarixi binaların bir qismi 2015-2016-cı illərdə qəfildən dövlət reyestrindən çıxarılıb. Nəticədə rəsmi olaraq “qorunan abidə” sayılmayan bu tikililər hazırda maneə olmadan sökülə bilər.
Artıq bir neçə belə hal yaşanıb. Məsələn, ötən ilin 25 mayında Lev Tolstoy küçəsi 89 ünvanında yerləşən, 1887-ci ildə inşa edilmiş tarixi binanın bir hissəsi sökülüb.
Bu bina əvvəllər dövlət tərəfindən qorunan tarixi abidə kimi reyestrdə yer alsa da, sonradan siyahıdan çıxarıldığı üçün onun dağıdılması memarlar və sakinlər tərəfindən “qanunsuzluq” olaraq adlandırılır.
Rəsmi qurumlar isə təkzibedici açıqlamalar verir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bəyan edib ki, söküntü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyatda olan tikililərə toxunulmayacaq.
Lakin memarlar sual edirlər: əgər bir vaxtlar reyestrdə olub sonradan çıxarılan tikililər varsa, onlara nə olacaq?
Rəsmi mövqe: “Abadlaşdırma” və Memarlıq İli strategiyası
Hökumət nümayəndələri və rəsmi media Bayır Şəhərdə baş verənləri fərqli tonda təqdim etməyə çalışır. Yerli icra hakimiyyəti iddia edir ki, ərazidə söküntü deyil, “abadlaşdırma işləri” aparılır.
Yasamal Rayon İcra Hakimiyyətinin Prezident Administrasiyasına göndərdiyi rəsmi cavab məktubunda açıq şəkildə bildirilir ki, Bayır Şəhərdə həyata keçirilən işlər “qanunvericiliyin tələbinə uyğun sağlam yaşayış, iş və istirahət şəraiti yaratmaq, insanların təhlükəsizliyini təmin etmək və mövcud şəraiti yaxşılaşdırmaq məqsədi daşıyan abadlaşdırma tədbirləridir”.
Bu ifadələr rəsmi dildən tərcümədə məhəllənin infrastrukturunun yenilənməsi, fasadların təmiri, yaşam mühitinin yaxşılaşdırılması anlamına gəlir. Yəni iddia edirlər ki, köhnə evlərin sökülməsi şəhərsalma planına zidd deyil, əksinə, şəhərin modernləşməsi üçün zəruri “abadlıq” işidir.
Lakin ictimaiyyət bu açıqlamalardan məmnun qalmayıb. Rəsmi məktubun Prezident Administrasiyası əvəzinə rayon icra hakimiyyətindən gəlməsi belə memarlar tərəfindən “məyusedici hal” kimi qiymətləndirilib.
Memarlar bildirib ki, əgər məqsəd yerli əhalinin yaşayış şəraitini yaxşılaşdırmaqdırsa, niyə həmin yerli sakinlər, hətta dövlət tərəfindən qorunan tarixi abidələrdə yaşayan insanlar belə öz evlərindən məcburi çıxarılır?
Bu sual hökumət tərəfindən cavabsız buraxılıb.
Bayır Şəhərdə gedən işlərin Bakı şəhərinin təsdiqlənmiş Baş Planına zidd olduğu iddiasına da rəsmi reaksiya verilməyib. Yəni rəsmi strategiyada kağız üzərində tarixi irsin qorunması nəzərdə tutulsa da, praktiki addımlar bunun əksini göstərir.
Rəsmi mediada da mövzuya xüsusi yanaşma hiss olunur. Hökumətyönlü televiziya və xəbər saytları Bayır Şəhərdə söküntü getdiyini təsdiqləsələr də, vurğunu sakinlərin kompensasiya narazılığı üzərinə edirlər.
“Xəzər TV”-nin süjetində bildirilir ki, söküntü işləri məhz sakinlərin kompensasiya şərtlərindən narazı olması səbəbindən ləngiyir. Beləliklə, məsuliyyət qismən narazı sakinlərin “özbaşınalığı” kimi təqdim olunur.
Bəzi ekspert qismində danışan şəxslər isə bu məhəllələrin sökülməsini qaçılmaz hal kimi dəyərləndirir, məsələyə tarixi irsin qorunması yox, daha çox daşınmaz əmlak bazarı prizmasından yanaşırlar.
Sosial şəbəkələrdə etirazlar
Bayır Şəhərin taleyi sosial şəbəkələrdə geniş müzakirə olunur. Müstəqil memarlar və şəhər planlaşdırma mütəxəssisləri “Facebook”da, media platformalarında fəal mövqe sərgiləyirlər.
Məsələn, memar Dilqəm İsmayılov mediada yayılan xəbərləri tənqid edərək bildirir ki, bəzi saytlar “Təzəpir məhəlləsi ətrafında söküntü işlərinin başlanması” xəbərini adi hal kimi təqdim etməyə çalışır. Onun sözlərinə görə, tarixi küçələrin sökülməsini adiləşdirməyə çalışan bu cür yazılar əsl mütəxəssislərin fikirlərinə yox, “əmlak eksperti” adı altında çıxış edən bəzi maklerlərin qeyri-peşəkar rəylərinə əsaslanır.
Beləliklə, ictimai rəydə söküntüyə haqq qazandırmaq üçün informasiya manipulyasiyası aparılır – memarlıq irsinin məhvi ikinci dərəcəli məsələ kimi qələmə verilir.
Şəbəkələrdə paylaşılan foto və videolarda isə Bayır Şəhərin bu günkü vəziyyəti – yarı-sökülmüş evlər, uçurumaya hazır küçələr, köç edən ailələr açıq-aşkar görünür. Bu paylaşımlar altında yüzlərlə şərh yazılır, vətəndaşlar tarixi bir məhəllənin bu şəkildə silinməsinə etiraz etdiklərini bildirirlər.
Bayır Şəhərdəki söküntüləri tənqid edən tanınmış repçi Elşad Xose də sosial şəbəkələrdə səs-küyə səbəb olub. Onun “Instagram”da paylaşdığı tənqidi hekayə geniş yayıldıqdan az sonra repçi inzibati qaydada 15 sutka həbs olunub. Rəsmi ittihamda küçədə nalayiq ifadələr işlətmək və polisin tələbinə tabe olmamaq göstərilib.
Bayırşəhərdə söküntü